• cümə, 26 Aprel, 17:47
  • Baku Bakı 23°C

“Çin dili dərs vəsaiti” ilk dəfə Azərbaycan dilində

11.11.14 13:57 1387
“Çin dili dərs vəsaiti” ilk dəfə Azərbaycan dilində
Noyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq nəşr olunan "Çin dili dərs vəsaiti"nin təqdimatı keçirildi. Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak etdi.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək Azərbaycan və Çin Xalq Respublikası arasında uğurlu əməkdaşlıqdan söz açdı. Azərbaycan Dillər Universitetində Çin dili və mədəniyyəti mərkəzinin yaranması və fəaliyyətindən danışan rektor mərkəzin bu əməkdaşlığın inkişafında xüsusi rol oynadığını bildirdi. Rektor Səməd Seyidov yarandığı gündən Çin dili və mədəniyyətinin təbliği istiqamətində mərkəzin direktoru Rafiq Abbasovun rəhbərliyi ilə mərkəzdə xüsusi fəallıqla tədbirlər, ÇXR-in tarixində qeyd olunan mühüm bayramlar keçirildiyini vurğuladı. ADU-da 22-ə yaxın dilin tədris olunduğunu deyən rektor Səməd Seyidov Çinin dünya iqtisadiyyatı və siyasətində xüsusi çəkiyə malik ölkə olduğunu söyləyərək müasir dövrdə Çin dilinin əhəmiyyətindən danışdı.
S.Seyidov dedi ki, Azərbaycan Dillər Universitetində gələcəkdə Konfutsi İnstitutunun açılması, Çin dili və mədəniyyəti mərkəzinin genişləndirilməsi, ÇXR-in ali təhsil ocaqları ilə əlaqələrin inkişafı nəticəsində tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub. Rektor Səməd Seyidov ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin və Çin dili və mədəniyyəti mərkəzinin təşəbbüsü ilə hazırlanan “Çin dili dərs vəsaiti” haqqında fikirlərini söyləyərək bu kitabın işıq üzü görməsində əməyi keçən hər kəsi təbrik etdi.
ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin dərs vəsaitinin Azərbaycan dilində nəşr olunmasının yalnız ADU üçün deyil, eyni zamanda iki ölkə arasındakı əlaqələrə töhfə olduğunu bildirdi.
Tədbirdə, o cümlədən çıxış edən Çin dili və mədəniyyət mərkəzinin direktoru, dosent Rafiq Abbasov ADU-da Çin dili tədrisinin tarixindən danışaraq "Çin dili dərs vəsaiti"nin nəşrinin təməlinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan iki ölkə arasında əməkdaşlığın inkişafı, Azərbaycan və Çin xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi və Çin dili və mədəniyyəti mərkəzinin bilavasitə təşəbbüsü ilə hazırlanan “Çin dili dərs vəsaiti” Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan birinci kurs tələbələrinin ilkin hazırlığı üçün nəzərdə tutulub. 20 dərsdən ibarət olan bu dərs vəsaitində tələbələr üçün Çin dilinin qrammatika və fonetikasının, xüsusilə də ritm və düzgün tələffüzün əsaslarının ardıcıllığı gözlənilməklə izah olunur. Dərs vəsaitində əsas diqqət heroqliflərin qaydasınca yazılışına yönləndirilir. Kitab, həmçinin müasir Çin leksikonuna əsaslanan ünsiyyət üçün vacib olan müxtəlif məzmunlu dialoqlardan ibarətdir. Kitabın müəllifləri ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov, Xarici dillər kafedrasının Çin dili müəllimi, ÇXR-in Hanban Baş Təhsil İdarəsinin könüllü müəllimi Aygül İmamuaci və həmin kafedranın Çin dili müəllimi Könül Abbasovadır. Kitaba ön sözü Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yazıb.
banner

Oxşar Xəbərlər