• cümə, 19 Aprel, 12:08
  • Baku Bakı 25°C

Çin Böyük İpək yolu layihəsini canlandırır

05.03.14 08:41 6033
Çin Böyük İpək yolu layihəsini canlandırır
Dünya dövlətlərinin başı Ukraynaya qarışdığı zaman Çin öz mövqelərini gücləndirməkdə davam edir. Fövqəldövlət olmaq uğrunda səylərini gücləndirən Çin bütün istiqamətlər üzrə yeni-yeni layihələr həyata keçirməkdədir. Regionda güc sahibinə çevrildiyi heç kimdə şübhə doğurmayan Çin artıq özünün iri layihələrini həyata keçirməyə başlayıb. Bu layihələrdən biri və ən önəmliləri sırasında şübhəsiz ki, Böyük İpək yoludur.
Bəlli olduğu kimi, Böyük İpək yolu tarixə qədim və orta əsrlərdə Çindən Orta və Mərkəzi Asiya ölkələrinə aparan karvan yolu kimi düşüb. Tarixi ticarət marşrutları Azərbaycan və digər ölkələrdən də keçib. Böyük İpək yolunun əsasını Avropa İttifaqının Yeni Müstəqil Dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TASIS proqramı çərçivəsində TRASEKA layihəsi təşkil edir. Bu layihəni 1993-cü ilin mayında Brüssel konfransında Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqil dövlətlərinin razılığı ilə Avropa Şurası qəbul edib. İndi isə Çin estafeti Avropadan almaq istiqamətində aktiv fəaliyyətə keçib. Rəsmi Pekin super layihə kimi ad çıxaran İpək yolu ilə bağlı Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda Çin dilinin öyrənilməsi mərkəzlərinin açılması barədə qərar qəbul edib. Keçmiş sovet respublikaları üçün mütəxəssislərin hazırlanması bazası rolunu Sintszyan-Uyğur Muxtar Respublikası müəyyən edilib. Çinlilər burada “müxtəlif vilayətlərdə istedadlı insanlardan ibarət strateji ehtiyat mərkəzi” yaradırlar. Bu mərkəz üç milyardlıq bir regionun bazarlarını özündə birləşdirmiş olacaq. Bir növ İpək yolunun iqtisadi qurşağı rolunu oynayacaq.
Məlumat üçün bildirək ki, Çin Xalq Respublikasının sədri Si Tsinzipin ötən il Qazaxıstanda “Nazarbayev Universiteti”ndə çıxışı zamanı Böyük İpək yolunun iqtisadi qurşağı strateji konsepsiyasını irəli sürüb. O dövrdən də bu yana yeni İpək yolu layihəsi Çinin Rusiya və Mərkəzi Asiya dövlətlərinin iqtisadi cəhətdən mənimsənilməsi üzrə başlıca prioritetinə çevrilib. Sintszyan-Uyğur Muxtar vilayətinin SSRİ-nin keçmiş sərhədlərinə yaxın olması isə ona Böyük İpək yolu layihəsini reallaşdırmağa imkan verir. Statistikaya görə, Sintszyan-Uyğur Muxtar vilayətində təhsil alanların 90 faizi Mərkəzi Asiya və ona bitişik respublikalardan olanlardır. Muxtar Vilayətin hakimiyyət orqanları qarşılarına məqsəd də qoyublar - yaxın 5-10 il ərzində buranı Mərkəzi Asiyaya orientasiya olunmuş və mütəxəssislər hazırlayan bir bazaya çevirmək. Tək Qansu vilayətində yerləşən Lançjou universitetində son 7 il ərzində 2200 əcnəbi tələbə təhsil alıb və onların 60 faizindən çoxunu MDB ölkələrinin vətəndaşları təşkil edib.
Çin hökuməti ölkənin qərb vilayətlərinin inkişafı istiqamətində yeni siyasət yürüdür. Çinlilər artıq açıq şəkildə qeyd edirlər ki, onların inteqrasiya planına Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan cəlb edilib. “Cənubi Qafqaz respublikaları ümid edirlər ki, Çinin Mərkəzi Asiya strategiyası Qafqaza kimi uzanacaq” - deyə Çinin rəsmi «Jenbin-jibao» agentliyi xəbər verir.
Yeri gəlmişkən, ötən ayın əvvəlində Çinin şimal qərbində yerləşən Şensi vilayətində Mərkəzi Asiya İnstitutu, Şimal Qərb Universitetində Mərkəzi Asiya İnstitutu, Sian Universitetində Mərkəzi Asiya İnstitutunda əcnəbi dillər şöbəsi yaradılıb. Bu institutlar Şensi vilayətinin Mərkəzi Asiya respublikaları ilə mütəxəssislərin hazırlanması və əməkdaşlığı istiqamətində mühüm platforma rolunu oynayacaq. Bununla yanaşı, Şensi vilayətində Mərkəzi Asiyada çinli tələbələrin təhsilinə dəstək proqramı da aparılacaq. Qeyd edilir ki, Çinin şimal-qərb əyalətlərinin ali təhsil müəssisələri həm də Çin dilinin və mədəniyyətinin Mərkəzi Asiyada yayılması istiqamətində başlıca mənbə rolunu oynayır. Məsələn, Lanjou Universiteti Çin dilinin müəyyən ölkələrdə tədrisini həyata keçirən 10 ali məktəbindən biridir. Onun dəstəyi ilə 2005-ci ildə Özbəkistanda Mərkəzi Asiyada ilk dəfə olaraq Konfutsi Universiteti açılıb. Bundan əlavə, Urumçidə Çin dilinin Mərkəzi Asiyada yayılması üzrə dövlət kateqoriyalı baza fəaliyyət göstərir.
Beləliklə də, Böyük İpək yolu layihəsinin reallaşdırılması istiqamətində daha bir addım atılmış oldu. Sözsüz ki, Çinin bu planı reallaşarsa, onda bu, bölgədə ən əsası Rusiyanın mövqeyinin zəifləməsinə gətirib çıxaracaq. Bu isə Rusiya üçün Ukraynadan aldığı zərbədən sonra ikinci bir zərbə olmuş olacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər