• cümə, 19 Aprel, 03:41
  • Baku Bakı 18°C

İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib

19.06.19 14:30 418
İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə 2019-cu ilin əhalinin sosial müdafiəsinin güclənməsi ili olacağını bildirib. Dövlətimizin başçısının cari ilin əvvəlindən verdiyi qərarlar əhalinin rifahının daha da yaxşılaşmasını təmin edir. İyunun 18-də imzalanmış sərəncamlar da məhz bu məqsədə xidmət edir.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidentinin imzaladığı Sərəncamla minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı. Bu da 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanların 600 mini dövlət qurumlarında çalışırsa, 350 mini özəl sektorda fəaliyyət göstərir. Bununla yanaşı, iyunun 18-də imzalanan sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqları nəzərəçarpacaq dərəcədə artırıldı. Bu sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib.
Bu gün ölkəmizin güclü iqtisadi imkanlara malik olduğunu söyləyən Hadi Rəcəbli deyib: "Azərbaycanın iqtisadi qüdrəti, ixrac potensialı ilbəil artır, qeyri-neft sektoru inkişaf edir. Ölkəmizin təşəbbüsü ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində isə hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır”.
Bu cür sosial inqilab xarakterli qərarların davamlı xarakter aldığını bildirən Hadi Rəcəbli qeyd edib ki, ilin sonunadək vaxtaşırı belə qərarlar veriləcək. Nəticədə vətəndaşlarımızın güzəranı daha da yaxşılaşacaq.
banner

Oxşar Xəbərlər