AZE | RUS | ENG |

“İlk maaşımla özümə saat almışdım”- Keçmişdəki mən

“İlk maaşımla özümə saat almışdım”- Keçmişdəki mən
Müzəffər Ağakərimov: “İşimlə əlaqədar kaşadan tutmuş qara çörəyə qədər sevilməyən yeməkləri yeməyə alışmışdım”

 "Uşaq vaxtı çox dəcəl . Çox vaxt dərsdən qaçıb futbola gedirdim. Yəni nizam-intizamlı şagird deyildim. Dəcəllik etdiyimə görə müəllimlərim məni tez-tez danlayırdı. Hərdən elə olurdu ki, müəllimlər evimizə şikayət göndərir, yaxud valideynlərimi məktəbə çağırırdılar. Bir neçə dəfə mənə görə onları tənbeh ediblər”. Bu sözləri söhbətində Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov söylədi. Onunla söhbətimiz əsnasında həmsöhbətimin uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik.
 
"Bütün günüm futbol oynamaqla keçirdi”
 
1948-ci ildə Bakıda anadan olan həmsöhbətimin uşaqlıq illəri də bu şəhərdə keçib. Deyir ki, hər kəsin uşaqlıq illəri onun üçün əziz və doğmadır: "Biz nə qədər yaşlansaq da, uşaqlıq illərimizi şirin xatirələrlə yada salırıq. Uşaqlıq illərim mənim üçün çox maraqlı keçib. Ailədə beş uşaq idik. Evin ən kiçik uşağı mən olmuşam. Bizim ailə böyük idi. Bacı və qardaşlarımdan fərqli olaraq mən bir qədər dəcəllik edirdim. O illərdə ən çox futbola marağım var idi. Uşaq vaxtı bütün günüm futbol oynamaqla keçirdi. Ümumiyyətlə, mənim idmanın müxtəlif sahələrinə marağım olub. Bizim vaxtımızda uşaqlar üçün düşərgələr təşkil edilirdi, biz o düşərgələrə gedib həmyaşıdlarımızla birgə istirahət edirdik. Əslində, o dövrün uşaqlarının əksəriyyəti dəcəl olurdu. Hərdən mənə elə gəlir ki, o dövrdə məhəllələrdə yaşayan uşaqlar daha şən əhval-ruhiyyədə idi. Həmişə bir-birimizə kömək edir, əl tuturduq. İnsanların üzündən təbəssüm əksik olmazdı. Biz Akademik Milli Dram Teatrının yaxınlığında yaşayırdıq. Orada bir bağ var idi. Bağın yaxınlığında qovurulmuş şabalıd satılırdı. O şabalıdın dadı heç vaxt yadımdan çıxmır. Noxuddan, kartofdan, ciyərdən hazırlanan peraşkilərin qiyməti 5 qəpik idi. İndi hərdən onların dadı üçün darıxıram”.
 
"Qorxa-qorxa evə gəldim”
 
Həmsöhbətim o illərindən yadında qalan maraqlı bir xatirəni də bizimlə bölüşdü: "Uşaqlıq illərində hər kəs bir qədər dəcəlliyə meyl edir. Mən də dəcəl uşaq sayılırdım. Dediyim kimi, hələ 7-8 yaşlarımda olarkən futbola marağım yaranmağa başladı. Elə həmin dövrlərdə Azərbaycan yığmasının oyunu var idi. Mən tramvaya oturub Tofiq Bəhramov adına stadiona getdim. O vaxt Tofiq Bəhramov adına stadiona gedən əsas nəqliyyat tramvay idi. Evdəkilərə isə xəbər verməmişdim. Yadıma gəlir ki, oyun Avstriya ilə Azərbaycan yığmaları arasında idi. Mən stadiona gedəndə evdəkilərə heç nə deməmişdim deyə, onlar da bütün günü məni axtarıb, narahat olublar. Demək olar ki, bütün məhəllədən, dostlarımdan məni soruşublar. Futbol bitdikdən sonra qorxa-qorxa evə gəldim. Heç kimə demədən sakitcə yerimə girib yatdım”.
 
