AZE | RUS | ENG |

«İlk paltomu ikinci kursda qonorarımla aldım» - Mən gənc olarkən

«İlk paltomu ikinci kursda qonorarımla aldım» - Mən gənc olarkən
Əjdər Ağayev: «Yeməyimiz marqarin yağında bişən kartof qızartması və çörəkdən ibarət idi»

Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin 2014-cü ildə "Kaspi" qəzetinə verdiyi müsahibəni təqdim edirik. Allah rəhmət eləsin! 
 
Həmişə həyatın içində olduğunu və öyrəndiyini deyir. Onu pedaqoq etdiyinə görə oxuduğu məktəblərin və ilk dəfə işlədiyi orta məktəbin direktoruna və kollektivinə minnətdarlığını bildirir. Müsahibimiz Azərbaycan Təhsil Şurasının sədri, Qafqaz Universitetinin Pedaqogika kafedrasının müdiri, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Prezident təqaüdçüsü, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevdir.

Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. On iki yaşındaykən atası dünyasını dəyişdiyindən evi anası idarə edib, dolanışıq isə böyük qardaşı Abuzərin üzərinə düşüb. Anası ali təhsil almasa da, sinədəftər olub. Şifahi xalq ədəbiyyatını çox gözəl bilib. "Onun danışığının yarısı atalar sözündən ibarət olardı. Quranı əzbər bilirdi. Anam danışardı ki, atam qışda dəmirçilik, ovçuluq edib, kəndimizdə mahir ovçu kimi tanınıb. Anam da, atam da ömür boyu namaz qılıb. Dini dəyərlərə yüksək qiymət verdiyinə görə bizim ailədə humanizm, ədalət, obyektivlik, prinsipiallıq, hörmət var idi”. 

Belə bir ailədə altı uşaq böyüyüb. Ailənin sonbeşiyi isə həmsöhbətimiz Əjdər Ağayev olub. Çətinliklə dolanmalarına baxmayaraq, ailədəki bütün uşaqlar ali təhsil alıb.
 
 

Qardaşım necə şillə vurdusa...

Ə.Ağayev uşaqlığında onlara ata əvəzi olan böyük qardaşından çəkinib, ehtiyat etdiyini deyir: "Məktəbdə dil-ədəbiyyat müəllimi işləyən böyük qardaşım çox zabitəli, nizam-intizamı sevən adam idi. Kiçicik bir dəcəllik etdikdə, mütləq bizi cəzalandırardı. Bir dəfə coğrafiya dərsinə hazırlaşarkən mən çubuğu fırlayanda, çubuq xəritənin ortasını cırdı. Qardaşım sinfə gəlib, bunu kimin etdiyini soruşduqda, uşaqlar dillənməsələr də, hamısının çevrilib mənə baxması məni "ələ verdi”. O, mənə "yadında qalsın ki, məktəb malına bu cür münasibət olmaz”, - deyib necə şillə vurdusa, səsi otağı götürdü”.

5-ci sinifdə ilk şeirini yazır

Yeddi illik məktəbi qurtarandan sonra kəndlərində tam orta məktəb olmadığından təhsilini qonşu kənddə davam etdirir. Yol uzaq olduğundan qardaşının məsləhəti ilə kənd məktəbindən çıxaraq, Salyandakı 2 nömrəli oğlan məktəbinə getməli olur: "Salyanda həm əmimin evi, həm də şəhər məktəbinin internatı vardı. Kənddən gələn uşaqlar internatda qalırdılar. Hər həftənin sonunda - şənbə günü dərsdən sonra Salyandan Şorsuluya rastıma düşən maşınla, qalan 12 km-lik yolu isə piyada kəndə evimizə qayıdırdım. İstirahət günü axşam Salyana qayıtmalı olurdum. Bu qayıdışım qatarla olurdu. 14 yaşım vardı. Gecə saat 1-də içərisində 3-4 çörək, üstündə də şor olan zənbillə evimizdən 2 km aralıdan keçən qatara minmək üçün piyada yol gedirdim. Qatarla 45 dəqiqəyə Salyana çatırdım. Salyanda vağzalda düşürdüm. Vağzaldan isə gecə saat 2-də Lənkərandan, Astaradan meyvə gətirən adamlara qoşulub onların tutduğu maşınla bazara gedirdik. Bazardan qaldığım yerə bir kilometr yarım məsafəni gecə saat 3-4-də piyada gedirdim. O vaxt küçələr yolkəsənlərlə dolu idi, insanın qabağını kəsib nəyi vardısa əlindən alırdılar. Buna görə çalışırdım evlərin arxasıyla, qaranlıqla gedim. 14 yaşım olsa da, qaranlıqdan qorxmurdum. Adam görəndə isə çəkilib bir küncdə gizlənirdim”.

Orta məktəbdə yaxşı səsinin olduğunu deyən müsahibimizin sözlərinə görə, Salyan rayon Mədəniyyət Evində tamaşalar gedəndə Qaçaq Nəbi mahnısını səhnənin arxasından o oxuyurmuş: "Salyanda həm ədəbi, həm teatr mühitində iştirak edirdim. 5-ci sinifdən şeir yazmağa başlamışdım. İlk şeirimi müəlliməmə həsr etmişdim. Ədəbi məclislərdə də şeirlərim oxunurdu. Orta məktəb vaxtı yavaş-yavaş rayon qəzetində çap olunmağa başladım”. 
 


"Xəritəni əzbər bilirdim”

Orta məktəbi bitirdikdən sonra sənədlərini indiki Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə verir: "Coğrafiyanı çox sevir, xəritəni mükəmməl bilirdim. Xəritəni o dərəcədə əzbər bilirdim ki, müəllimin dediyi ölkəni, çayı xəritəyə baxmadan arxadan göstərirdim. Fizika, ədəbiyyat və digər fənlərin hamısından 4-5 alaraq imtahandan uğurla keçdim. Salyan şəhərindəki orta məktəbdə bizə dərs deyən kimya müəllimi yaşlı və çox zəif idi. Buna görə kimya imtahanından "3” alaraq ali məktəbə qəbul ola bilmədim. Növbəti il qardaşım dedi ki, ailəmizdə müəllim kifayət qədərdir, kimyadan biliklərimi mükəmməlləşdirib, sənədlərimi Tibb İnstitutuna verim. Amma mən ali məktəblərə sənəd qəbulunun qurtarmasına iki gün qalmış sənədlərimi Dövlət Pedaqoji İnstitutuna, Ədəbiyat fakültəsinə verdim. Çünki həm müəllimliyi sevir, həm də ədəbiyyatı mükəmməl bilirdim. Azərbaycan dili və ədəbiyyat müəllimim böyük qardaşım olmuşdu. Bu günə qədər öyrəndiyim qrammatika onun mənə öyrətdikləridir”. 

"Bakı haqqında düşüncələrim alt-üst oldu”

Bakı ilə ilk tanışlığı da instituta imtahan verəndə olur. Deyir, paytaxt barədə kənddəykən yaranan düşüncələri baş şəhəri görəndən sonra alt-üst olur: "Bakı haqqında böyük, qaynar həyatı olan, qələbəlik şəhər kimi düşünmüşdüm. Təbii ki, paytaxt böyük şəhər kimi diqqətimi cəlb etdi, amma istədiklərimi görmədim. Məsələn, köhnə "Sovetski”nin küçələri, evlər hamısı bir-birinin içində idi. Baxdım ki, Bakı adi bir şəhərdir. Amma dənizkənarı bulvar çox xoşuma gəldi. Hətta bir dəfə qalmağa yer tapa bilmədim, şəhərdə qohum-əqrabam da yox idi. Dəniz sahilindəki gəmilərdən birində adamı bir manata bir gecəlik saxlayırdılar. Dənizin içərisində olan gəmidə səhərə kimi yatmaq mənə ləzzət etdi. Allaha dua edirdim ki, ali məktəbə qəbul olum ki, tez-tez dəniz kənarına çıxıb hava alım, dənizi seyr edim”. 
 
