İmadəddin Nəsimi və folklor

İmadəddin Nəsimi və folklor

17 Noyabr 2019, 12:30 856
Noyabrın 15-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "İmadəddin Nəsimi və Folklor” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda professorlar, elmi işçilər, tələbələr, media nümayəndələri iştirak etdi.

Tədbiri AMEA-nın müxbir üzvi, Əməkdar elm xadimi Kamran Əliyev açıb. O, "Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər haqqında danışdı.
"Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi və ilin "Nəsimi ili” elan olunması böyük mütəfəkkiri yenidən aramıza qaytardı. Biz Nəsimini unutmuşduq. Bu il çap olunan kitablar, keçirilən tədbirlər, araşdırmalar Nəsiminin yaradıcılığına yenidən işıq saldı. Bu təkcə ədəbi-mədəni hadisə deyil, həm də tarixi hadisədi. Qarabağ münaqişəsi dövründə Nəsiminin fədakar obrazı, yaradıcılığı bizə lazımdır”.
Kamran Əliyev "Folklorizm və mifologizmlərin Nəsimi şeirinin poetikasına təsiri” mövzusunda məruzə ilə çıxışını davam etdirib: "Elə bir klassik yoxdur ki, elə bir böyük mütəfəkkir tapılmaz ki, onun yaradıcılığı folklordan qidalanmasın, mifoloji qatı olmasın. Nəsimi də böyük şair və mütəfəkkir kimi şifahi xalq ədəbiyyatı nümunələrindən, mifoloji qəhrəmanlar və hadisələrdən öz yaradıcılığında istifadə etmişdir. Bizim nağıllarımızda, məsələn, "Cırtdan”da div həmişə nuru, işığı oğurlayan obrazdı. Nəsiminin div surəti keçən bütün şeirlərində işıq, Günəş, şüa elementləri də var və Nəsimi sanki nuru divdən qoruyur. Bu kimi motivlər çoxdu və araşdırılıb kitabda çap olunub”.

Daha sonra söz filologiya elmləri doktoru, professor Səhər Orucovaya verildi. O, "Nəsimi yaradıcılığında rəqəmlərin sirri – folklordan hürufiliyə gedən yol” adlı məruzə ilə çıxış etdi.
"Nəsimi yaradıcılığına nəzər saldıqda onun folklorla əhatələndiyinin şahidi oluruq. Nəsiminin təkcə yaradıcılığı deyil, həyatı da vəfatından sonra folklor pərdəsinə bürünmüşdür. Nəsimi yaradıcılığının alt qatlarındakı folklorun üzə çıxarılması, həyatı ilə bağlı yaranan folklor nümunələrinin, folklordan bəhrələndiyi sahələrin araşdırılması aktual məsələlərdəndir”.
 
Səhər Orucova Nəsiminin qəzəllərindəki rəqəmlərin metafizik mənalarını və nə ifadə etdiklərini konfrans iştirakçılarına bildirib. Nəsimi və şifahi xalq ədəbiyyatındakı oxşar cəhətlərdən danışıb. "Nəsimi poetik dili sakral və kodludur, onun doğru açılması və hansı ideyalara xidmət etdiyini bilmək üçün hər kəlmənin batininə sirayət etmək gərəkdir. Nəsimi yaradıcılığında işlənən rəqəmlər tədqiqatlarda hürufilik fəlsəfəsi ilə bağlanır. Məlumdur ki, hürufilikdə ədədlər müqəddəs hesab olunur. Hürufi şairin yaradıcılığında sayların semantikası da maraq doğurmaya bilməz. Amma Nəsimi yaradıcılığında yer alan sayları təkcə hürufiliklə bağlamaq folklorumuzda rəqəmlərin, sayların sakrallığını kölgədə qoya bilər. Belə ki, ezoterik biliklərin qaynaqları və ilk nümunələri kimi şifahi xalq yaradıcılığını göstərə bilərik. Qədim dövrlərdən günümüzə qədər hər bir xalqın, millətin mədəniyyəti üçün xarakterik olan rəqəmlər mifoloji dünya modeli ilə əlaqədar olmuşdur. Bu səbəbdən də Nəsimi yaradıcılığında işlənən rəqəmləri təhlil edərkən həm xalq dünyagörüşünə, həm də hürufi fəlsəfəsinə əsaslansaq, daha doğru olar”.

Professor Nəsimi yaradıcılığındakı "bir” rəqəminin vahidliyə, "iki” rəqəminin Xeyir və Şərin mübarizəsinə, maddi və mənəvi aləmə, "üç” rəqəminin isə yetkinliyə işarə edildiyini dedi. Digər sayları da təhlil edən Səhər Orucova konfransın iştirakçılarına təşəkkürünü bildirdi.
Kamran Əliyev tədbirin davamında çıxış etmək üçün filologiya elmləri doktoru İslam Sadıqı dəvət etdi. "Nəsimi yaradıcılığında xalq şeirindən bəhrələnmə” mövzusunda danışan İslam Sadıq Nəsiminin gəraylısının əlimizə gəlib çatdığını vurğuladı.
"Seçilmiş əsərləri”nə belə salınmayan bu gəraylı Nəsimi və aşıq yaradıcılığının bir-birinə bağlı olmasını sübut edir. Kamran müəllimin dediyi kimi, elə bir dahi yoxdur ki, onun yazdıqları mifologiyaya söykənməsin. Bu artıq aksiomadır. İsbata ehtiyacı yoxdur”.
 
Daha sonra "Nəsimidən folklora əlifnamənin seyri” mövzusunda Bakı Avrasiya Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Elmira Məmmədova çıxış edib. Öncə əlifnamə janrı haqqında danışan Elmira xanım bu janrın əsas xüsusiyyətləri və ondan istifadə edən aşıqlar barədə tədbir iştirakçılarına slaydlarla məlumatlar verib. Nəsiminin qəzəllərindən gələn əlifnamə detallarının Aşıq Ələsgərin qoşma və gəraylılarında üzə çıxmasından danışıb.
Atif İslamzadənin "Nəsimi yaradıcılığında epik folklor örnəkləri” məruzəsi isə diskusiyalar şəklində davam edib.
Konfransın davamında həmçinin filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova, Tural Adışirinov, Aytac Orucova, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasova da çıxış edib.
Çıxış edənlərə "Folklorun və Ədəbiyyatın inkişafına yardım” İctimai Birliyi tərəfindən təşəkkürnamələr verilib. Konfrans iştirakçılarına məruzələrin toplandığı kitab da təqdim olunub.

Rəvan Cavid