AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İlk Xalq artistimiz

İlk Xalq artistimiz

Mədəniyyət
24 Oktyabr 2013, 10:35 2847
“İndi artıq onu tanıyan, səhnədə görən insanlar həyatda yoxdur. Onun haqqında yalnız kitablardan, arxiv materiallarından öyrənmək olar”. Oktyabrın 23-də Akademik Milli Dram Teatrda 125 illik yubileyi qeyd edilən Azərbaycanın ilk Xalq artisti Hacağa Abbasov haqqında bu sözləri qızı Elmira xanımın dilindən eşitdik. O, atası ilə bağlı xatirələrində təkcə ömrünü səhnəyə həsr edən bir insanın maraqlı sənət yolundan deyil, həm də kəşməkəşli həyat yolundan danışdı.

“Hacımirzə” teatrı

Bakının Maştağa kəndində müəllim ailəsində anadan olan Hacağa Abbasov ilk təhsilini kəndlərindəki rus-tatar məktəbində alıb. Görkəmli ziyalı, maarifçi Həbib bəy Mahmudbəyovun məktəbində oxuyarkən Hüseyn Ərəblinski ilə görüşməsi onun gələcək taleyində böyük rol oynayır. O, teatrda Cahangir Zeynalov, Mirzəağa Əliyev, Sidqi Ruhulla kimi peşəkar aktyorlarla çiyin-çiyinə çalışaraq özü də təcrübəli bir aktyor kimi formalaşır. 1905-ci ildə ilk rolu ilə səhnəyə çıxan aktyor M.F.Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” əsərinin tamaşasında Molla İbrahimxəlil rolunu oynayır. 1906-1909-cu illərdə təhsilini Port-Petrovskda (indiki Mahaçqala) davam etdirir. Burada azərbaycanlılardan ibarət teatr truppası yaradır və sonralar bu truppanı Teymurxanşurada (Dağıstanın indiki Bunyaksk rayonu) teatra çevirir. Bakıya müəllim kimi qayıdan gənc aktyor Müsəlman Artistləri Cəmiyyəti İttifaqının “Nicat”, “Həmiyyət” teatr truppalarında, daha sonra isə “Səfa” cəmiyyətində, “Zülfüqar və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” adlı teatr truppasında fəaliyyətini davam etdirir. O, həmçinin Mirzə Ələkbər Sabirlə birlikdə Balaxanı kənd məktəbində müəllim işləyir.
Kiçik yaşlarından rus dilini mükəmməl öyrənən aktyor rus ədəbiyyatına, xüsusilə də Lev Tolstoyun yaradıcılığına böyük maraq göstərir, hətta onun əsərlərini tərcümə edərək tamaşaya qoyur. 1907-ci ildə Tolstoyun Yasnaya Polyanadakı mülkünə gedir, böyük ədiblə yaxından tanışlığını isə xatirələrində qələmə alır: “Mən böyük ədibə Azərbaycan oxucuları tərəfindən çox sevildiyini dedikdə o, xeyli məmnun oldu. Biz ayrılarkən “Hərb və sülh” kitabına “Yadigar üçün L.N.Tolstoydan” sözlərini yazıb, mənə bağışladı”.
Görkəmli aktyor teatrda çalışdığı illərdə “Hacı Qara”da Hacı Qara, “Yağışdan çıxdıq, yağmura düşdük”də Hacı Qəmbər, ”Nadir şah”da Mirzə Mehdi xan, “Şamdan bəy”də Şamdan bəy, “Dəmirçi Gavə”də Qubad və s. rolları məharətlə oynadı. O, həmçinin dahi Üzeyir Hacıbəylinin "Məşədi İbad", "Arşın mal alan", "Ər və arvad" operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə səhnəyə çıxıb. Hər bir rolu da böyük məhəbbətlə qarşılanıb.
H.Abbasovun sənət taleyində görkəmli aktyor Mirzəağa Əliyevlə birgə yaratdığı və rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrındakı fəaliyyəti də böyük rol oynayıb. 1921-ci il noyabrın 13-də teatrın açılışında o dövrün tanınmış mədəniyyət və dövlət xadimləri - Nəriman Nərimanov, rus rejissoru Konstantin Stanislavski, memar Zivər bəy Əhmədbəyov, rəssam Əzim Əzimzadə, yazıçı Məmməd Səid Ordubadi və başqaları iştirak ediblər.
Hacıağa Abbasov teatrın səhnəsində, müxtəlif ədiblərin əsərləri ilə yanaşı, özünün yazdığı pyesləri də tamaşaya qoyub. Dünya və rus dramaturqlarının yaradıcılığını öyrənmək, onları tərcümə etməklə bərabər, dramaturgiya sahəsində qələmini müvəffəqiyyətlə sınayırdı. O, “Bakının fəthi”, “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”, “Sabirin məhkəməsi”, “Rus macərası” kimi bir-birindən maraqlı pyeslər yazıb. “Sabirin məhkəməsi” pyesində böyük satirik şairin kəşməkəşli həyatını təsvir edib. Teatr tez-tez Bakı kəndlərində tamaşalar göstərərək tamaşaçıların qəlbinə ol tapıb. İnsanlar bu teatrın səhnəsində öz həyatlarını, öz dərdlərini görürdülər. Teatrın fəaliyyəti Hacıağa Abbasovun və görkəmli sənətkar Mirzəağa Əliyevin adı ilə bağlı olduğundan xalq arasında “Hacımirzə” teatrı kimi tanınıb.

Maarif fədaisi

Görkəmli aktyor hələ gənc yaşlarından nadanlığın hökm sürdüyü kəndlərdə məktəblərin açılması, qızların məktəbə cəlb olunması istiqamətində fəaliyyət göstərib. Böyük Vətən müharibəsi illərində respublika Xalq Komissarları Soveti yanında İncəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışan H.Abbasov Qazax, Şamaxı, Göyçay, Zaqatala və Bərdə rayonlarında teatrların yaradılmasında yaxından iştirak edib. O, kənd-kənd, rayon-rayon gəzərək istedadlı gəncləri toplayır, onlara kömək edirdi. Hətta Adil İsgəndərovun Gəncədən Bakıya gətirilməsinə və Moskvaya oxumağa göndərilməsinə nail olmuşdu. O, həmçinin Mustafa Mərdanov, Möhsün Sənani, İsmayıl Osmanlı kimi istedadlı aktyorları Gürcüstandan Bakıya gətirir. 1927-ci ildə Azərbaycan Dram Teatrına direktor təyin edilən H.Abbasov milli teatrının inkişafı istiqamətində işlər görməklə yanaşı, yeni aktyor nəslinin yetişdirilməsinə çalışıb. 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbər təyin edilən aktyor teatra bacarıqlı rejissor və aktyorlar yetişdirmək üçün çalışıb. Həmin dövrdə Ələsgər Ələkbərov, Adil İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı kimi Azərbaycan teatr və kinosunun şöhrətləndirəcək aktyor nəsli yetişdirməyə nail olur. H.Abbasovun Azərbaycan teatrının inkişafında və gənc nəslin formalaşması sahəsində xidmətləri nəzərə alınaraq ona 1932-ci ildə Azərbaycanın Xalq artisti fəxri adı verilir. Bu fəxri ada ilk dəfə layiq görülən aktyor kimi onun adı teatr tarixinə yazılır.

Sibirdən Orta Asiyayadək

Aktyorun qızı Elmira xanım Hacağa Abbasovun həyat yolunun məşəqqətli olmasından danışır: “Atamın ömür yolu çox çətin olub. O, təqiblərə məruz qalıb, ömrü sürgünlərdə keçib. Bir neçə dəfə vətəni tərk etməli olub. Atam 1937-ci ildə Sibirə sürgün edildiyi zaman həyat yoldaşı da həbslərə düşməsin deyə ondan ayrılıb. O, həbs müddətinin bir hissəsini Moskvada keçirib. Ədəbiyyatı, rus və türk dillərini mükəmməl bildiyi üçün Moskvada həbsdə ikən ondan tərcüməçi kimi istifadə ediblər. 1943-cü ildə atam xəstə halda sürgündən qayıdır və müalicə olunduğu zaman mənim anamla tanış olaraq ailə qurur. Anam tibb bacısı idi. Amma bu dəfə də Mircəfər Bağırov atamı rahat buraxmır. Evimiz Mərkəzi Komitənin binasına yaxın olduğuna görə komitənin işçiləri sürgündən qayıdanların idarəyə yaxın yerdə yaşamasını istəmirdilər. Buna görə də atam 1948-ci ildə anamla birlikdə evi dövlətə təhvil verir və Orta Asiyaya köçür. Atamın ikinci sürgünlük həyatı başlayır. Atamla-anam əvvəl Səmərqəndə, oradan da Düşənbəyə gedirlər. Atamın səhhətində problemlər vardı. Ancaq anam ona yaxşı qulluq edirdi. Elə sürgün həyatına dözməsinin səbəbi də anamın qayğıkeşliyi sayəsində mümkün oldu. Orta Asiyada sürgün həyatı yaşayarkən belə səhnə fəaliyyətini davam etdirmiş, teatr truppaları, dərnəklər yaratmışdı”.
Hacağa Abbasovun ailəsinin 1957-ci ildə Bakıya qayıtmasına icazə verilib. Qayıtdıqdan sonra onlar evlə təmin olunub, hətta ona fərdi təqaüd də kəsilib. Aktyor sonradan keşməkeşli həyat yolunu “Xatirələrim” kitabında qələmə alır. “Evimizə həmişə tanınmış insanlar gələrdi. Atamın yaxşı hafizəsi var idi. Ona görə də ondan öyrənməyə gələnlər çox olurdu. Teatrşünas Cabir Səfərov atamın yanına tez-tez gələrdi. Süleyman Rüstəm, Bəhram Mənsurov, Mehdi Məmmədov, Əhməd Bakıxanov, Əliağa Vahid, Agahüseyn Cavadov, Azad Əliyev, Əli Fəhmi evimizin tez-tez qonağı olar, atamla maraqlı söhbətlər edərdilər. Yadımdadır, atam muğamatı çox sevərdi. Bizim kiçik, xudmani evimizdə görkəmli tarzənlərin tarının sədaları eşidilirdi. Bu, bir aləm idi. Atam qonaq-qaranı, dostlarla əlaqə saxlamağı çox sevərdi. Anam da gələn qonaqlara həvəslə qulluq edərdi”.
Azərbaycan teatrının 100 illik yubileyi qeyd ediləndə aktyor xəstə olduğu üçün yubileydə iştirak edə bilməyib. “Mehdi Məmmədov evimizə gələrək atamı teatra dəvət etdi. Amma atam xəstə olduğu üçün gedə bilmədi. Mehdi müəllim “biz səni qucağımızda apararıq, təki sən razı ol” desə də, atam ayaqları şişdiyi üçün getmədi. Amma onun bütün qəlbi teatrda idi. O, teatrla nəfəs alırdı. Ömrünü-gününü səhnəyə həsr etmişdi. Ona görə teatrla bağlı hər şey onun üçün maraqlı və həyəcanlı idi. Yubiley günü rəhmətlik Siyavuş Aslan atamın rolu ilə səhnəyə çıxdı. Yubileydə atamın yazdığı pyeslərdən səhnəciklər də göstərildi”.
Elmira xanım deyir ki, indiyə qədər atasının yubileyi dövlət tərəfindən bir neçə dəfə qeyd olunub. “Onun haqqında tez-tez verilişlər hazırlanır, məqalələr yazılırdı. Amma xəstə olandan sonra dəvət alanda televiziyaya gedə bilmirdi. Ömrünün axır vaxtlarında veriliş hazırlamaq üçün çəkiliş qrupu evimizə gəldi. Atam həmçinin qəzetlərə də mütəmadi məqalələr göndərərdi. O, teatrla bağlı onu narahat edən məsələləri, teatrın uğurlarını, təkliflərini və s. qələmə alırdı? ”.
Hacağa Abbasov 87 yaşında dünyasını dəyişib. Cəmi 10 gün xəstə yatıb. “O, çox gümrah, özünə fikir verən, səliqəni sevən insan idi. Amma ürək-damar sistemində problemlər yaranmışdı. 1975-ci ildə vəfat etdi” - deyə Elmira xanım xatırlayır: “Ancaq ondan sonra Azərbaycan teatrı üçün peşəkarlıqla oynadığı rollar, bu sahədə gördüyü işlər, yetişdirdiyi insanlar yadigar qaldı...”

Təranə Məhərrəmova