• cümə axşamı, 28 mart, 17:15
  • Baku Bakı 16°C

“İlk və son mahnı”nın müəllifi - Fotolar

28.11.18 09:00 2857
“İlk və son mahnı”nın müəllifi - Fotolar
Təhsil, cəmiyyət, ədəbiyyat, uşaqların tərbiyə məsələsi mövzularında yazdığım məqalələrdə onun fikirlərinə istinad etdiyim məqamlar tez-tez olurdu. Həm də təkcə mənim üçün yox, ümumən media aləmi üçün bu kimi mövzularda ən maraqlı, məlumatlı və açıq müsahiblərdən idi Əjdər Ağayev. Məktəbdə təlim-tərbiyə prosesi, müəllim-şagird davranışı, valideyn-övlad münasibəti, dərsliklərin vəziyyəti, şəxsiyyətin formalaşması, milli-mənəvi dəyərlər, həyata baxış, insan münasibətləri və s. mövzularla bağlı tədqiqatları hamı üçün heç zaman dəyərini itirməyəcək təcrübə məktəbidir.Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri, Respublika Müəllimlər Şurasının sədri, Əməkdar müəllim Əjdər Ağayev "Kaspi”ni sevirəm” deyə "Bizim qonaq” olmaq dəvətini məmnuniyyətlə qəbul etmişdi.Uşaqlığından, gəncliyindən, müəllim kimi çalışdığı illərdən, elm yolunu seçməsindən, təhsilin hazırkı vəziyyətindən... xeyli söhbət açmışdı. Ensiklopedik biliyə, zəngin dünyagörüşə malik, tanıyanların "canlı arxiv” adlandırdığı bu insana qulaq asdıqca təkcə gənclərə deyil, bütün insanlara örnək olan həyat yoluna bələd olmuşduq.
Məktəbin yolu uzaq idi
81 il öncə - Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub Əjdər Ağayev. Hələ uşaqlıqdan həyatın bütün çətinliklərini yaşayıb. Atası vəfat edəndə 12 yaşı vardı. Altı uşaqdan ibarət ailənin yükü anasının çiyinlərinə düşüb. Ancaq fədakar qadın övladlarına layiqli tərbiyə verib, hamısının ali təhsil almasına çalışıb. Anasının şifahi xalq ədəbiyyatından söylədiyi nağıllar, bayatılar, atalar sözləri övladlarının tərbiyəsində böyük rol oynayıb: "Anam da, atam da ömür boyu namaz qılıb. Valideynlərim dini dəyərlərə yüksək qiymət verdiyinə görə ailəmizdə humanizm, ədalət, obyektivlik, prinsipiallıq, hörmət var idi”.

Kəndlərində tam orta məktəb olmadığından qonşu kənddə təhsilini davam etdirib: "Məktəbin yolu uzaq idi. Öz kəndimizdə müəllim işləyən qardaşımın məsləhəti ilə Salyandakı 2 nömrəli orta məktəbə getməli oldum. Hər həftənin sonunda kəndən evimizə qayıdırdım. 14 yaşım vardı. Qatarla, avtobusla və piyada getdiyim yollarda çəkdiyim əziyyətlər məni formalaşdırırdı” - deyə uşaqlığını xatırlayırdı. Salyanda oxuduğu illərdə rayon Mədəniyyət Evində hazırlanan tamaşalarda yaxından iştirak edib. Yaxşı səsi də vardı. İstedadı 5-ci sinifdə müəlliminə şeir həsr etməyə də imkan vermişdi. Orta məktəb illərində şeirlərini nəinki ədəbi məclislərdə oxuyur, hətta rayon qəzetində də çap etdirirdi.

Orta məktəbi bitirdikdən sonra sənədlərini müəllimliyi çox sevdiyi, həm də ədəbiyyatı mükəmməl bildiyi üçün Pedaqoji İnstitutun ədəbiyyat fakültəsinə verir. "Azərbaycan dili və ədəbiyyat müəllimim böyük qardaşım olmuşdu. Bu günə qədər öyrəndiyim qrammatika onun mənə öyrətdikləridir. İmtahanlarda ümumilikdə 18 bal topladım. Bu da Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul üçün ən yüksək göstərici idi. Üçüncü kursdan isə institutun tarix fakültəsi ilə filologiya fakültəsi birləşərək eksperimental Tarix-filologiya fakültəsi yarandı”.Tələbəlik illərində yataqxanada yaşayan Ə.Ağayev maddi çətinliyinin öhdəsindən də öz bacarığı hesabına gəlir. İkinci kursda oxuyanda respublika mətbuatında yazdığı məqalələrdən qazandığı qonorar hesabına dolanır. Sonralar Yazıçılar İttifaqından, radioda oxunan hekayələrinə görə də qonorar alır.

