Çin bazarını itirən Azərbaycan ölkəyə turist axını necə təmin edəcək?

Çin bazarını itirən Azərbaycan ölkəyə turist axını necə təmin edəcək?

İqtisadiyyat
07 Fevral 2020, 14:45 2950
Çindən böyük sayda turist cəlb etməklə ölkəyə gələn turistlərin sayını artırmağı qarşısına məqsəd qoyan Azərbaycanda koronavirusun yayılması ilə əlaqədar yaranan çətinliklərin hansı formada həll ediləcəyi açıqlanıb.
 
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının üzvü Kənan Hənifəyev Trend-ə deyib ki, Azərbaycanın gəlmə turizm sahəsi üzrə prioritet istiqamətlərdən biri də Çin turist bazarıdır.
 
Onun sözlərinə görə, 2020-ci ildə qarşıya qoyulan hədəflərdə ölkəyə gələn turist sayının artmasında bilavasitə Çin turistlərin sayının artırılması proqnozlaşdırılmışdı:
"Koronavirusla əlaqədar bu hədəflərin reallaşmasında çətinliklər yarana bilsə də, biz alternativ istiqamətlər üzrə xarici turistləri ölkəmizə cəlb etməyə çalışırıq. Novruz bayramı, Formula 1 yarışması və Avro 2020 - Avropa Çempionatının Bakıda keçirilən oyunları sayəsində ölkəyə gələn turistlərin sayının artırılması ilə bağlı qarşıya qoyulan hədəfə çatacağımıza ümid edirik. Turist axını dinamikasının artması üçün Azərbaycan Hava Yolları tərəfindən də münbit şərait yaradılıb. Xarici aviaşirkətlər tərəfindən ölkəmizdə aviareyslər həyata keçirməklə qarşılıqlı turist mübadiləsi etmək, Avropa, Asiya və MDB ölkələri üzrə turist trafikini sabitləşdirmək olar. Bu istiqamətdə hazırda işlər aparılır”.
 
K.Hənifəyevin sözlərinə əsasən, xarici aviaşirkətlərin Bakıda xidmət göstərməsi onların alternativ istiqamətlər üzrə turlar hazırlamasına və turistlərə təqdim etməsinə şərait yaradacaq.
 
Xatırladaq ki, Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Dövlət Turizm Agentliyi ötən il Azərbaycana Çindən turist axını olacağını bəyan etmişdi.
 
Dövlət Turizm Agentliyi və Çinin Mədəniyyət və Turizm Nazirliyi arasında keçən il imzalanan "Çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu”na əsasən, yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər.