AZE | RUS | ENG |

İmzanı satmaq, müəllifin hüququ, ya haqqı?

İmzanı satmaq, müəllifin hüququ, ya haqqı?
Mütəxəssislər deyirlər ki, mediada müəllif hüquqlarının spesifik tərəfləri nəzərə alınmalıdır

"Öz yazılarımla bağlı belə hallar çox olur. Yazımı yayımlayıblar, nəinki imzama, heç ilkin mənbəyə istinad etməyiblər. Amma hamımız bilirik ki, araşdırma yazısı hazırlamaq asan proses deyil, müəllif ona sözün əsl mənasında can qoyur. O, öz araşdırmasını hansısa məbləğ qarşılığında qəzetə, sayta verə bilər, lakin ilkin mənbədə imzası verilən müəllifin 2-3-cü mənbələrdə adının çəkilməməsini doğru hesab etmirəm. Araşdırma yazılarda istinad zamanı müəllifin adını qeyd etməmək, həm peşə etikasına ziddir, həm də həmkar əziyyətini heçə saymaqdır” - bu sözləri bizimlə söhbətində jurnalist Lalə Mehralı bildirdi.

O deyir ki, bəzi müsahibələrdə müəllifin imzasının verilməməsini keçmək olar, amma özəl yazılarda bu, heç də xoş hal deyil: "Yüksək vəzifəli məmurdan müsahibə alan jurnalistin imzasını digər saytlar vermir, müsahibənin yayımlandığı ilk mənbəyə istinad edirlər, sadəcə, nəşrin, saytın adını yazırlar. Doğru hesab etmirəm. Əgər bir müxbirimiz Trampdan, Putindən, Kim Çen İndan müsahibə ala bilirsə, bunu onun böyük uğuru kimi, imzasına istinadla vermək lazımdır, adını müsahibələrdən silmək yox”.

Bu, jurnalistin tanınması baxımdan da əhəmiyyətlidir

Publika.az-ın əməkdaşı Gülxar Şərif də istinad zamanı müəllif imzasının qeyd olunmasının tərəfdarıdır: "Əlbəttə, elə hallar olur ki, yazılarımı verirlər, adımı qeyd etmirlər. Qısa xəbəri demirəm, amma böyük yazılarda jurnalistin adının qeyd olunması şərtdir. Çünki bir araşdırma yazısı üçün bəzən 5-6 mütəxəssis, qurum nümayəndəsi danışdırırıq, çətinliklə məlumat toplayırıq. Reportaj, yaxud müsahibənin də öz çətinlikləri var. Geniş materialı hazırlamaq heç də asan başa gəlmir. Təbii ki, hər bir jurnalist yazı üçün əziyyət çəkdiyindən, adının qeyd edilməsini istəyər. Bu, jurnalistin tanınması baxımdan da əhəmiyyətlidir”.

Əslində, qeyd olunan məsələ bir çox jurnalistlərin "yaralı yeri”dir. Gündəlik xəbərlər başqa, amma araşdırma, özəl müsahibə, reportaj kimi materialların hazırlanması müxbirlərə heç də asan başa gəlmir. Onlar maddi olaraq öz əməklərinin qarşılığını alsalar belə, mənəvi tərəfə yönəlsək, imza məsələsi var.

Beynəlxalq təcrübədə istinad zamanı hiperlink qeyd olunur və yazıda oxucuya həm də ilkin mənbənin ünvanı göstərilir. Amma bizdə istinad zamanı buna əməl edən mətbuat orqanlarının sayı azdır. Mediada müəllif hüquqları «KİV haqqında» və "Müəllif hüquqları» haqqında qanunlarla tənzimlənir. Bunlara əsasən, başqa mətbuat orqanının məlumatından istifadə edərkən, həmin mətbuat orqanına istinad olunmalıdır. Amma bu istinad məsələsi çox da detallı olaraq qanunda əks olunmayıb. Bəs araşdırma, özəl müsahibə, reportaj kimi materialları istinadla verərkən mətbuat orqanı ilə yanaşı, müəllif imzası da qeyd olunmalıdırmı?

"Hətta istinadla belə vermək qeyri-etikdir”

Mövzu ilə bağlı ilk olaraq media qurumlarının rəhbərlərinin münasibətini öyrəndik. "APA-Holding"nin rəhbəri Vüsalə Mahirqızı Azərbaycan mətbuatında istinad iddiasının düzgün yanaşma olmadığını deyir: "Dünya təcrübəsinə əsaslanırıqsa, məsələ belədir ki, media qurumları yalnız agentliklərdən material götürürlər, onlara istinad edirlər. Agentlikdə işləyən jurnalist də bilir ki, o, bir imza - agentlik üçün çalışır. İstinad zamanı agentliyin adı gedir. Amma dünyanın heç bir ölkəsində bir saytın digər saytın materialına istinad etməsi, bir qəzetin başqa qəzetin materialını hətta istinadla verməsi halı yoxdur. Ona görə də, dünya təcrübəsində hansısa jurnalistin imzasına istinad edilməsi deyə bir şey yoxdur. Bir qəzetin materialı başqa qəzetdə getməməlidir. Çünki qəzet o materialı ona görə hazırlayır ki, digər mətbuat orqanlarından seçilsin, digər media qurumlarının izləyicisini özünə cəlb etsin. Ümumilikdə isə media qurumu öz əməkdaşına maaş verməklə onun imzasını orda işlədiyi dövrdə satın alır. O müxbirə, onun yazılarına görə həmin media qurumunu axtaranlar var. Bu imzanı hətta istinadla belə götürüb başqa media qurumunun verməsi qeyri-etikdir. Ona görə, media qurumlarını - agentlikləri çıxmaq şərtilə - bir-birindən material götürmək, istinad etmək məsələsini yığışdırmalıyıq”.

Həm mətbuat orqanının, həm də müəllifin adı qeyd olunmalıdır

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, yeni mediamızda bu məsələ ciddi problemə çevrilməkdədir: "Ən yaxşı halda mətbuat orqanına istinad olunur. Amma hesab edirəm ki, bu, bütöv olmalı, həm mətbuat orqanının, həm də müəllifin adı qeyd olunmalıdır. Redaktorlar bir araya gəlib Mətbuat Şurasında bu məsələni müzakirə etməlidirlər. Bir-birindən material götürmək, oxşar xəbərlərin təkrar çapı doğru deyil. Hər kəsin xəbər bazası var, hansı ki, dünyanın özünə hörmət edən KİV-i materialı təkrar işləyərək xəbəri ilk yayana istinad edir. Yəni, özü işləyir, bizdə isə olduğu kimi verilir, hətta bəzi halda istinad edilmir. Bu məsələlər Azərbaycan mediasında açıq qalıb, biz bunu dəfələrlə öz aramızda müzakirə etsək də, bir standarta salıb tətbiq edə bilməmişik”.

"Yazını olduğu kimi verirsinizsə, müəllifin icazəsi lazımdır”

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə bildirdi ki, mediada müəllif hüquqlarının bəzi spesifik tərəfləri var: "Məsələn, xəbər dəyəri olan, ictimai əhəmiyyət daşıyan məqamda materialdan istifadə oluna bilir. Burada müəllifin icazəsi lazım deyil, sadəcə, istinad olunmalıdır. Ümumiyyətlə, istinad deyəndə, müəllif hüquqlarını iki yerə ayırırıq. Bunun bir kommersiya tərəfi var, bir də imza. Kommersiya tərəfi odur ki, mətbuat orqanı ümumi olaraq orda çalışan işçilərin yazdıqlarının müəllifidir. Çünki kimisə orda işlədir, müəllif hüquqları da ona aiddir. Burada həm kommersiya dəyəri, həm də ondan istifadə hüquqlarını mətbuat orqanı özü üzərinə götürüb. Bir də var ki, hansısa yazıçı, yaxud mütəxəssis özü bir material yazır, müqavilə ilə hansısa mətbuat orqanında yayımlanır. Bu zaman müəllifin fərdi hüquqları qorunacaq. Kommersiya dəyəri də özündə olacaq. Bir də var jurnalist özəl müsahibə, reportaj edir, hansısa mövzuda araşdırma aparır. Burada isə artıq konkret olaraq jurnalistin həmin materiala müəllif hüquqları yaranır. O baxımdan da istinad olunarkən, hökmən ikisi eyni anda qeyd olunmalıdır: Mətbuat orqanının adı və müəllifin imzası. Bu cür yazılarda ümumi mətbuat orqanına istinad etmək doğru deyil. Çünki mətbuat orqanında çox sayda imza olur, onun kimə məxsus olduğu ortaya çıxmır”.

Ə.Məmmədli bildirdi ki, Azərbaycan mətbuatında daha bir problem materialı olduğu kimi götürüb, sadəcə, istinad etməklə yayımlamaqdır: "Əslində, bu, yolverilməzdir. Siz materialın içindən müəyyən bir hissəni istifadə edirsinizsə, bu zaman müəllifin icazəsi olmadan onun adını göstərib istifadə edə bilərsiniz. Amma yazını olduğu kimi verirsinizsə, müəllifin icazəsi lazımdır”.

İnformasiya janrında müəlliflik hüququ o zaman yaranır ki...

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyir ki, mediada müəllif hüquqlarının qorunması sahəsində problemlər həddindən artıq çoxdur. O bildirdi ki, bunun bir səbəbi bizdə müəllif hüquqları və onun qorunması ilə bağlı təsəvvürün zəif olmasıdırsa, digər səbəb onlayn medianın inkişaf etməsidir. M.Ələsgərlinin sözlərinə görə, KİV yazılarının heç də hamısı müəllif hüquqları kateqoriyasına daxil deyil. Xüsusilə, gündəlik yayımlanan informasiyalar. Lakin burda bir "amma” var: "Gündəlik istehsal olunan informasiyaların müəlliflik hüququ ilə qorunmaq kimi statusu yoxdur. İnformasiyanı yayılmaq üçün hazırlayırsınız. İkincisi, o informasiyalar əlçatandır. Biri mətbuat konfransı keçirir, press-reliz yayır, sən də onu götürüb yayımlayırsan. Müəlliflik hüququ açıqlamanı verən adama aiddir. İnformasiya janrında müəlliflik hüququ o zaman yaranır ki, jurnalist o məlumatı özəl olaraq əldə etsin və bu özəlliyi sübut edən faktları olsun. Sübut etməlisiniz ki, başqaları üçün əlçatan deyil, məhz siz xüsusi istedadınız, texnologiyanız sayəsində o informasiyanı əldə edə bilibsiniz. Bu sübut olunan bir xəbərdirsə, sizin orda müəlliflik hüququnuz yaranır”.

Jurnalistin redaksiya ilə bağladığı müqavilənin şərtləri 
 
M.Ələsgərli deyir ki, özəl reportajlar, araşdırma və müəllif yazıları müəllif hüquqları ilə qorunur, amma məsələnin ikinci tərəfi var: "Müəllif o materialları çalışdığı redaksiyaya faktiki olaraq, satır. Ona görə, hazırladığı materialın sahibi o deyil və materialı başqa mətbuat orqanı yayımlayarkən də sadəcə, media qurumuna istinad edir. Amma burda bir məqam var və bunu nəzərə almaq lazımdır. Burada jurnalistin redaksiya ilə müqaviləsinin şərtlərinə baxmaq lazımdır. Jurnalist işə başlayanda müqavilədə qeyd edə bilər ki, hazırladığı materiala görə qonorar almaqla yanaşı, həm də müəllif hüququ tanınsın, təbliğ olunsun. Müqavilədə belə bir tələb nəzərdə tutulubsa, burda da artıq müəllif hüquqları yaranır. Bu zaman çalışdığı qurum materialı yayanda, orda yazının müəllif hüquqları ilə qorunmasına dair bir işarə vurur. Bu zaman mətbu orqanı ilə yanaşı, müəllifə mütləq istinad olunmalıdır. İşarə qoyulmayıbsa, redaksiya onu tələb etmirsə, hər hansı KİV materialı götürüb yayımlayırsa, redaksiyaya istinad edibsə, orda problem yoxdur”.

M.Ələsgərli qeyd etdi ki, bütün bunlar indiyə qədər olan standartdır. Beynəlxalq aləmdə bununla bağlı müzakirə olunan ciddi məsələ var: "Artıq beynəlxalq ekspertlər vurğulayırlar ki, burada istənilən halda bir ədalətsizlik sistemi yaranır. Çünki bu, jurnalistin ideyasıdır, üstündə çalışıb. Ona görə də burada müəllif hüququ yox, haqları kateqoriyası yaranır. Azərbaycanda hamısı hüquq gedir, amma ingilis dilində termin olaraq bunlar ciddi şəkildə bir-birindən fərqlənir. Müəllif haqlarının pozulmasının nəticəsi hüquqi deyil, amma etik pozuntudur. Jurnalistikada hər şey qanunla deyil, həm də etik kodekslə tənzimlənir. O baxımdan, burada jurnalistin müəllif haqları pozulur”. 

Aygün Asimqızı

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) jurnalistlər arasında "Mediada müəllif hüquqları:rəqəmsal mediada müəllif hüquqlarını necə qorumalı ”mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000