İnstitutun tarix-filologiya fakültəsini bitirdikdən sonra müəllim kimi əmək fəaliyyətinə başlayır. Kəndlərinə dönən Ə.Ağayev qonşu kənddə müəllimlik edir. Yayın qızmar istisində, qışın şaxtasında yarım yolu qonşu kəndə piyada gedib-gəlir: "Səhərlər 7-də evdən çıxır, 9-a qalmış məktəbə çatırdım. Qışda yolda canavarlara rast gəlir, qarın üstündə dovşanın, tülkünün izini görürdüm”.

Onun üçün müəllimlik ən yüksək dəyər idi. "Müəllim olmaq ən böyük vətəndaş olmaq deməkdir. Buna hazır olmaq lazımdır. Bəziləri «Mən müəllim olmaq istəmirdim, müəllimlik ixtisasını yazdım, bura da düşdüm» - deyəndə təcrübəsindən çıxış edirdi: "Əgər tələbə müəllim olmaq istəmirsə, universitetdə oxuduğu illər onun üçün ağır əzabdır. Həmçinin istəmədən hazırlaşan adam icraçıya çevrilir. Müəllim mənimsəyərək biliklərə yiyələnməli və mənimsədiklərini də tətbiq etməyi bacarmalıdır. Müəllimin işi təkcə proqramdakı dərsi keçmək deyil. Onsuz da bəsit halda hamının sinif haqqında təsəvvürləri var. Müəllimlərimizin səviyyəsi hazırda o dərəcədə yüksək deyil. Düzdür, anadan müəllim doğulanlarımız da var. Mən hələ sovet dövründə "kim ki, məktəbi «3» qiymətlə bitirir, onun müəllim ixtisası üzrə işləməsinə imkan vermək olmaz” deyə yazmışdım. Müəllimin insan yetişdirməkdəki qüsurları cəmiyyətdə bəlaya çevrilir. İndi müəllimlər var ki, bədii, tarixi əsər oxumurlar, qəzet-jurnallardan xəbərləri yoxdur. Məktəb kollektivinin özü də bir-birinin işini ümumiləşdirməlidir. Yaxşını üzə çıxaranda o birinə də nümunə olacaq”.
Ə.Ağayev onu müəllim kimi yetişdirən mühiti minnətdarlıqla xatırlayırdı: "Oxuduğum məktəblərin kollektivlərinə minnətdar olduğum qədər ilk ildə işlədiyim orta məktəbin direktoruna və kollektivinə də təşəkkür edirəm ki, onlar məni pedaqoq etdi”.

Görkəmli pedaqoqun "Sabahın insanı” haqqında mükəmməl fikirləri vardı. Onun üçün mənəvi məsələlər dəyişməz idi: "Təhsilimizi yeni dövrün tələblərinə uyğun qurmalıyıq. İstər texniki-texnoloji, istərsə də bazar münasibətləri ona uyğun olmalıdır. Nə dəyişir dəyişsin, mənəvi tərbiyə məsələləri dəyişməməlidir. Bu gün bizim mənəviyyata aid misallarımızın hamısı kapitalizm dövründə yarananlardır. Bu gün də mənəviyyat sanki sükançıdır. Ancaq biz bu gün bu sükanı əldə saxlaya bilmirik. Müəllimlər tədris prosesində şagirdlərə şəxsiyyət kimi baxmalıdır. Mənim qarşımdakı şagird sabahın insanıdır”.
Elmin fədakarı

Uzaq, daşlı-kəsəkli kənd yolları qəlbində arzular aşıb-daşan gənci elmin geniş üfüqləri ilə qovuşdurur. Müəllim kimi çalışması onun elmi fəaliyyətini davam etdirmək istəyinə mane olmur, əksinə tədqiqatlarına yol açır, onu elm yolunun fədakar yolçusuna çevirir. Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olur. "Fərhad Ağazadənin pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışır.