 

Hamıdan çox bal toplayır

Ə.Ağayev imtahanlarda ümumilikdə 18 bal toplayır. Bu da Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul üçün ən yüksək göstərici idi. Hamıdan çox – 19 balı isə sonradan müsahibimizin ən yaxın dostu olacaq Əhəd Muxtar toplayır. Üçüncü kursdan isə institutun Tarix fakültəsi ilə Filologiya fakültəsi birləşir – eksperimental Tarix-filologiya fakültəsi yaranır. 
 
İsmayıl Şıxlı tələbəyə hər ay pul verirdi

Həm orta, həm də ali məktəbdə çox gözəl müəllimlərinin olduğunu deyir: "İsmayıl Şıxlı bizə xarici ölkələr ədəbiyyatından dərs deyirdi. Tələbə yoldaşlarımızdan biri imtahanda yaxşı cavab vermədiyinə görə İsmayıl Şıxlı ona qeyri-kafi yazdı. İmtahandan sonra İsmayıl müəllimin yanına gedib, həmin oğlanın yaxşı oxuyan tələbə olduğunu, atasının rəhmətə getməsinin ona pis təsir etdiyini, buna görə hazırlaşa bilmədiyini söylədik. Qeyd edim ki, təqaüd alan tələbələr "2” alanda onların təqaüdlərini kəsirdilər. İsmayıl Şıxlı həmin tələbəyə "2” yazdığından hər ay əmək haqqından 28 manat qrup nümayəndəsinə verirdi ki, o tələbəyə çatdırsın”. 
 
 

İlk qonorarın sevinci

Tələbəlik illərində 5 il yataqxanada qalan müsahibimiz maddi cəhətdən az çətinlik çəkmir: "Bir dəfə Bakıxanov küçəsindəki yataqxanadan institutun yerləşdiyi yerə cibimdə 20 qəpiyim olmadığından piyada gəldim. O vaxt yeməyimiz əsasən heç kimin bəyənmədiyi marqarin yağında bişən kartof qızartması və çörəkdən ibarət idi. Yeməyi yataqxanada özümüz hazırlayırdıq. Hər ay qardaşım mənə 20 manat pul göndərirdi. Bu da çox az pul idi. Ailəmdən pulu necə tələb edə bilərdim ki, onlar da maaşa baxırdılar. Əlaçı olduğum üçün 36 manat təqaüd alırdım. İkinci kursdan respublika mətbuatında çıxış etməyə və qonorar almağa başladım. Birinci kursda oxuyanda dərsə paltosuz gedirdim. İkinci kursda ilk paltomu, üçüncü kursda ilk saatımı qonorarımla aldım. Şahmat oynamağı da sevirdim. Qonorarımla özümə şahmat, fotoaparat da aldım”. Sonralar Yazıçılar İttifaqından da, radioda oxunan hekayələrinə görə də qonorar alır. 

"Saat yarım piyada gedib dərs deyirdim”

İnstitutu bitirəndən sonra kəndlərinə dönən Ə.Ağayev qonşu kənddə müəllimlik edir. Yayın qızmar istisində, qışın sazağında saat yarım yolu qonşu kəndə piyada gedib dərs deyir: "Səhərlər 7-də evdən çıxır, 9-a qalmış məktəbə çatırdım. Qışda yolda canavarlara rast gəlir, qarın üstündə dovşanın, tülkünün izini görürdüm”. 
Həmişə həyatın içində olduğunu deyən Ə.Ağayev ömür boyu özü-özünü dolandırdığını, inkişaf etdirdiyini, eyni zamanda, xeyirxah insanlar tərəfindən zəhmətinin, əməyinin dəyərləndirildiyini deyir. Həmişə, müəllim olaraq dərs dediyi zamanlarda belə öyrəndiyini bidirir: "Mən oxuduğum məktəblərin kollektivlərinə minnətdar olduğum qədər ilk ildə işlədiyim orta məktəbin direktoruna və kollektivinə təşəkkür edirəm ki, onlar məni pedaqoq etdi”.

İsmayıl MƏMMƏDOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157