Çin Mərkəzi Televiziyasının yaradıcı heyəti ADU-da olub
Çin Mərkəzi Televiziyasının CCTV-4 telekanalının
yaradıcı heyəti Azərbaycan Dillər
Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olub.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq
Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyətindən söhbət açıb, İpək Yolu İqtisadi
Qurşağının infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında
Azərbaycanın geostrateji roluna həsr olunan seminarların keçirilməsinin əhəmiyyətini
qeyd edib. O, Azərbaycanın çoxəsrlik tarixi, unikal təbiəti və qədim mədəniyyəti
haqqında danışaraq Böyük İpək Yolunun inkişafında ölkəmizin tranzit mövqeyini
xüsusi qeyd edib. Professor vurğulayıb ki, son illər Çin ilə ADU arasında tələbə
və müəllim mübadiləsi genişləndirilib, universitetin Çinşünaslıq ixtisasının 10
tələbəsi Çinin Şenyan Pedaqoji Universitetini uğurla bitirib. O, qonaqları
Konfutsi İnstitutunda Ümummilli lider Heydər Əliyev siyasi irsinin öyrənilməsi
və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəli əməkdaşlıq və
dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyəti üzrə
informasiya bazası ilə tanış edib.
Nümayəndə heyəti universitetin Çinşünaslıq
ixtisasında təhsil alan tələbələri və Konfutsi İnstitutunun təşkilatçılığı ilə
fəaliyyət göstərən Azərbaycan-Çin linqvokulturoloji düşərgəsinin iştirakçıları
ilə görüşüblər.
Sonda ADU-nun tələbələri rəngarəng bədii
proqramlarla çıxış ediblər. Onlar Çin dilində şeirlər söyləyib,
Çin mahnıları və rəqsləri ifa ediblər.