• cümə, 19 Aprel, 01:56
  • Baku Bakı 18°C

İllərə boyun əyməyən sevgi – Ailə

06.05.16 13:27 9270
İllərə boyun əyməyən sevgi – Ailə

Mirzə Qurban: "Hiss etdik ki, biz bir-birimizin həyatının qalan hissəsini tamamlayırıq”

13 ildir eyni həyatı bölüşürlər. Onların məhəbbəti zamana boyun əymir. Gün keçdikcə bir-birinə daha çox bağlanıb, ilk günki kimi sevirlər. Düşünürlər ki, ailə qurarkən əsas şərt sevgidir. Çünki ailə sevgi kimi dərin bağlarla bir-birinə bağlanırsa, bu zaman hər iki tərəf problemlərə göz yummağı bacarır.
"Ailə” rubrikamızın bu dəfəki cütlüyü "Space” kanalının aparıcısı Zamira Dadaşova və həyat yoldaşı, Region Tv-nin qrafika üzrə mütəxəssisi Mirzə Qurbandır. Həmsöhbətlərimizin yeddi və on iki yaşlı iki oğlu var.

"Məndən acığı gəldiyini etiraf edib”
Onların münasibətləri iş yoldaşı kimi başlayıb, ailə ilə nəticələnib. Zamira xanım deyir ki, Mirzəyə iş yoldaşı kimi hörmət etsə də, onunla ailə quracağı ağlına gəlməyib: "Mən 1996-cı ildən başlayaraq 11 il Azərbaycan Dövlət Televiziyasında çalışmışam və Mirzə ilə orada tanış olmuşuq. Amma münasibətimiz sadəcə iş yoldaşı müstəvisində idi. Onunla ailə quracağımı ağlıma belə gətirmirdim. Hamı bu insanı cox istəyir və hörmət edirdi. Çox tərbiyəli və sakit idi. İllər keçdi, biz sosial şəbəkədə də dostlaşdıq. Elə hər şey bundan sonra başladı. Mirzə 3-4 aydan sonra məni sevdiyini və evlənmək istədiyini etiraf etdi”.
Həmsöhbətimiz deyir ki, Mirzə işə başladığı ilk günlərdə Zamiradan xoşlanmayıb: "Mirzəni uzun müddət tanıdığım üçün evlənmə təklifini düşünmədəni qəbul etdim. Çünki xasiyyətini bilirdim, danışığına, davranışına bələd idim. Amma heç vaxt həyat yoldaşı ola biləcəyimizi düşünməmişdim. O da mənə iş yoldaşı kimi yanaşıb. Hətta məndən acığı gəldiyini də etiraf edib. İlk baxışdan ona qaraqabaq, özü haqqında yüksək fikirdə olan, hamıya yuxarıdan aşağı baxan qız təsiri bağışlamışam. Sosial şəbəkədə bir mövzunun müzakirəsi zamanı göründüyüm kimi olmadığımı anlayıb və ünsiyyəti davam etdirmək qərarına gəlib”.

"Məni heyran edir”
Mirzə deyir ki, Zamira onun həyat stimuludur: "Eyni sahədə çalışırdıq və tez-tez işgüzar münasibətlərdə olurduq. Sonradan bu işgüzar münasibətlər qarşılıqlı hörmətə və sevgiyə çevrildi. Yəqin o da, mən də hiss etdik ki, biz bir-birimizin həyatının qalan hissəsini tamamlayırıq. Artıq o, mənim həyat stimulumdur. İlk növbədə xanımlığı, əsil-nəcabəti, ana kimi uşaqlarına olan isti münasibəti, ailəyə məsuliyyətliliyi və ən əsası, ailədə əmin-amanlığı qoruyub saxlamaq bacarığı məni hər zaman özünə heyran edir”.

"İtirməkdən qorxuram”
Zamira deyir ki, ailədə xoşbəxt olmaq üçün hər şeyə sahibdir. Amma itirmək qorxusu onu üzür. Keçmişdə yaşadığı acı xatirə ona sevdiklərini itirə biləcəyini hər an xatırladır: "Xoşbəxtlik... Ailəm, məni sevən həyat yoldaşım, iki oğlum var. Bu günümə şükr edirəm. Amma hər zaman içimdə itirmək qorxusu var. Sevdiklərimi itirməkdən qorxuram. Bəlkə də keçmişdə baş verənlər mənə bu hissi yaşadır. Bilmirəm. Bir gündə 6 əzizini itirən (2004- cü ildə avtomobil qəzasında anasını, bacısını, qardaşını və 3 bacısı uşağını itirib) insan nə dərəcədə tam xoşbəxtəm deyə bilər ki? Deyirəm, gülürəm, gəzirəm, tək qalmağı, gecələri, özümlə baş-başa qalmağı, düşünməyi, əsasən də keçmişi düşünməyi sevmirəm. Məncə, bu həyatda tam xoşbəxt insan yoxdur. Bir tərəfdən xoşbəxt insan, başqa bir tərəfdən bəlkə də bədbəxtin bədbəxtidir. Oğlumun birinin 12, digərinin 7 yaşı var. Onlara baxıram sevinirəm, qürrələnirəm. Bax, bu sevinci özüm bu dünyadan köçənə qədər yaşamaq istəyirəm. Artıq heç bir acını, itkini qaldıracaq gücüm yoxdur. Ailənin xoşbəxtliyi üçün isə hər kəsə bir pay düşür. Yəni həm qadına, həm kişiyə, həm də övladlara. Birində büdrəmə oldusa, o ailə tam xoşbəxt deyil”.
Mirzə üçünsə xoşbəxtlik elə Zamiradır: "Mənim fikrimcə, əsl qadın elə mənim xanımım kimi olmalıdır. Sevdiyim qadın, iki oğlumuz, gözəl ailəmiz var. İnsana xoşbəxt olmaq üçün daha nə lazımdır ki... Bizim xoşbəxtlimizin sirri sevgi və qarşılıqlı anlaşmadır”.

"Hər iki tərəf "su” olmağı bacarmalıdır”
Bəzən istər qadın, istərsə də kişi ailədə münasibətləri tənzimləmək üçün hansısa xasiyyətlərini dəyişir. Zamira deyir ki, onlar bir-birini olduğu kimi qəbul edir, dəyişməyə cəhd etmirlər: "Mən, ümumiyyətlə, kiminsə dəyişilməsinin tərəfdarı deyiləm və bu mümkün də deyil. Mən insanları olduğu kimi qəbul edirəm. İnsanlar da məni olduğum kimi qəbul etsələr, yaxşı olar. Aktrisa deyiləm ki, səhnədə hansısa rola girim, özümü göstərim. Ailə qurmağa hazırlaşan cütlüklərə də məsləhətim odur ki, heç kimi dəyişməyə cəhd etməsinlər, çünki bu mümkün deyil. Özünüzü aldatmış olacaqsınız. Xasiyyət dəyişmir. Hər hansı məsələyə, hadisəyə münasibət dəyişə bilər. Amma xasiyyət olduğu kimi qalır”.
Hər ailədə olduğu kimi, müsahiblərimizin də həyatında müəyyən problemlər ortaya çıxır. Zamira xanım düşünür ki, münasibətlərdə hər iki tərəf "su” olmağı bacarmalıdır: "İstər kişi, istərsə də qadın həyat yoldaşı ilə o həyatı bir ömür getmək istəyirsə, yeri gəldikdə, "su” olmağı bacarmalıdırlar. Məsələn, mən "od” olanda, o, "su” olur. O "od” olanda, mən "su”. Bax, beləcə illərdir bir yerdəyik”.

"Həm ata, həm də dostam”
Uşaqların tərbiyəsinə gəldikdə, cütlüyümüzün əsas məqsədi vətənə, millətə xeyirli övlad yetişdirməkdir. Zamiranın fikrincə, uşaqların yanında problemləri həll etmək olmaz: "Hər birimizin yanlışı ola bilər. Amma bunu təklikdə demək lazımdır. Uşaqlar böyüklərin söz-söhbətlərini eşitməməlidir. Deyirlər, uşaqların tərbiyəsi ilə adətən analar məşğul olmalıdır. Amma bu sahədə ikimizə də pay düşür. İndiki mühitdə övlad böyütmək cox çətindir. İnşallah, düzgün şəkildə tərbiyələndirib, vətənə, millətə xeyirli övladlar yetişdirərik”.
Mirzə deyir ki, oğlanlarına həm ata, həm də dostdur: "İki oğlumuz var. Mən onlara həm ata, həm də dostam. Hər şeydən əvvəl çalışıram ki, onları başa düşüm. Çünki müasir uşaqların həyata baxışı fərqlidir. Lazım olan yerdə mən onlara istiqamət verirəm. Əlimdən gələni edirəm ki, uşaqlarım mərd, tərbiyəli, ailəmizə və vətənə layiq övladlar kimi böyüsünlər. Onların təhsilli və savadlı olmaları mənim üçün cox vacibdir”.

