İmkansızlar üçün sosial evlər Ekspert rəyi

İmkansızlar üçün sosial evlər Ekspert rəyi

İqtisadiyyat
15 Noyabr 2012, 07:59 1887
Millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı parlamentdəki çıxışı zamanı vətəndaşların mənzillə təmin olunması üçün sosial evlərin tikilməsini təklif edib. Deputat deyib ki, sosial evlərin tikilməsi üçün dövlət şirkəti yaradılmalıdır. Onun sözlərinə görə, dövlət büdcəsindən ayrılan vəsait hesabına şirkətin tikdiyi evlər vətəndaşlara uzun müdətə aşağı qiymətlərlə kirayəyə verilə bilər.

Qeyd edək ki, bir neçə dəfə bu fikirlər parlamentdə səsləndirilib. Mili Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də bildirib ki, belə binalar olsa, ər arvadı evdən qovanda, yaxud kişi evdən qovulanda müvəqqəti o evlərdə qala bilər: “Yaxud birinin şəxsi evində yanğın olsa, ailə müvəqqəti orada yerləşə bilər. Belə yerlərin olmasının ziyanı yoxdur".

“Boşananların sayı azala bilər”
MBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bizimlə söhbətində Mərkəzi və Qərbi Avropa ölkələrində sosial evlərin tikilib mənzilə ehtiyacı olan, imkansız vətəndaşlara aşağı qiymətlərlə uzun müddətə kirayəyə verildiyini dedi: “Bizdə də bu təcrübəni tətbiq etmək mümkündür. Dövlət bu cür mənzilləri vətəndaş ev ala bilənəcən kirayəyə verə bilər. Hətta inkişaf etmiş ölkələrdə elə binalar tikilir ki, vətəndaş qaldığı mənzilin kirayə haqqını ödəyə-ödəyə həm də həmin mənzilin kreditini də aybaay ödəyib dövlətdən alır”.

Dilarə Əliyeva adına Qadın Hüquqularını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, belə bir layihənin gerçəkləşməsi vacibdir: “Bunun üçün inkişaf etmiş ölkələrdə olduğu kimi, hökumət tərəfindən ayrıca proqram hazırlanıb qəbul edilməlidir. Suyu, vanna otağı və s. ayrı olmaq şərtilə Sovet dövründəki “obşejitel” tipli binalar tikmək və kirayəyə vermək olar”.

D.Əliyeva ev problemi ilə bağlı boşanmaların çox olduğunu dedi: “Sözügedən proqram ailə institutunun möhkəmlənməsinə də yardımçı ola bilər. Hər il evsizlik problemi ucbatından boşanan xeyli qadın bizə müraciət edir. Ərin qazancı kirayə haqqına çatmır, evdə söz-söhbət olur, nəticə gənc ailələrin boşanmasına gətirib çıxarır. Hesab edirəm ki, sosial evlərin tikilməsi həm də boşanmaların qarşısını alar, ailələr ayaqda durana kimi belə evlər onlara yardımçı olar”.

Finlandiyada mənzillərin 35 faizi sosial evlərdir
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev bildirdi ki, dünya təcrübəsində sosial mənzil fondunun təyinatı mənzil almaq imkanı olmayan, yoxsul insanlara tamamilə güzəştli şərtlərlə, aşağı kirayə haqqı qarşılığında verilmədir: “Finlandiyanı misal çəkə bilərəm. Bu ölkədə mənzil fondunun təxminən 35 faizi sosial mənzil fondunun balansındadır. Avropa ölkələrinə baxsaq, görərik ki, hər 5 nəfərdən biri rahat şəkildə sosial mənzil fondundakı mənzillərdə ya uzun illik, ya ömür boyu kirayə yaşayır. Kirayə haqları bazar qiymətlərindən 5-10 dəfə ucuz, yalnız binaları istismarda saxlaya biləcək miqdarda olur. Hətta bir çox ölkələrdə heç vətəndaş onu da ödəmir. Bu mənzillərdə qalan ailələr ev alıb çıxandan sonra həmin ev dövlətin mülkiyyətində qalır və dövlət tərəfindən başqa ailəyə verilir”.

R.Ağayevin sözlərinə görə, Azərbaycan qanunvericiliyində həm dövlətin, həm də bələdiyyələrin sosial mənzil fondunun olması barədə məsələ var. Liqtisadçı Avropada hər 5 nəfərdən birinin, hətta bəzi ölkələrdə hər 4 nəfərdən 1-inin soisial kirayə fonduna möhtac qaldığını bildirdi: “Azərbaycan kimi müstəqilliyini yeni əldə etmiş, iqtisadi sistemində problemləri olan, əhalisinin sayı daha çox olan və həm də mənzilin baha olduğu bir ölkədə buna xüsusilə ehtiyac var”.

İş bələdiyyələrə tapşırıla bilər
Sözügedən layihənin gerçəkləşməsinə gəlincə, müsahibimiz bunun müxtəlif yollarla həyata keçə biləcəyini bildirdi: “Azərbaycan qanunvericiliyinə görə, bələdiyyə mənzil fondu yarda bilər, amma öz hesabına yaratmalıdır. Sosial mənzil fondları Avropa ölkələrində adətən dövlətin deyil, bələdiyyələrin mülkiyyətində olur. Buna görə də düşünürəm ki, Azərbaycanda bu fondlar yerli özünü idarəetmə orqanlarının mülkiyyətində olmalıdır. Dövlət bu işdə bələdiyyələrə yardım etməlidir. Məsələn, hündürmərtəbəli binalar tikilir, dövlət tender elan edib hər binadan, tutaq ki, 10 mənzili bazar qiymətinə alıb bələdiyyəyə təhvil verə bilər”.

Digər variant kimi R.Ağayev bildirdi ki, dövlət əlillər və digər güzəştli kateqoriya üçün mənzil tikilməsi üçün tender elan etdiyi kimi, sosial mənzil fondu yaratmaq üçün də tender keçirə bilər, yaxud bu tenderin bələdiyyələr adından keçirilməsini təşkil edə bilər.

Hər il dövlət 100-200 ailəyə mənzil kirayə verə bilər
R.Ağayevin fikrincə, dövlət soaial mənzil fondunun yaradılmasının büdcədə nəzərdə tutulması mmkündür: “Hər il necə ki ipotekaya vəsait ayrılır, eyni zamanda sosial kirayə fondunun da yaradılmasına pul ayrıla bilər”.
Evlərin necə, harda tikiləcəyi, nə qədər evin inşa olunacağı və s. ilə bağlı mexanizmlərə gəlincə, iqtisadçı bunun heç də çətin olmadığını dedi. Bildirdi ki, əsas odur ki, hökumətin məsələni gerçəkləşdirmək üçün istəyi olsun. İqtisadçı hər il bir neçə bina ucaldaraq 100-200 ailəyə mənzil verilməsinin mümkn olduğunu qeyd edtdi: “Amma əvvəlcə hesablama aparılmalıdır ki, Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə nə qədər mənzilin tikilməsinə ehtiyac var”.

Onu da deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda sosial evlərin yaradılması ilə bağlı təkliflər hazırlayır. Nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərlinin mətbuata verdiyi məlumata görə, sosial evlər respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxtda yaradıla bilər: “Sosial evlər evsiz və kimsəsiz insanlar üçün nəzərdə tutulur. Bununla bağlı təkliflər hazırlayırıq. Təklifləri yaxın gələcəkdə hökumətə təqdim etməyi planlaşdırırıq”.
Lalə Musaqızı