• cümə, 29 Mart, 03:13
  • Baku Bakı 7°C

Neuromarketinq sahəsində master dərəcəsinə yüksələn ilk azərbaycanlı

01.06.18 11:00 6304
Neuromarketinq sahəsində master dərəcəsinə yüksələn ilk azərbaycanlı
Risk etməyi sevir. Deyir ki, istər şəxsi həyatında, istərsə də karyerasında etdiyi risklər onu müəyyən pillələrə yüksəldib. Ona görə, risk yenilik axtaran insanlar tərəfindən edilir və insana qazanc gətirir.
Müsahibimiz neuromarketinq sahəsində master dərəcəsi almış ilk azərbaycanlı və gənc yaşlarında marketinq meneceri pilləsinə yüksələn Orxan Salayevdir. O, bu dərəcəyə Təhsil Nazirliyinin dövlət xətti ilə təhsil aldığı Pekin Elm və Texnologiya Universitetini bitirdikdən sonra yüksəlib.

- Orxan bəy, neuromarketinq nədir? Bu sahə Azərbaycana nə verəcək?

- Neuromarketinq neurologiya, idrak psixologiyası və marketinq kimi üç elmin birləşməsi olaraq ortaya çıxan sahədir. Neurologiya intizamdır, onun əsas məqsədi insan beynini araşdırmaqdır. İdrak psixologiyası istehlakçıların ağıl və davranışları arasındakı əlaqəni anlamağa çalışır. Marketinq yeni məhsulların istehsal prosesini nəzərdə tutan, onları qazanc halına gətirən və eyni zamanda istehlakçıların ehtiyaclarını və seçimlərini təmin edən sahədir. Başqa sözlə desək, neuromarketinq neuroekonomik və neurologiyanın alt-sahəsidir, məqsədi idarəetmədə beyin tədqiqatından əldə edilən üsulları tətbiq etməkdir. Bu sahə 90-cı illərin əvvəlində araşdırılmağa başlanıb və marketinq sahəsində tətbiq edilib. Neuromarketinq marketinq sahəsinin inkisafına çox böyük töhfə verməkdədir və belə olan halda Azərbaycan şirkətləri gələcəkdə bu texnoloji yenilikləri məhsul istehsalı üçün araşdırma apararkən və bazara təqdim edərkən tətbiq etsələr, kifayət qədər uğurlu və faydalı olacaq.

- İqtisadiyyat sahəsində təhsil almısınız. Necə oldu ki, marketinqə maraq yarandı?

- Bakalavr təhsilimin 2-ci ilində marketinq dərsləri keçilməyə başladı. Artıq o zamandan sonra inkişafımı marketinq sahəsinə yönləndirməyi qərara aldım.Yenilikləri ilə zəngin olan və hər zaman inkişaf tələb edən sahə məni ilk tanışlıqdan özünə cəlb etməyi bacardı.

- Nə üçün marketinq? Bu sahənin perspektivləri nədir?

- Bu sualın altında çoxlu səbəb yazmaq olar. Lakin mənim marketinqi seçməkdə ən birinci məqsədim marketinqin ən yaradıcı sahələrdən biri olması idi. Yaradıcılığı hər cür yolla tətbiq etmək mümkündür. Lakin istehlakçıların seçimlərini və ehtiyaclarını üstün tutaraq onlara təqdim edilən məhsullarda rəqabətliliyi təmin etmək və eyni zamanda istehsalçının mənafelərini təmin edərək qazanc əldə edilməsini özündə birləşdirən sahənin unikal istedad və yüksək yaradıcılıq tələbi məni bu sahəyə yönləndirdi. Marketoloq dostlarla söhbət edərkən biznesi insana, marketinqi onurğa sütununa bənzədirik. Onurğa sütunu insan üçün necə əhəmiyyətli rol oynayırsa, marketinq də bizneslər üçün eyni əhəmiyyətə malikdir. Marketinq sahəsində çalışırsansa, yeniliklər üçün daim axtarışda olmalısan. Karyeramda bəlli bir nöqtəyə gəldikdən sonra xaricdə təhsilin önəmliliyini gördüm və bu yolda addımlar atmağa başladım.

- Marketoloqların beyni daim yenilik üçün çalışmalıdır. Müştərinin ürəyinə yol açmaq üçün yenilik axtarmaq sizə çətin deyil ki?

- Müştərilərlə işləmək, onların nə istədiyini əvvəlcədən bilmək və hər xırda detallara qədər incəliklə araşdırma aparmaq çox çətin işdir. Lakin bu işi görərkən duyduğumuz həzzin yanında çətinlik hiss olunmur.

- Gənc yaşınızda layihə koordinatorluğundan Reklam və təşviqat şöbəsinin rəhbəri vəzifəsinə qədər yüksəlmisiniz. Bu necə baş verdi?

- Heç kimə sirr deyil ki, elmlə yanaşı təcrübə mütləqdir və insan hər yaşında biliyini təcrübəyə çevirməlidir. Bakalavr dönəmində təcrübənin zəruriliyini anlayaraq ilk illərdən çalışmağa başladım. İlkin olaraq sahəmdən kənar işləsəm də, bu mənim karyeramın başlanğıcı üçün çox böyük addım idi. Keçən zaman ərzində müxtəlif qurumlarda - istər dövlət, istərsə də özəl sektor olsun - marketinq sahəsində 5 il olmaqla, toplamda 7 il iş təcrübəsi qazandım.