"Sevginin jurnalisti, həkimi, kosmonavtı olmur”
Bəzi kişilər düşünür ki, jurnalist qadınla ailə qurmaq o qədər də asan deyil. Hətta bu, araşdırmalarla da sübut olunub. Mirzə bəyin sözlərinə görə, sevginin jurnalisti, həkimi, kosmonavtı olmur: "Əsas o deyil ki, həyat yoldaşım jurnalist və yaxud başqa peşə sahibidir. Əsas olan onun insan olub səni başa düşməsidir. Bundan əlavə, biz eyni sahədə çalışırıq və bu işin bütün mənfi və müsbət tərəflərini bilirik. Bunun üçün işlə bağlı çətinliyimiz olmayıb. Sevdiyin qadın kosmonavt da ola bilər, idmançı da və başqa sahənin peşəkarı da... Bu sənin sevginə təsir etmir”.
Müsahiblərimiz xoşbəxt ailədə qadın-kişi münasibətlərindən də danışdılar. Mirzə deyir ki, əsl qadın elə onun həyat yoldaşı kimi olmalıdır: qayğıkeş, sevgi dolu, yeri gəldikdə dost, yeri gəldikdə həyat yoldaşı... Ən əsası, qadın kimi qadın olmalıdır.
Zamira xanım isə düşünür ki, kişi ən əsası ailəcanlı olmalıdır: "Mirzə çox ailəcanlı insandır, övladları üçün canını verər, illər keçsə də, məni ilk günlərdəki kimi sevir. Ən ağır günlərimdə hər zaman yanımdadır. Qayğıkeşdir. Bu xüsusiyyətlərinin olduğunu ilk gündən hiss etmişdim və qərarımda yanılmadım. Həqiqətən kişi-qadın münasibətlərində saydığım bu xüsusiyyətlər kişidə mütləq olmalıdır”.

"Bircə kirayə olmasın”
Müsahiblərimiz sonda ailə qurarkən gənclərə ən çox diqqət ediləsi məqamlar haqqında da məlumat verdilər. Zamiranın fikrincə, problemsiz evlilikdə ən əsas məsələ cütlüklərin bir otaqlı da olsa öz evlərinin olmasıdır: "Bəlkə də deyəcəyim fikirlərə görə məni qınayanlar olacaq. Məncə, ilk növbədə xasiyyətlər, ikinci növbədə ailələr uyğun gəlməlidir. Və ən əsası, cütlüklərin yaşaması üçün mənzil olmalıdır. Bir otaq olsun, amma olsun. Hamı bir tikə çörək qazanır. Ev almaq isə cox çətindir. Demirəm, evi olmayan oğlanı sevməyin. Qız evi, oğlan evi birləşib yeni evlənən cütlüklərə mütləq mənzil almalıdır. Şahidi olmuşam, kirayə gəzə-gəzə neçə-neçə ailələr dağılıb. Toy edəndə toydan yığılan puldan on min müğənniyə, iyirmi-otuz min restorana verincə və ya bahalı qızıl brilyant əşyaları alınca, yeni qurulan ailələrə mənzil alsınlar. Balaca olsun, təmirsiz olsun, təki olsun. Bircə kirayə olmasın”.
Mirzə isə xoşbəxt ailədə əsas şərtin sevgi olduğunu düşünür: "Ən əsası, gənclər ürəklərinin səsinə qulaq asmalıdılar. Çünki evlənərkən sevgi əsas şərtdir. Ondan sonra təbii ki, qızın tərbiyəsinə, əxlaqına diqqət yetirilməlidir ki, sonradan ailədə problemlər yaşanmasın”.

Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər