• çərşənbə axşamı, 19 mart, 07:27
  • Baku Bakı 8°C

“İlk kitab layihəsi”

19.02.18 10:40 1824
“İlk kitab layihəsi”
Artkaspi.az "Yazarın ilk kitabı” adlı layihəyə davam edir. Layihənin məqsədi yazıçıların ilk kitabı haqqında, onun çapı barədə xatirələrini danışması, hələ kitabları nəşr edilməyən yazarlarla təcrübələrini bölüşmələridir. Budəfəki qonağımız yazıçı Fəxri Uğurludur.
– İlk kitabınızın çap olunması ideyası haradan qaynaqlandı?
– Əslində, mənim bir də yox, iki "ilk kitab”ım çıxıb. Ötən əsrin səksəninci illərində "Yazıçı” nəşriyyatında "Müəllifin ilk kitabı” adı altında seriya nəşr olunurdu. Nəşriyyat mənim də kitabımı plana saldı, nəticədə 1992-ci ildə "Diləklərin azması” adlı kitabçam işıq üzü gördü. Kitabda beş hekayə, bir povest yer almışdı. Ancaq bundan az əvvəl mən "Gənclik” nəşriyyatına da bir qovluq təqdim eləmişdim. Həmin qovluqda doqquz hekayə vardı. Bu hekayələrdən ibarət "Tək ağac” kitabım 1991-ci ildə "Diləklərin azması”ndan bir neçə ay qabaq işıq üzü gördü. İndi bilmirəm bunların hansı mənim ilk kitabım sayılmalıdır. Hər iki kitabın çapdan çıxdığı dövrdə mən Bakı Dövlət Universitetinin tələbəsiydim. Təbii, imzamın görünməyini, tanınmağını istəyirdim. Ona qədər (1986-cı ildən bu yana) dövri mətbuatda – qəzetlərdə, jurnallarda, eləcə də ədəbi almanaxlarda dönə-dönə çap olunmuşdum. "Tək ağac”ın yayılması uğurlu oldusa da, "Diləklərin azması” haqqında bunu demək olmaz. Həmin aylarda ölkədə kitab yayımı sistemi böhrana düşmüşdü, "Azərkitab” qazanc gətirməyən nəşrləri yayımlamaqdan imtina eləyirdi. Bu səbəbdən "Diləklərin azması” kitab mağazalarına çox az paylandı, indi yaxşı xatırlamıram, bəlkə də heç paylanmadı; tirajın əksər hissəsi, bəlkə də hamısı ölkə kitabxanalarına verildi. Yeri gəlmişkən deyim, tələbə vaxtı mənim daha bir kitabım çıxmışdı. Professor Kamil Vəliyevlə birgə hazırladığımız "Oğuznamələr” adlı bu kitab 1993-cü ildə BDU-nun nəşriyyatında otuz min tirajla işıq üzü görmüşdü. Onda mən universitetin beşinci kursunda oxuyurdum.
– Kitabın çap olunması zamanı hansı çətinliklərlə üzləşdiniz?
– O zaman kitab plana saldırmaq, kitab nəşr elətmək çox çətin başa gəlirdi. Mən redaksiyalara, nəşriyyatlara lap erkən yaşlarımdan ayaq döymüşdüm deyə məni az da olsa tanıyırdılar. Yaxşı adamların sayəsində böyük çətinliyə ürcah olmadım.
– Kitabın üz qabığı, tərtibat işlərində çətinliyiniz oldumu?
– Tərtibat məsələlərini nəşriyyat özü həll eləyirdi, müəllifin müdaxiləsinə ehtiyac qalmırdı.
– İlk kitabınızın oxucu auditoriyası barədə nə deyə bilərsiniz?
– Bu barədə dəqiq statistik məlumatım olmayıb. Bircə bunu bilirəm ki, nəsr kitablarım beş min tirajla çap olunmuşdu.
– İlk kitabının çapı hazırlığında olanlara məsləhətiniz nədir?
– Kitabı çapa verib canlarını qurtarsınlar, yeni mərhələyə adlasınlar...
Hazırladı: Aytac Quliyeva
banner

Oxşar Xəbərlər