- Bəs necə oldu ki, karyerada müəyyən yerlərə gəldikdən sonra vəzifənizi geridə qoyub təhsilin ardınca getdiniz?

- Məhəmməd Peyğəmbərin (s.a.v) belə bir kəlamı var: Elm Çində də olsa, onun dalınca gedin. Həyatın bəlli bir nöqtəsinə gəldikdən sonra insan anlayır ki, onun yola davam etməsi üçün dəyişikliklər edərək öyrənməsi lazımdır. Bu səbəbdən daha da yüksək nəticələr qazanmaq üçün xaricdə təhsilin zəruriliyini nəzərə alaraq karyerama fasilə verməklə, magistr sahəsində təhsil aldım.

- Əslində müəyyən pilləyə gəldikdən sonra işin üzərindən xətt çəkib, təhsil arxasınca getmək riskdir. Riskləri sevirsinizmi?

- Risk etməyi çox sevirəm. İstər həyatımda, istərsə də karyeramla bağlı gördüyüm işlərdə çoxlu risklər etmişəm və hazırda sahib olduğum təcrübəyə məhz o risklər sayəsində nail olmuşam. Risk yenilik axtaran insanlar tərəfindən edilir və insana qazanc gətirir.

- Öz sahənizdə ilki bacarmaq necə hissdir?

- Neuromarketinq sahəsində bu dərəcəyə yüksələn ilk azərbaycanlı olmaq çox qürurverici hissdir. İlk olmaq, üstün olmaqdan daha yaxşıdır. Marketinqin qanunlarından biri də ilklik qanunudur. Lider ola biləcəyiniz bir kateqoriya yaratmaqdır. Hər kateqoriyada lider marka istehlakçının zehnində ilk mövqe tutandır.

- Pekində yaşayırsınız. Bəs orada həyat necədir? Hansı çətinlikləriniz olur?

- Pekin dünyanın ən böyük şəhərlərindən biridir. Burada dinamik inkişafa ayaq uydurmaq və yüksək rəqabətlilik şəraitində nəticə əldə etmək çox çətindir. İlk zamanlarda dil problemi yaşayırsan. Əhalinin çox az hissəsi ingiliscə bilir. Pekində havanın çirkliliyi və yaşamın çox yüksək olması da çətinlik törədən amillərdəndir.

- Pekin mətbəxinə alışa bilirsinizmi?

- Dəniz məhsullarından hazırlanan yeməkləri və məşhur Pekin ördəyi yeməyini yeyirəm. Tünd iyli və acılı souslarını çox yeməklərində istifadə etdiklərindən, əksər yeməkləri yeyə bilmirəm. Qərb üsulu ilə bişirilən Çin yeməkləri isə çox dadlıdır.

- Çinli tələbələrlə azərbaycanlı tələblər arasında hansı fərqləri görürsünüz?

- Çinli tələbələr asudə vaxtlarında idmanla məşğul olmağı seçirlər. Ən çox basketbol və stolüstü tennis oynayırlar. Tanıdığım və mütəmadi görüşdüyüm azərbaycanlı tələbələr isə boş vaxtlarını dərslərindən əlavə bir şey öyrənməyə sərf edirlər.

- İşiniz, ya təhsilinizdə qarşılaşdığınız ən böyük çətinlik nə olub və bununla necə bacarmızınız?

- Çətinliyə yalnız səbirlə qalib gəlmək mümkündür. Təmkinlə davrandığın zaman çətinliyin sonunda qalib sənsən. Çində yaşadığım dönəmlərdə ən əsas çətinliyim çinlilərə hər hansı bir mövzunu başa salmaq olub. Danışıqdan asılı olmayaraq istədikləri kimi başa düşür və davamlı olaraq mövzunu təkrarlayırlar.

- Sizcə, daha vacib olan nədir - işi vaxtında çatdırmaq, yoxsa gec olsa da doğru etmək?

- Əlbəttə ki, vaxtında işi çatdırmaq. Çünki yalnız vaxtı geri almaq mümkün deyil. İşi vaxtında doğru görmək də mümkündür. Bunun üçün məsuliyyətli davranmalı və doğru yolda olub-olmadığını dərk etməlisən.

- Həyatınızda çətinliklə verdiyiniz qərarlar olubmu?

- Həyatımda çətinliklə verdiyim qərarlar yalnız seçim qarşısında qaldığım zamanlar olub. İlk başlarda hansı qərarın doğru olacağı şübhəsi çətinlik yaradıb, daha sonra bəlkə digər qərar daha yaxşı olardı düşüncəsi. Lakin indi geriyə baxanda çətinliklərə baxmayaraq, düzgün qərarlar verdiyimə əminəm.

- Gələcək planlarınız nədir?

- Ən çox həyata keçirmək istədiyim planım neuromarketinq sahəsində dünya səviyyəsində tanınan mütəxəssis olaraq konsaltinq şirkəti açmaqdır. Bu sahədə artıq bir neçə addımlar atmışam. Əminəm ki, ən qısa zamanda planımı həyata keçirərək ölkəmə və bu sahədə olan mütəxəssislərə fayda verəcəm.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər