• cümə axşamı, 28 mart, 18:00
  • Baku Bakı 13°C

İmicimi dəyişsəm, səsimə bir xeyri olacaq?

04.07.13 09:11 1860
İmicimi dəyişsəm, səsimə bir xeyri olacaq?
Müsahibimiz tanınmış incəsənət xadimi, respublikanın əməkdar artisti Baloğlan Əşrəfovdur. İncəsənət sahəsində səsi və imici ilə hər zaman diqqət çəkən müğənni öz yaradıcılığı və digər maraq doğuran məsələlər ətrafında suallarımızı cavablandırdı.
- Baloğlan müəllim, uzun illər öncə oxuduğunuz mahnıların bu gün də öz orijinallığını qoruyub-saxlamasının səbəbi nədir?
– Bunun əsas səbəbi mahnılarımın sözlərinin mükəmməl olmasıdır. Söz musiqinin canı və cövhəridir. Əgər mahnını ifa edərkən orada bədiilik və məna görünmürsə, ona klaassik bəstəkarlarımız musiqi bəstələsə belə, mahnının heç bir mənası olmayacaq. O mahnılar söz yığınından başqa bir şey deyil. Gözəl və yaddaqalan şeir olanda, əlbəttə ki, ona yazılan musiqi də uzunömürlü və daima tamaşaçılar tərəfindən sevilən olur. Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Tofiq Quıliyevin yazdığı mahnılara baxanda, onaların bu işdə necə peşəkar olduqları duyulur. Çünki onlar daha maraqlı və mənalı şeirlərə musiqi bəstələyiblər.
- Bu gün mənalı şeirlər yazan şairlərimiz yoxdurmu?
– Mənalı şeirlər yazan şairlər abırlarına bükülüb səslərini çıxarmırlar. Onlar heç bir ifaçıya şeirlərinin səslənməsi üçün müraciət etmirlər. Boyunlarını büküb, sakit- sakit öz yaradıcılıqları ilə məşğuldurlar. Kimlərinsə onlara müraciət etmələrini də gözləmirlər. Əvəllər yaxşı kitablar var idi, şairlərin seçmə şeirləri orada çap olunurdu. İndi kitabxanaya gedən də yoxdur ki, həmin şeirləri oxusunlar. İndi o şeirləri arayıb-axtaran insanlar da çətin tapılar. Hər zaman yaxşı şairlər olub, bu gün də var və əminəm ki, gələcəkdə də olacaq.
- Siz daha çox köhnə mahnılarınızla sevilirsiniz. Yeni mahnı yazdırmq üçün indiki bəstəkarlara etibar etmirsiniz?
– Hərdən Baba Vəziroğlunun yazdığı şeirlərə müraciət edirəm. Onun şeirlərini oxudum və ona musiqi bəstələdim. Gözəl, klassik ülubda bir mahnı çıxdı ortalığa. Sözləri oxuyandan sonra ilhamlanıb, ona mahnı bəstələdim. Yeni mahnılarım da var, ancaq köhnə mahnıların təsirindən çıxıb, onlara da qulaq asmaq lazımdır. 1982-ci ildə Azərbaycan Televiziyasında “Ay uçan quşlar” mahnısını oxumuşam. Üstündən neçə illər keçməsinə baxmayaraq, elə bir toy, el şənliyi olmur ki, orada həmin mahnını məndən istəməsinlər. O mahnıya maraq o qədər böyükdür ki, konsertlərdə, televiziya kanallarında da tamaşaçılar həmin mahnını ifa etməyi məndən xahiş edirlər.
- Bu gün müğənnilərin qazanc yeri yalnız toylardır?
– Çox təəssüf edirəm ki, insanlarımız işin mahiyyətini araşdırmırlar. Biz sovetin bizə tətbiq etdiyi qayda-qanunlarla yaşamışıq. İbrahim Tatlısəs də mənim dönəmimdən fəaliyyət göstərən ifaçıdır. O, öz gənclik illərində də konsertlər verirərək 300 min dollar qazanırdı. Biz isə həmin ərəfələrdə konsertlərdən 30 manat qazanırdıq. Ancaq indi də bizdə müğənnilər konsertlərdən pul qazana bilmirlər. Bizim müğənnilərin qazanc yerləri yalnız toylardır. Öz səslərini toylarda istifadə edib pul qazanırlar. Bəs müğənnilərimiz neyləsinlər? Bizim ən dahi müğənnilərimiz var ki, dünya onların səslərinə heyran qalır, onlar da öz vətənlərində keçirilən konsertlərdən pul qazana bilmirlər axı. Ümumiyyətlə, bizi pis öyrəşdiriblər.
- Siz əməliyyat olunduqdan sonra “İkinci nəfəs” adlı konsertiniz oldu. Bu, sizin üçün ağır keçmədi ki?
– Hərdən zarafata salıb deyirəm ki, bəlkə də mən “Ginnesin rekordlar kitabı”-na düşəcək adamam. Çünki əməliyat olunduğum gündən az müddət sonra, 4 saat ayaq üstə canlı konsert verdim. Həkimə də müraciət etdim. Dedim ki, insanlar inanmır ki, mən 4 saat canlı konsert veririrəm. O da dedi ki, sən tamaşaçılara izah et ki, “mən sənin boğazını deyil, qaraciyərini dəyişmişəm”(gülür). İndi kadrlardan bu hissəni kəsiblər. Bu konsertlə həyata ikinci dəfə qayıdışımı insanlara sübut etdim. Konsert anşlaqla keçdi. Tamaşçılar təəccüb etdilər ki, necə olur, Baloğlan yenə səhnəyə qayıtdı? Onlara göstərməyə çalışdım ki, belə də olar.
- Növbəti konsertiniz nə zaman gözlənilir?
– Konsert proqramını, qismət olarsa oktyabr ayına nəzərdə tuturam. Tamaşaçılar mənim üçün hər zaman var və olacaqlar da. Hazırda əməkdar artist titulunu daşıyıram. Mənə bu adı dövlətimiz verib. Konsert salonları və Azərbaycan televiziyaları hər zaman üzümə açıq olub. Bu gün dövlət tədbirləində iştirak edirəm. Alqışlardan sevildiyimi hiss edirəm.
- Səhnəyə çıxandan bəri sizi eyni imicdə görürük, incəsənət isə fərqliliyi sevir. İmicinizdə dəyişiklik etməyi düşünürsünüz?
– İmic dəyişməyimin səsimə bir xeyri olsa, dəyişərəm. Tamaşaçılar səsimə qulaq asır, imicimi neynir ki? İnsanlar oxuduğum mahnıları dinləyib ondan ilham alırlar. İmicimi dəyişsəm, bəlkə də olan-qalan hörmətimi də itirərəm. Görünür, səs tembrim tamaşaçıların qəlbinə elə yol tapıb ki, heç kim imicim barədə mənə irad da tutmayıb.
- Baloğlan müəllim, çox az klip çəkdirirsiniz. Pulunuz yoxdur?
– Mahnılara onların məşhurlaşması və yayılması üçün klip çəkilir. Mən televiziya ekranlarında və ya başqa bir yerdə mahnımı ifa etdikdən sonra elə yayılır ki, onun klipə ehtiyacı olmur. Qorxuram ki, o mahnıya klip çəkdirsəm, mahnı ölər. Madam, mahnılarım belə sevilir, qoy elə yerində qalsın. Onların klipə ehtiyacı yoxdur.
- Tələbələriniz varmı?
– Dünya şöhrətli ifaçımız Alim Qasımov doğum günümdə demişdi ki, öz yolunda təksən. İfaçılıq elə bir şeydir ki, öyrətməklə ifaçı olmur. Gərək insanın səsinin tembri olsun, o yoxdursa, yüz müəllim olsa, xeyri yoxdur. Daxildən gəlməlidir. Əvvəla, o ifaçı bədii cəhətdən savadlı olmalıdır ki, sözləri ilə musiqini bir yerdə ifadə etməyi bacarsın. Allah insana gözəl səs verir. Ancaq görürsən ki, o insanın savadı yoxdur. Bilmir nəyi harada oxusun. Davamçım yoxdur.
- Baloğlan Əşrəfov Azərbaycan şou-bzinesinə qatıla bilibmi?
– Şou-biznesə qatılmağa ehtiyacım yoxdur. Mənim milyonlarla tamaşaçım var. Şou-biznes deyəndə bilmirəm nəyi nəzərdə tutursunuz. Harada tədbir olursa, mən də orada varam. Təbii ki, şou nümayəndələrinin tələb etdiyi ifaları deyil, özümə uyğun mahnıalrımı oxuyuram. Xalqıma öz musiqilərimi töhfə edirəm. Ümumiyyətlə, şou-biznesə qatılmağın heç bir mənası yoxdur. Xalqın ehtiyacı olan müğənnilərdən biri də mənəm. Öz yaşıdlarım və cavanlar arasında ən çox toya gedən müğənnilərdən biri də mənəm. Yarım saatlıq toya gedib fonoqrama ilə xalqın başını aldatmıram. Toya gedəndə bütün toyu öz komandamla idarə edirəm. Yeganə ansambl saxlayan müğənni mənəm ki, tədbirlərə, toylara, konsertlərə gedib ordan-burdan musiqiçilər yığmıram. Elə müğənnilər tanıyıram ki, çox məşhurdurlar, lakin mən onların ifasını indiyənə qədər eşitməmişəm. Ancaq dava-dalaşını, söz-söhbətlərini eşitmişəm. Nə zaman televziyanı açmaşamsa, qara-qışqırıqlarını eşitmişəm.
- Sərdar Ortacın sizin mahnınıza müraciəti Türkiyədə və Azərbaycanda onu daha çox məşhurlaşdırdı. Ümumiyyətlə, mahnınızı oxuyanda sizin razılığınızı alırlar?
– Sədar Ortacla mənim münasibətim var. Ona mahnımın halallığını vermişdim. Kimin ürəyindən mahnımı oxumaq keçirsə, deyirəm ki, oxuyun, amma elə edin ki, məndən yaxşı oxuyun. Oxusanız, mahnımı daha da məşhurlaşdırarsınız.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər