• şənbə, 20 Aprel, 19:41
  • Baku Bakı 24°C

Çin “Bir kəmər - bir yol” layihəsini reallaşdırır

16.05.17 10:00 3138
Çin “Bir kəmər - bir yol” layihəsini reallaşdırır
Pekində Çinin müəllifliyi ilə baş tutan "Bir kəmər - bir yol” beynəlxalq forumu dünya mediasının diqqət mərkəzindədir. 29 ölkə liderinin iştirak etdiyi forumda qonaqlar sırasında Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, Pakistanın baş naziri Nəvaz Şərif, BMT-nin baş katibi Antonio Qutteriş, BVF-nin rəhbəri Kristin Laqard, Dünya Bankının prezidenti Cim En Kim olub. Bundan əlavə, tədbirdə 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib.
Çinin lideri Si Cinpinin çıxışı şok effekti doğurub. O, Avropa və Asiyanın 65-dən artıq ölkəsində dəmir və avtomobil yolları, liman və vağzalların inkişafına 113 mlrd. dollar investisiya yatırmağa hazır olduqlarını bəyan edib. Avrasiyanın simasını dəyişəcək inteqrasiyanın inkişafına çağıran Çin lideri əlavə edib ki, onlar öz iradəsini digərlərinə zorla yeritmək niyyətində deyillər. Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Nəvaz Şərif öz növbələrində iqtisadi inkişaf modelini davam etdirərək bu ideyanın Avrasiyada siyasi sabitliyə, terrorizm və ekstremizmə olan dəstəyin azalmasına gətirib çıxaracağını vurğulayıblar. Ölkəmiz üçün ən önəmli məsələlərdən biri o olub ki, Türkiyə prezidenti Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunub. O bildirib ki, layihə yaxın bir neçə ayda fəaliyyətə başlayacaq və bununla da İpək yolunun mühüm bir hissəsi tamamlanmış olacaq. Qeyd edib ki, İpək yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə etməklə Çində başa çatacaq ticarət yoludur.
Forumu Hindistanın rəsmən boykot etməsi ən qalmaqallı hadisə olub. Hindistan bu addımını Çin-Pakistan iqtisadi dəhlizi ilə əlaqələndirib. Bu layihə Böyük İpək yolu layihəsinin reallaşması istiqamətində əsas layihələrdən biri hesab edilir. Rəyi soruşulan hind diplomatları və ekspertləri bildirirlər ki, bu layihə Hindistanın suverenliyinə zərbədir. Belə ki, onun infrastrukturunun mübahisəli Kəşmir ərazisindən keçəcəyini irəli sürürlər. Rəsmi Dehli bu ərazinin Pakistan tərəfindən işğal olunduğunu iddia edir. Nəşrlərin yazdığına görə, Hindistan XİN-in nümayəndəsi Qopal Baqlayın bildirib ki, heç bir ölkə suverenlik və ərazi bütövlüyünə təhlükəyə səbəb olacaq məsələdə güzəştə getməz. Bundan əlavə, hind diplomat Çinin müəllifi olduğu Avrasiyaya inteqrasiya layihəsinin ölkə və xalqların maraqlarına uyğun gəldiyinə şübhə etdiyini bildirib. Rəsmi Dehli hesab edir ki, Çinin kreditləri bir sıra ölkələrin Çindən asılılığını gücləndirəcək. Bu ölkənin xarici işlər nazirinin sabiq müavini Kanval Sibal da hesab edir ki, Çin-Pakistan layihəsi Hindistanın suverenliyinə ciddi zərbədir. Onun sözlərinə görə, bu layihə nəhəng Avrasiya bölgəsində Çinin liderliyinə gətirib çıxaracaq.
"Observer Research Foundation”un vitse-prezidenti Handan Unnikrişnan da deyir ki, Hindistan bu layihə ilə heç cür razılaşa bilməz. Honkonqlu ekspert Brayana Yena isə Hindistanın bir forumda iştirakdan imtinasının Asiyanın iki nəhəngi - Çinlə Hindistan arasında gərginliyin başlamasından xəbər verdiyini yazıb. Maraqlıdır ki, Çinin bu layihəsi Rusiyadan dəstək alıb. Lakin ekspertlər bildirir ki, Çin-Mərkəzi Asiya-Avropa layihəsi Rusiyanın Transsibir kəmərinin rolunu azalda bilər. Bundan əlavə, ÇXR-ın postsovet ölkələrində rolu artmış olacaq, Rusiyanın isə əksinə, rolu minimuma düşəcək.
Yeri gəlmişkən, Hindistanla yanaşı, Yaponiya da forumda iştirakdan imtina edib. Rəsmi Tokio ehtiyat edir ki, inkişaf şüarının altında geosiyasi oyunlar oynanılır. ABŞ və digər qərb ölkələrinin də nümayəndələri tədbirə qatılmaq istəməyiblər. Onlar hesab edirlər ki, Amerika və Avropanın başı daxili problemlərə qarışdığı vaxt Çin qlobal liderliyə can atır. Moskva isə hələ ki bu qorxunu bölüşmür. Prezident Vladimir Putin yalnız onu bildirib ki, Rusiya Avrasiya tərəfdaşlığını dövlətlər arasında əməkdaşlıq kimi nəzərdən keçirir. Çin Rusiyanın ən iri ticarət tərəfdaşıdır. İlin sonuna kimi ticarət dövriyyəsi 80 mlrd. dolları ötəcək. Rusiya prezidenti ümid edir ki, bu layihə ilə Avrasiya İqtisadi İttifaqını gücləndircək: "Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığa Avropa, Asiya və Latın Amerikasının təxminən 50 ölkəsi maraq göstərir”. Onun sözlərinə görə, AİB və Çin arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş üzrə, İsrail ilə azad ticarət haqqında danışıqlar aparılır, Misir, İran, Hindistan, Serbiya və Sinqapur ilə isə məsləhətləşmələrə başlamaq üçün razılıq əldə olunub.
Beləliklə, böyük bir coğrafiyada effektlər yaradacaq "Bir kəmər - bir yol” layihəsi yeni strateji reallıqların tərənnümü kimi qeyd olunur. Burada əsas oyunçu rolunda Çinin çıxış etməsi gerçək amil olsa da, faydalanma Şanxaydan Avropanın son Atlantik sahillərinə qədər bir nəqliyyat oxunda düzlənən bütün region ölkələrini əhatə edəcək. Bu çoxsaylı ölkələr içərisində öz geosiyasi və geostrateji mövqeyi ilə seçilən tarixi İpək yolunun Şimal-Cənub nəqliyyat marşrutu ilə kəsişdiyi mühüm geostrateji məkanda qərarlaşan Azərbaycan da var. Ölkəmiz özünün müvafiq nəqliyyat-infrastruktur və logistik imkanları məcmusunda mühüm tranzit üstünlükləri ilə fərqlənir. Belə üstünlüklər həm də Böyük İpək yolunun baş arteriyası - TRASECA-nın mənzil qərargahının yerləşdiyi, Xəzərin ən böyük liman şəhəri paytaxt Bakının bütün multimodal nəqliyyat sisteminin özündə birləşdirir. Avropa ilə Asiyanı birləşdirəcək yeni alternativ bağlantı - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin yaradılması, Şimal-Cənub nəqliyyat dəhlizinin yenidən qurulması fonunda bu effektlər daha real görkəm alacaq.
Azər
banner

Oxşar Xəbərlər