"Nizam-intizamlı şagird deyildim”
 
Müsahibim deyir ki, məktəbdə dərslərini orta səviyyədə oxuyub: "Bakıda yerləşən 199 saylı orta məktəbi bitirmişəm. Dərslərimi orta səviyyədə oxuyurdum. Niyəsə həmişə daha çox humanitar sahəyə meylli olmuşam. Tarixə, ədəbiyyata, ictimai elmlərə həddən çox marağım var idi. Dəqiq elmlər mənə o qədər də maraqlı gəlmirdi. Elə buna görə də sənədlərimi humanitar sahə üzrə verdim, Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul oldum”.
 
Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (BDU) Tarix fakültəsinə qəbul olan müsahibimiz deyir ki, tarixə böyük marağı var imiş: "Tələbə yoldaşlarımızla münasibətlərimiz çox yaxşı idi. Onların bəziləri dünyasını dəyişib, həyatda olanlarla isə hələ də görüşüb əlaqə saxlayırıq. O dövrdə tarix fakültəsini bitirən tələbələr sonradan nüfuzlu vəzifələrdə işləyirdi. Çünki fakültənin nüfuzu yüksək idi. Həm də tarix elə bir elmdir ki, bütün elmləri, incəsənəti, ədəbiyyatı özündə birləşdirir. Qəbul olduğum fakültəni özüm seçdiyimə  və eyni zamanda tarixə böyük marağım olduğuma görə, məktəbdən fərqli olaraq universitetdə dərslərimi çox yaxşı oxuyurdum. Dörd fəndən başqa bütün qiymətlərim 5 idi. Mən universitetin axşam şöbəsində təhsil alırdım”.
 
O illərdə təsadüfən rastlaşdığı bir iş elanına müraciət edən müsahibim işə qəbul olur: "Universitetdə oxuyarkən Bakı Ekskursiya Bürosunda ekskursiya bələdçisi üzrə işə qəbul elanı verilmişdi. Mən də öz sənədlərimi təqdim etdim. Yoxladıqdan sonra məni işə qəbul etdilər. Tarixi, ədəbiyyatı bilməyim, nitq qabiliyyətim köməyimə çatdı. Beləcə, ekskursiya bələdçisi kimi işə başladım. İşlədiyim müddətdə təlimatçı, baş təlimatçı oldum. Tələbə vaxtı demək olar ki, işimlə əlaqədar olaraq SSRİ-nin bütün şəhərlərini gəzmək imkanım oldu. Turist qatarında baş təlimatçı oldum. Düzdür, həm oxuyub, həm təhsil aldığıma görə müəyyən çətinliklərim var idi. Amma bəxtim onda gətirmişdi ki, istədiyim fakültədə oxuyub, istədiyim işdə işləyirdim. Buna görə özümü həmişə şanslı hesab etmişəm. Ona görə də heç vaxt nədənsə narazılıq etməmişəm”.
 
Elə ilk gəlirini də tələbəlik illərində çalışdığı işdən qazanıb: "İşlədiyim işdə aylıq 70 rubl maaş verirdilər. Xatırlayıram ki, ilk maaşımla özümə saat almışdım. Qol saatlarına çox həvəsim var idi”.
 
"İş həyatı mənə çətinlikləri öyrətdi”
 
Universiteti bitirdikdən sonra isə hərbi xidmətə yollanan müsahibimin hərbi xidmət illəri Şərqi Sibirdə keçib: "Hərbi xidmət keçdiyim şəhərdə ilk dəfə idi olurdum. Amma hərbi xidmət illərim mənim üçün bir göz qırpımında keçdi. Çünki işimlə əlaqədar kaşadan tutmuş qara çörəyə qədər sevilməyən yeməkləri yeməyə alışmışdım. Bizim hərbi hissədə gigiyena qaydalarına xüsusi diqqət yetirilirdi. İş həyatım isə məni bütün çətinliklərə alışdırmışdı. Hərbi xidmət keçdiyim ərazidə çoxlu türkdilli kəndlər var idi. Orada əsasən tatarlar yaşayırdı. Əslində, bu da mənim üçün bir həyat təcrübəsi oldu. Çünki Sibirin iqlimi kəskin kontinental iqlimdir. Qışda temperatur hətta mənfi 45 dərəcəyədək düşürdü. Yayda isə həddən artıq qızmar istilər olurdu. Hətta xidməti bitirdikdə mənə xidməti arayış verdilər. Bu, mənim batalyonda ən yaxşı xidmət edən əsgər olduğumu bildirirdi. O dövrdə əsgərə böyük dəyər verilirdi. Müxtəlif millətlərdən olsaq da, hamımız bir-birimizə kömək edirdik. Çünki xidmət zamanı bu, çox önəmlidir. O illəri həmişə xoş xatirələrlə yada salıram”.
 
Əsgərlikdən qayıtdıqdan sonra çalışmağa başladığı "İnturist” mehmanxanasında sadə inzibatçıdan baş direktorun müavini vəzifəsinə qədər yüksəlir. Eyni zamanda, təhsilini Moskva şəhərində Turizm İnstitutunda davam etdirir: "Mən elə bir sahə üzrə işləyirdim ki, gəzib səyahət etmə imkanlarım çox olurdu. Səyahət isə insanın formalaşmağına böyük təsir edir. Xüsusilə gənclik illərində səyahət insanı həyata hazırlayır. Gəzdiyim hər bir şəhərdə insanların psixologiyasını, mentalitetini yaxından tanımaq şansım olub. Eyni zamanda, turizmin incəliklərini öyrənirdim. Çoxlu ekskursiyalara çıxırdıq. Bu, məndə yavaş-yavaş iş təcrübəsi formalaşdırırdı. Bu günə kimi demək olar ki, turizmin bütün sahələri üzrə işləmişəm. Ümumiyyətlə, bu elə bir sahədir ki, onun bütün bölmələri bir-birindən maraqlıdır. 1978-ci ildən otel biznesinə marağım yarandı. Beləcə otelçilik sahəsinə yönəldim. O dövrdə ən nüfuzlu otellərdən olan "Moskva” otelində inzibatçı kimi işə qəbul oldum. Daha sonra baş inzibatçı, şöbə müdirinə qədər yüksəldim”.
 
Valideyn övladını düzgün istiqamətə yönəltməlidir
 
Deyir ki, ilk sevgi ötəri bir hissdir və hamının həyatında olur: "Yəqin ki, çoxumuzda bu sevgi məktəb illərinə təsadüf olur. Amma ilk sevgi ötəri hissdir, tez gəlir, tez də keçir. Bu, məndə də belə oldu”.
 
29 yaşımda ailə həyatı quran M.Ağakərimov deyir ki, ailə həyatı qurmaq böyük məsuliyyət tələb edir: "Sən özündən başqa digər insanların da məsuliyyətini üzərinə alırsan. Ona görə də ona əvvəlcədən hazırlaşırsan. Bir övladım, iki nəvəm var. Düzdür, işimlə əlaqədar olaraq onların tərbiyəsinə çox vaxt ayıra bilmirəm. Düşünürəm ki, valideyn övladını düzgün istiqamətə yönəltməlidir. Düzgün davranış, ədəb-ərkan, böyüyə hörmət, kiçiyə məhəbbəti övlada valideyn öyrədir. İndi gənclərin çoxunda mobil telefonlara, kompüterlərə aludəçilik yaranıb. Valideynlər bu məsələyə diqqət yetirməlidir. Müəyyən yaş həddinə qədər valideyn övladına olan nəzarəti əldən verməməlidir”.
 
Sonda həmsöhbətim gənclərə tövsiyələrini də verdi: "Hərdən o illərə geri baxanda fikirləşirəm ki, məncə, hər şeyi düz etmişəm. Əslində, başqa sahələrə də yönələ bilərdim. Amma Allah məni düzgün istiqamətə yönəltdi. Turizm sahəsində işləməyim mənə çox şey qazandırdı. Dünyanı gəzdim, insanları tanıdım. Gənclərə də tövsiyə edərdim ki, öz istədikləri sahə üzrə davam etsinlər. Onlara pis insanlardan uzaq durmağı məsləhət görürəm. Bəzən mühit insanı səhv yola yönəldə bilir. Amma onu da deyim ki, indi çox sağlam bir gənclik yetişir. Onlar özləri hər şeyin bizdən daha yaxşı görür və daha yaxşı dərk edirlər. Sağlam düşüncəli, imanlı, düşüncəli gənclərimiz çoxdur. Onlara məsləhət görərdim ki, həmişə böyüklərə hörmət etsinlər. Daha çox mütaliə edib, yaxşı insanlarla dost olsunlar. Dost seçərkən insan diqqətli olmalıdır”.
 
Şəbnəm Mehdizadə

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019