• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

Çimərliklər açıldı, amma…

04.06.13 09:38 2250
Çimərliklər açıldı, amma…
Yayın gəlişi və havaların qızması ilə insanlar sərinləmək və istirahət etmək məqsədilə çimərliklərə getməyə üstünlük verirlər. Azərbaycanda iyun ayının 1-dən etibarən “2013-cü il çimərlik mövsümünə” rəsmən start verilib. Bəs bu ilki çimərlik mövsümündə insanlar necə dincələcək? Onların təhlükəsizlikləri necə qorunacaq? Suallarımıza aydınlıq gətirmələri üçün dövlət rəsmiləri ilə danışdıq.
Ümumiyyətlə çimərliklərdən istifadə edən hər kəs öz sağlamlıqlarını qorumaq üçün müəyyən davranış qaydalarını bilməli və onlara riayət etməlidirlər. Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev bizimlə söhbətində bildirdi ki, son illər görülən işlərə görə icazə verilən yerlərdə insanların təhlükəsizliyi baxımından heç bir problem olmur. Onun sözlərinə görə, dənizdə bədbəxt hadisələr əsasən məsləhət görülməyən çimərlik ərazilərində baş verir: “Xəbərdarlıq etməyimizə baxmayaraq, bəzi insanlar təhlükəsizlik qaydalarını pozaraq özlərini təhlükəyə atırlar. Onlar qeyri-çimərlik ərazilərində kütləvi şəkildə istirahət edirlər və bu zaman qaydalara riayət etmədikləri üçün bədbəxt hadisələrin qarşısını almaq çox çətin olur. Biz həmin ərazilərə nəzarəti gücləndirmək məqsədilə yerli icra hakimiyyəti orqanları ilə birlikdə müəyyən işlər aparırıq”.
Qeyri-çimərlik ərazisində çimənlər cərimələnəcək
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin rəis müavini Bəxtiyar Həsənov açılış mərasimində bildirib ki, bu il qeyri-çimərlik ərazilərində çimən insanlara qarşı cərimələr tətbiq oluna bilər və bununla bağlı təkliflər hazırlanır.
FHN-in insanları qeyri-çimərlik ərazilərində çimməkdən çəkindirmək üçün müxtəlif təbliğati işlər apardığını bildirən Mənsur Piriyev cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasının müsbət nəticələr verdiyini bildirdi: “Ümumiyyətlə, əhali arasında maarifçilik işinin aparılmasında və qeyri-çimərlik ərazilərinə gedən yollarda qadağanedici işarələrin qoyulmasına kömək etmək məqsədilə yerli icra nümayəndələrini cəlb edirik. Nazirlər Kabinetinin 216 saylı sərəncamında təhlükəsizlik qaydaları əks olunur. Biz vətəndaşlara həmin o qaydaları çatdırırıq və tələb edirik ki, yerli icra orqanları da həmin o məlumatları həm orta məktəblərdə, həm ali məktəblərdə, həm də ictimai nəqliyyat vasitələrində vətəndaşlara çatdırsınlar”.
“Dəniz xalqın nemətidir”
Hamıya məlumdur ki, çimərlik mövsümündə insanların narazı olduğu əsas məqamlardan biri də çimərlik ərazisinə giriş üçün əhalidən pul tələb olunmasıdır. Məsələyə münasibət bildirən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bizimlə söhbətində çimərliklərə pullu girişin qarşısının tam alınması üçün mütəmadi tədbirlər görüldüyünü bildirdi: “Dövlət tərəfindən belə bir göstəriş yoxdur ki, sahil zolağını zəbt edərək pullu giriş tətbiq edilsin. Hər kəs bilməlidir ki, Bakı və Bakı ətrafı bütün çimərliklər pulsuzdur. Bu məsələ xüsusilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 21.05.2013 tarixində 179 saylı sərəncamında qeyd olunub. Pul yalnız duşxana, ayaqyolu və digər xidmətlərdən istifadəyə görə alına bilər. Kimdənsə pul tələb olunarsa, müvafiq dövlət orqanlarına müraciət etməlidir. Çünki, dəniz hər hansı bir şəxsin səlahiyyətinə yox, bütün Azərbaycan xalqına verilən nemətdir". Ə.Bağırov vurğuladı ki, çimərlik ərazisində spirtli içkilərin və tütün məmulatlarının xüsusi razılıq olmadan satılmasına icazə verilməyəcək. Dövlət rəsmisi bu il yay istirahətində 176 saylı sərəncamda verilən göstərişlər haqqında məlumat verdi. Onun sözlərinə görə, bu il yay mövsümündə çimərliklərin sanitar vəziyyətinə nəzarət gücləndirilib: “Hər il olduğu kimi bu il də şəhər əhalisinin və qonaqların səmərəli istirahətinin təşkili üçün çimərliyin ərazisinə yeni avadanlıqlar gətirilib və tikililər quraşdırılıb. Bununla yanaşı Bakı şəhər Ticarət və Xidmət Departamenti tərəfindən şəhər çimərliklərində kifayət qədər kölgəliklər, duş kabinaların quraşdırılması və sahil zolağının təmizlənib abadlaşdırılması üçün bir sıra tədbirlər görüləcək və çimərlik zonalarında ticarət, iaşələrin təşkili məqsədilə müvafiq qaydada yerlər müəyyən ediləcəkdir”.
Çimərliklərə getmək istəyənlərin nəzərinə onu da çatdıraq ki, bu il dəniz mövsümündə hansı çimərliyin gigiyenik cəhətdən nə dərəcədə təmiz olduğunu bilmək üçün monitorinqlər aparılır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri Ziyəddin Kazımovun qəzetimizə verdiyi məlumata görə, monitorinqin nəticələri bir həftəyə məlum olacaq və ictimaiyyətə çatdırılacaq.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər