• cümə axşamı, 28 mart, 23:10
  • Baku Bakı 13°C

Çin Cənubi Qafqazda möhkəmlənir

24.07.15 14:07 1459
Çin Cənubi Qafqazda möhkəmlənir
“Le Huffington Post” Pekinin regionda nüfuzunun artmasını effektiv diplomatiyanın nəticəsi kimi dəyərləndirir
Fransanın nüfuzlu “Le Huffington Post” qəzetində yazar Didye Şodenin “Çin Cənubi Qafqazda və yaxud XXI əsrin effektiv diplomatiyası” başlıqlı məqaləsi dərc olunub. Yazar Cənubi Qafqaz ölkələri ilə Çin arasında olan münasibətləri təhlil edib.
Məqalədə bildirilir ki, bir neçə il bundan əvvəl Qafqaz regionu Çin üçün o qədər önəmli deyildi: “Lakin vəziyyət dəyişib. Bu region hazırda Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Avrasiya regionunda milli maraqlarının rasional müdafiəsinə görə Çin Şimali Qafqazda pozitiv siyasət yürüdür. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, bu ölkə Cənubi Qafqazda da hamı üçün sərfəli olan siyasət yeridə bilər. Bu, həqiqətən də belədir. Cənubi Qafqaz regionunda Çin hamı ilə əlaqələr qurmaqda maraqlı olduğunu göstərib. Pekin Cənubi Qafqaz ölkələrinin hər üçü ilə geosiyasi tələlərə düşməyərək yaxşı münasibətlər qurmağa çalışır. Həmçinin Çinin bu regiondakı nüfuzu digər böyük ölkələrin maraqlarına toxunmur”.
Yazar Çinin son dövrlərdə Azərbaycan ilə sıx əlaqələr qurduğunu qeyd edir: “Çin Azərbaycan ilə asanlıqla yaxşı əlaqələr yaratmayıb. Çünki Bakı erməni silahlı qüvvələrinin işğal altındakı rayonlardan çıxarılması haqqındakı qətnamənin 2008-ci ildə BMT-də Çin tərəfindən dəstəklənməməsini hələ də unutmayıb. Lakin Çin, bununla belə, regionda hər hansı bir “düşərgə”də yer almayacağını göstərdi və Azərbaycandan keçəcək dəmiryol xəttinin çəkilişini dəstəklədi. Belə ki, Gürcüstan və Ermənistandan keçəcək ikinci dəmiryol xəttinin Ankara ilə Yerevan arasındakı gərginliyə görə reallaşdırılması sual altındadır. Birinci layihə vasitəsi ilə il ərzində 20 milyon ton yük daşınması nəzərdə tutulub. Həmçinin iqtisadi maraqlar kiçik diplomatik narazılıqların unudulmasına da kömək edir. 2013-cü ilin əvvəllərində Çin bu ölkəyə bir milyard dollar dəyərində investisiya qoyub. O cümlədən Çin Qərb ölkələrindən fərqli olaraq, region dövlətlərinin daxili işlərinə qarışmır. Azərbaycan və region dövlətlərində bu, ABŞ və Avropanın özündənrazılığının fonunda hörmət əlaməti kimi qəbul olunur. Əlbəttə ki, Çin Azərbaycanda neft sektoruna investisiyalar qoyub ki, bu da hər iki dövlət üçün uzunmüddətli əlaqələrin qurulmasına böyük kömək göstərib”.
D.Şoden Gürcüstan ilə Çinin münasibətləri haqqında yazarkən vurğulayıb ki, Pekin Azərbaycan və Türkiyədən sonra Gürcüstana investisiya qoyan üçüncü ölkədir: “Çin Avropaya meyilli olmasına baxmayaraq, Gürcüstan ilə də güclü ikitərəfli əlaqələr qurmağa müvəffəq olub. Son dörd ildə Çinin bu ölkəyə qoyduğu sərmayənin həcmi artıb. Gürcülər də geosiyasi maraqlarına görə Çin ilə daha yaxşı münasibətlərin qurulmasında və inkişafında maraqlıdırlar. Belə ki, Gürcüstan Rusiya ilə mübarizədə ABŞ və Avropa ölkələrindən istədiyi dəstəyi ala bilmədi. Qərb dövlətləri həvəslə Rusiyanı tənqid edirdilər. Lakin Gürcüstanı müdafiə etmək üçün heç barmaqlarını belə tərpətmədilər. Hazırkı durumda onlar Çinə uzunmüddətli perspektivdə uğurlu müttəfiq kimi baxırlar. Həmçinin Tbilisi kimi, Pekin də separatizmə qarşı mübarizə aparır və digər dövlətlərin onun daxili işlərinə qarışmasına imkan vermir. Heç kimə sirr deyil ki, Rusiyanın 2008-ci ildə başladığı müharibə və bunun nəticəsində Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılması Çinin ürəyincə olmadı. Pekinin sülhpərvər və konstruktiv xarici siyasəti ona Bakıda, Tbilisidə və Yerevanda yeni dostlar qazandırmağa imkan verəcək”.
Yazar sonda vurğulayır ki, regionda nüfuzunun artmasına baxmayaraq, bölgədə lider olan dövlətlərin (İran, Türkiyə, Rusiya) qıcıqlanmaması Çin diplomatiyasının gücünün göstəricisidir: “Həmçinin Çin bölgədə digər böyük dövlətlərdən fərqli olaraq, regional layihələr həyata keçirməyə çalışır. Avropa və Kanada diplomatiyası uzun müddətdir ki, “soyuq müharibə” dövrünün siyasətini yürüdür. Yəni bölgə dövlətləri Rusiya və ABŞ arasında seçim etməyə məcbur edilir. Çin isə başqa cür hərəkət etməyin mümkün olduğunu nümayiş etdirir. Böyük məbləğdə investisiyaların qoyuluşu əlaqələrin qurulmasında böyük rol oynayır, lakin diplomatiyada hər şey pul deyil. Bu zaman ölkələrə maddi kömək etməyi, stereotiplərdən qaçmağı və yerli geosiyasi tələlərə düşməməyi bacarmaq lazımdır. Çinin regionda uğuru ilk növbədə onun tutduğu mövqe ilə əlaqədardır. Lakin biz ümid edirik ki, Parisdə, Berlində və Ottavada Xarici İşlər Nazirliyində çalışan şəxslər bu haqda qeydlər edəcək”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər