• cümə axşamı, 28 mart, 15:53
  • Baku Bakı 16°C

İlk kitab xəbəri Roulinqdən gəldi

09.01.17 11:45 4977
İlk kitab xəbəri Roulinqdən gəldi
Dünyanın ən çox satılan silsilə romanlarından "Harry Potter”in uğurlu müəllifi JK Roulinq yeni illə bağlı planlarını səsləndirən ilk yazıçı olub. Belə ki, müəllif şəxsi tvitter hesabından paylaşdığı şərhdə 2017-ci ildə oxucularını iki yeni romanla sevindirmək istədiyini qeyd edib. "Guardian”-da yer alan xəbərə görə, əsərlərdən biri onun öz imzası ilə digəri isə Robert Qalbreyts imzası ilə nəşr olunacaq. Əsərlər haqqında heç bir məlumat verməsə də, Roulinq şərhlərdəki sualları qısaca belə cavablandırıb: "Artıq onların hər ikisi üzərində iş gedir. Robert Qalbreyts imzası ilə işıq üzü görəcək roman yəqin ki, yeni bir dedektiv silsilənin başlanğıcı olacaq. Hansının daha əvvəl ixtiyarınıza veriləcəyi ilə bağlı bir vəd verə bilmirəm. Amma yəqin ki, yeni ilin ilk günlərində bununla bağlı dəqiqləşdirilmiş bir qərar alınacaq”.
2015-ci ilin oktyabrında "Harri Potter və lənətlənmiş uşaq” ("Harry Potter and cursed child”) əsərinin nəşrindən sonra olduqca məşğul və qızğın bir il keçirən yazıçı 2016-cı ildə başqa əsər yayımlaya bilmədi, ancaq ötən ilin ən çox qazanan yazarları sırasında yer almış Roulinq bütün ili adıçəkilən əsərin təqdimat və imza günlərində, ilin ikinci yarısını isə həmin əsərin motivləri üzərində qurulmuş eyniadlı dram əsərinin təqdimatlarında keçirdi. Məhz bu səbəbdən tənqidçilər və oxucuları bu il də ondan roman gözləməsələr də, gərgin iş rejimi və zəhmətkeşliyi ilə ad qazanmış Roulinq öz gücünü nümayiş etdirməyi planlaşdırır.
Roulinqin haqqında, ümumiyyətlə, danışmadığı əsərinin isə "Harry Potter”in davamı olub-olmayacağı haqqındakı mübahisələr isə uzun-uzadı davam edib. Ədəbi müxbirlər bu mübahisənin yazar tərəfindən bilərəkdən başladıldığı qənaətindədir. İddialara görə, bununla Roulinq "Harry Potter” hekayəsinin davam etməsinə oxucuların reaksiyasını müəyyənləşdirməyə çalışır. Təntənəli tvitə gələn şərhlərdə romanlardan heç birinin süjeti ilə bağlı məlumat verməyən müəllif digər sualları səmimiliklə cavablayıb. Oxucularının iş rejimi haqqında verdikləri suala isə: "Hər səhər saat 5:55-də artıq yazmağa başlayıram. Bu sadəcə bu il sizlərə iki roman söz verdiyimçün təyin etdiyim rejim deyil. Ümumiyyətlə, mən bu saatlardan işə başlamağa öyrəşmişəm” – deyə cavab verib. Bu saatlarda oyansa, paltarını belə geyinə bilməyəcəyini yazan oxucusunun şikayətini isə belə cavablandırıb: "Bu saatda oyanıb, paltar geyinməyə ehtiyac olmur. Oyanıram, notbukumu yatağıma sürüyürəm və artıq iş başındayam”.
banner

Oxşar Xəbərlər