İmişli rayonunda işgüzar forum keçirilib - Fotolar
İqtisadiyyat Nazirliyinin (İN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq
subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam
etdirir. İN mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti
işgüzar forum sentyabrın 8-də İmişli rayonunun Cəfərli kəndində keçirilib.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə
məlumat verilib, İmişlidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi
layihələr təqdim olunub, sahibkarların investisiya layihələri
maliyyələşdirilib.
Forum çərçivəsində İmişli rayonunun iqtisadi potensialının
reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv
bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik
təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin
yaradılması üzrə nümunəvi investisiya layihələrinin
təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin
100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forumda bildirilib ki, 2016-cı ilin ötən dövrü ərzində
1700-dən çox sahibkara 100,6 milyon manat güzəştli kredit verilib. Bu
kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5200-ə
yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə
indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
12500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 493 milyon manat
güzəştli kredit verilib.
Tədbirdə İmişli və ətraf rayonlardan olan 56 sahibkara 780 min manat
güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq
və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə
investisiya layihələrinin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin
açılması mümkün olacaq.
Forum çərçivəsində İmişli rayonunda güzəştli kreditlər hesabına
yaradılmış iri fermer təsərrüfatında pambıq yığımına hazırlıq
işlərinə baxış keçirilib.
Qeyd
edək ki, indiyədək respublika üzrə pambıqçılıqla bağlı layihələrin
maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə 60 milyon manat, o cümlədən 2016-cı ilin ötən dövrü
ərzində 2,5 milyon manat güzəştli kredit verilib.