• cümə, 19 Aprel, 14:14
  • Baku Bakı 25°C

İlqar Orucov: Bu çirkin kampaniya da tezliklə iflasa uğrayacaq

14.05.19 11:45 808
İlqar Orucov: Bu çirkin kampaniya da tezliklə iflasa uğrayacaq
Azərbaycanda keçirilən istənilən beynəlxalq tədbir ərəfəsində ölkəmizə qarşı qeyri-obyektiv, qərəzli, həqiqəti əks etdirməyən, reallıqdan uzaq iddialar səsləndirilir, qarayaxma kampaniyaları həyata keçirilir. Nümunə üçün qeyd edək ki, 2012-ci ildə "Eurovision”, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları ərəfəsində də bu cür qara piar təşkil edilmişdi.
Bunu Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar OrucovAZƏRTAC-a açıqlamasında deyib.
İ.Orucov bildirib ki, Azərbaycan mühüm enerji və nəqliyyat layihələrini reallaşdırdığı zaman da analoji çirkin kampaniyaların hədəfində olub. Bu dəfə də aparılan təbliğatın əsas tezisi insan hüquqları ilə bağlıdır. Guya ölkəmizdə insan hüquqları pozulur, insanların təhlükəsizliyi ilə bağlı narahatləq mövcuddur və sair. Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanda polislərin insanlara qarşı münasibəti ilə Fransada "sarı jilet”lilərin təşkil etdiyi aksiyalar zamanı polislərin addımını müqayisə etmək heç bir məntiqə sığmır. Yaxud, ABŞ kimi dövlətdə polis şübhəli şəxsə qarşı silahdan istifadə edir, günün günorta vaxtı şübhəli şəxsi qətlə yetirir. Bu, insan hüquqlarının pozulması deyilmi? Azərbaycanda belə faktlar varmı? İnsan hüquqlarının, ümumiyyətlə siyasi məsələlərin UEFA-nın final matçına nə aidiyyəti var? Həmişəki kimi bu iddianın heç bir əsası yoxdur.
İlqar Orucov qeyd edib ki, bu dəfə ölkəmiz əleyhinə yeni iddialar da səsləndirilib. Guya ölkəyə gəlmək istəyənlərin viza alması ilə bağlı problem var, viza alınması proseduru çətindir. Halbuki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycabda milli brend olaraq "ASAN xidmət" istifadəyə verilib. Bu qurumun təqdim etdiyi "ASAN viza" xidməti vasitəsilə çox sadə bir prosedur icra edilməklə hər kəs ölkəmizə giriş vizasını asanlıqla ala bilir. İstənilən turist vizanı həm də elektron yolla ala bilər. Həm də turistlər hava limanında uzağı 20 dəqiqəyə viza ilə təmin edilir. Hansı ki, biz Avropaya səfərimiz zamanı viza prosedurunu ən tez halda 3 günə həll edə bilirik. Göründüyü kimi viza ilə bağlı iddia da tam əsassızdır.
"Aviabiletlərin və otellərin baha olması ilə bağlı narahatçılıq ortaya qoyulub ki, əslində bu iddia da həqiqəti əks etdirmir. Birincisi aviabiletlərin qiymətini dövlət tənzimləmir, bu tələb və təkliflə bağlı məsələdir. Hətta AZAL Böyük Britaniyaya uçuş xərclərində xeyli endirimlər edib. Vaxtaşırı xarici səfərlərdə olan biri kimi deyə bilərəm ki, əslində otellərimiz ən müasir səviyyədədir və qiymətlər də Avropa qiymətlərindən heç də baha deyil əksinə, xeyli əlçatandırlar”, - deyə Cəmiyyətin sədri bildirib.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri qeyd edib ki, cari il mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında iki ingilis komandası - "Arsenal” və "Çelsi” arasında keçiriləcək oyuna görə hətta absurd olaraq Britaniya Xarici İşlər Nazirliyi də müvafiq bəyanatla çıxış edib. Hansı ki, Britaniyanın ölkəmizdə diplomatik korpusu mövcuddur, bu dövlətin ölkəmizdə böyük şirkətləri fəaliyyət göstərir ki, ən azından onlar reallığı bilirlər. Bakıda indiyədək xarici turistlərə qarşı hansısa soyğunçuluq hadisəsi, ciddi qarşıdurma halları baş verməyibsə, nədən Britaniya kimi bir dövlətin xarici siyasət idarəsi ingilis futbol fanatlarına Bakıda "əcnəbilərin baş çəkdiyi barların ətrafında soyğunçuların hücumlarına məruz qala biləcəkləri” haqda müraciət etsin?
"Digər bir "narahatlıq” "Arsenal”ın erməni əsilli hücumçusu Henrix Mxitaryan barədədir. "Daily Mail”ın məlum və həqiqətdən uzaq iddiasının hansısa əsası varmı? Azərbaycanda indiyədək erməni əsilli idmançılar səfərlər ediblər, hətta, Prezident İlham Əliyev qalib erməni idmançısına mükafatı şəxsən təqdim etməklə əsl multikulturalizm və alicənablıq nümayiş etdirib. "Daily Mail”ın qeyd olunan hadisədən xəbərsiz olması mümkündürmü?”, - deyə İlqar Orucov vurğulayıb.
Cəmiyyətin sədri bildirib: "Mötəbər idman yarışlarını izləmək üçün ölkəmizə gələn istənilən əcnəbinin təhlükəsizliyinə Azərbaycan dövləti rəsmi olaraq təminat və zəmanət verdiyi halda təhlükəsizliklə bağlı uydurmaların mənbəyi haradandır? Fikirləşirəm ki, bu müstəqil, milli maraqlarını üstün tutaraq siyasət yeridən Azərbaycana qarşı qısqanc mövqe tutan qərbdəki ənənəvi qüvvələrin iyrənc təzyiq metodudur. 2014-cü ildə Dünya Gənc Alimlərinin ilk Bakı Forumu öncəsi Sorbon Universitetində təqdimat edərkən bir fransız xanım iştirakçı Azərbaycanın müharibənin getdiyi dövlət, Bakının kriminal şəhəri olması ilə bağlı iddia səsləndirdi. Hətta həmin iştirakçı ilk günlər Bakıda çantasını xüsusi mühafizə edirdi. Lakin növbəti günlərdə ölkəmiz haqqında indiyədək yanlış informasiyaya malik olduğunu, Bakının ən təhlükəsiz şəhərlərdən biri olması qənaətinə gəldiyini ifadə edərək xalqımıza qarşı böyük rəğbət və ehtiramla geri döndüyünü bildirdi. Deməli, Azərbaycana qarşı məqsədli şəkildə, xüsusi qərəzlə bu tip kampaniya aparılır. Əminəm ki, hər dəfə olduğu kimi, bu dəfə də UEFA Avropa Liqasının final qarşılaşması yüksək səviyyədə reallaşacaq, ölkəmizə qarşı başladılan iyrənc kampaniya növbəti dəfə iflasa uğrayacaq".
banner

Oxşar Xəbərlər