Ə.Ağayev zəhməti, gərgin araşdırmaları, yuxusuz gecələri hesabına adını Azərbaycan pedaqogika elminin tarixinə yazdırmağa müvəffəq olur. Görkəmli pedaqoq həmçinin publisist, şair, nasir kimi də tanınırdı. Bir sıra hekayələri ibtidai siniflər üçün yazılmış Azərbaycan dili dərsliklərində yer alıb. "Sülh gəmisinin kapitanı”, "Bala dadı, bal dadı”, "Ceyran nənəm”, "Gəlirəm, gözlə məni”, "Fərhadın rəsmləri”, "Allahın haqq bəndəsiyəm”, "Pişik balasının səhvi” və s. bədii kitabları təkcə uşaqlar tərəfindən deyil, böyüklər tərəfindən də sevilə-sevilə oxunur.Sözlərinə bəstəkarların yazdığı 200-dən çox mahnı, uşaqlar üçün yazdığı şeirlər var. "Qalx ayağa, Azərbaycan”, "Üç rəngli bayrağımz”, "Ana yurdum Azərbayan”, "Ana”, "Babamın ağ saçları”, "Mənim üç babam var”, "Dövlətdə dəvə, övladda nəvə”, "Ceyran nənəm”, " Ülviyyənin nağılı” və s. şeirləri dillər əzbərinə çevrilib. Çox sayda monoqrafiyanın, dərsliklərin, metodik vəsaitlərin müəllifi olan tanınmış alimin əsərləri müxtəlif dillərə tərcümə olunaraq çap olunub. "Məktəblilərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi”, "Vətəndaş olmağa borclusan”, "Həyatın astanasında” kimi kitabları və bir çox silsilə məqalələri nəinki bu günümüzün, həm də gələcəyin aktual problemləri olanvətəndaşlıq tərbiyəsi, şəxsiyyətin formalaşması, peşə seçimi kimi əhəmiyyətli mövzulara həsr olunub. Görkəmli qələm sahibi"Azərbaycan məktəbi” jurnalının və ona metodik əlavələrin baş redaktoru kimi təhsilin inkişafına və təbliğinə xidmət edib. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirib.
Ömrün son mahnısı
Görkəmli alimin əsas amalı xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl idi: "Mən həmişə deyirəm ki, insanları ali məktəblərə qəbul edilməsi ilə deyil, vətəndaşlıq dəyəri ilə ölçün. Əgər mən hər şeyin yaxşı olduğunu desəm, bu, vətənpərvərlik deyil. Mən həmişə deyirəm: təhsil adadır, cəmiyyət isə dərya. Onların havası bir-birinə uyğun olmalıdır. Bu gün müsbət insan keyfiyyətləri formalaşdırmağın kökündə xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl dayanır” - deyə ağsaqqal öyüd-nəsihəti ilə deyirdi.

Əjdər Ağayev pedaqoji işə, pedaqogikanın sirlərinə, fəlsəfi təfəkkürün inkişafına, insan münasibətlərinin formalaşmasına, tədrisin keyfiyyətinin yaxşılaşmasına, ədəbiyyat məsələlərinə və s. fundamental tədqiqatlara həsr etdiyi ömrünü çıraq kimi yaşadı. Xalqını, vətənini sevməyin, bütün ömrü boyu belə bir məhəbbətlə yaşamağın əsil xoşbəxtlik olduğunu deyən alim "Öz amalını, öz istəyini özündən sonra gələnlərin ürəyinə, beyninə həkk edə bilmək də böyük səadətdir” - deyə parlaq bir ömrü başa vurdu: "Mənim elmi işlərim insan konsepsiyası, şəxsiyyətin formalaşmasıdır. Digər kiçik tədqiqatlarım da şagirdlərin vətəndaşlıq borcu, tərbiyəsi mövzusudur. Biliklər lazımdır, ancaq bizim vətənə daha çox vətəndaşın mövqeyini başa düşən insan lazımdır”.

Əjdər Ağayevin ilk hekayəsi "Azərbaycan pioneri” qəzetində çap etdirdiyi "İlk və son mahnı” olmuşdu. 81 yaşlı pedaqoqun vəfatı xəbəri isə bu işıqlı ömrün son mahnısı kimi səsləndi...

Allah rəhmət eləsin!
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər