• cümə axşamı, 28 mart, 16:35
  • Baku Bakı 16°C

“İlk işimi nişanlıma hədiyyə etdim”- Hobbi

05.05.18 10:30 2359
“İlk işimi nişanlıma hədiyyə etdim”- Hobbi
Öz sevimli məşğuliyyətini biznesə çevirməyi və işini qurmağı bacarıb. Düşünür ki, insanın istedadı varsa, hər şey edə bilər. Önəmli olan öz işini həvəslə etməkdir. Qalan hər şey mütləq öz axarına düşəcək. Ən çətin və nadir sənətlərdən biri ilə məşğul olur və bu işi çox sevir. Müsahibim təbii heyvan dərisindən müxtəlif aksessuarlar hazırlayan Vurğun Həsənovdur.

V.Həsənov ilk olaraq mətbəədə çalışıb, orda ustaların yanında çap işlərini öyrənib. Bir qədər keçəndən sonra sərbəst işləməyə başlayıb. Elə dəri ilə işləməyi burda öyrənib: "14 ilə yaxındır ki, mətbəədə işləyirəm. Bir gün gördüm ki, mətbəədə dəri üzlüklər hazırlayırlar. Kitablara və digər əşyalara üzlüklər hazırlanır və basqılar edilirdi. Müdirimiz də dəri alıb gətirirdi. Beləcə, mənim dəri işinə marağım yarandı. O zamanlar artıq qalan dəri hissələrini kəsib özüm üçün nələrsə düzəldirdim. Əvvəllər qolbaq və digər aksessuarlar hazırlayırdım. İlk dəfə dostuma pulqabı hazırlayaraq hədiyyə etdim. O qədər uğurlu alınmasa da, dostum bunu çox bəyəndi və hələ də istifadə edir. İlk işim kimi isə nişanlıma çanta hazırladım. Zaman keçdikcə müxtəlif əşyalar hazırlamağa cəhdlər etməyə başladım. Az keçmədi ki, ilk sifarişimi qəbul etdim. Məndən kişi üçün pulqabı düzəltməyimi istədilər. Pulqabını sifariş edən öz yaxınına ad günü hədiyyəsi etdiyinə görə, üstünə ad yazmağımı istədi. Mətbəədə basqı işlərini öyrəndiyimə görə, bu, mənə elə də çətin gəlmədi. Anlayışım olduğuna görə, nəyi necə edəcəyimi bilirdim. Dəri alıb ölçüb-biçməyə başladım. İnternetdən model bəyənib hazırlamağa başladım. Təkcə hədiyyəni deyil, hətta qutusunu da özüm hazırlayıb təhvil verdim. İlk sifarişim çox bəyənilmişdi. Bu, məndə özümə inam yaratdı. Başa düşdüm ki, dəri işi məndə yaxşı alınır. Beləcə, sifarişlər getdikcə artmağa başladı. İlk vaxtlar hobbi olaraq məşğul olsam da, getdikcə bu iş mənə gəlir gətirməyə başladı. O zaman fikirləşdim ki, niyə də bu işdən pul qazanmayım...”

"Yalançı çıxmağı sevmirəm”

Vurğun deyir ki, hazırda sifarişləri yalnız onlayn şəkildə qəbul edir: "Bəzən dost-tanışlarım da sifarişlər edir. İşlərimi bəyənənlər məni digərlərinə tövsiyə edir. Sifarişləri işdən sonra evdə hazırlayıram. İş rejimim saat 10-dan 7-ə kimidir. Dəri işi ilə isə gecələr məşğul oluram. Emalatxanam evimizdədir. Lazım olan alətləri internet vasitəsilə sifarişlə almışam. Çalışıram ki, sifarişləri vaxtında çatdırıb təhvil verə bilim. Amma bəzən elə olur ki, sifarişin hazırlanması bir aydan çox vaxt alır. Bu zaman əvvəlcədən müştəriyə məlumat verirəm. Əgər ona uzun müddət sərf edirsə, qəbul edirəm. Əks halda, məsuliyyətsizlik olmasın deyə, bəzən sifarişlərdən imtina edirəm. Çatdıra bilməyəcəyim işi heç vaxt öhdəmə götürmürəm. Çünki bu, bir qədər məsuliyyətli işdir. Kiminsə yanında yalançı çıxmağı sevmirəm. Ona görə də hələlik belə bir problemlə üzləşməmişəm”.

"Müştərinin nə istədiyini bilmək çox önəmlidir”

Əvvəllər bütün işləri əl ilə gördüyünü deyən müsahibim, sifarişləri artığı üçün sonradan özünə tikiş maşını almalı olub: "Sifarişlərim artığına görə, texnikadan istifadə etməli oldum. Amma bütün hallarda, çalışıram ki, hər şeyi bir-bir özüm hazırlayıram. Bu mənada, sifarişin başa gəlməsi də məhsulun növündən asılıdır. Məsələn, pulqabının hazırlanması üçün 2-3 gün vaxt lazımdır. Əgər müştəri ad yazdırmaq və basqı etdirmək istəyirsə, bu da əlavə iki-üç gün vaxt tələb edir. Çantaların hazırlanması isə bir həftə vaxt tələb edir. Müştərilər sifariş etdikləri zaman istədikləri modelin şəkillərini göndərmələrini tələb edirəm. Çünki mən öz istədiyim modeli hazırlasam, ola bilsin ki, müştəri onu bəyənməz. Müştərinin nə istədiyini bilmək çox önəmlidir. Bəziləri isə şəkli göndərmədən istəklərini sözlə izah edir. Bu zaman təxmini olaraq məndən nə istənildiyini başa düşürəm və öz zövqümə əsasən tikməyə başlayıram. Adətən qoyun, keçi və inək dərilərindən istifadə edirəm. Burada müştərinin istəyindən və məhsulun növündən asılı olaraq, dəri növləri də dəyişir. Məsələn, pul qablarının hazırlanmasında nazik, çantalarda isə qalın dərilərdən istifadə olunur. Dərinin növü ilə rəngini müştəri təyin edir. Buna görə də daima internetdən müxtəlif modellərin dizaynına baxıram. Dəri işi bizdə o qədər də inkişaf etməyib deyə, digər ölkələrin saytlarından daha çox məlumat tapmaq olur. Bu iş mənim üçün maraqlıdır, hər hansı çətinlik görmürəm. İşi sevərək gördüyümə görə, yorulmuram. Bəzən elə olur ki, işə başım qarışır və vaxtın necə keçdiyini hiss etmirəm. Bir də onda ayılıram ki, səhər açılmaq üzrədir və mən işə getməliyəm”.

"Pul insanı şirnikləndirir”

Daim yeni modellər axtarışında olan müsahibim, bu işin təhsilini almaq istədiyini söylədi: "Bir modelin üstə dayanmağı xoşlamadığıma görə, daima axtarışdayam. Bəzən həyat yoldaşım da müəyyən işlərdə mənə köməklik edir. Vaxt getməsin deyə, sadə tikişləri tikməsini ondan xahiş edirəm. Bu zaman mən başqa işlərlə məşğul ola bilirəm. Bildiyim qədəri ilə Bakıda bu sənəti öyrədən təhsil ocağı yoxdur. Bu sənətlə bizdə demək olar ki, tək-tük adam məşğul olur. Amma Rusiyada işin sənətkarları var. Mən özüm orta təhsilliyəm. Amma bu işin təhsilini almaq istəyərəm. Yaxud da, uzun illər dəri işində işləyən sənətkarların yanında olub onlardan yeni nələrisə öyrənmək istəyərdim. Çünki sifariş artdıqca, tələb-təklif məsələsi də qəlizləşir. Bəzən məndən daha fərqli, daha maraqlı məhsullar istəyirlər. Ona görə də, hələ özümü inkişaf etdirməliyəm. Əgər gələcəkdə sifarişlər daha da artarsa, məcbur olub bir nəfər köməkçi götürəcəyəm. Çünki pul gəldikcə insan daha da şirnikləşir. Məncə, bu, zamanla öz axarına düşən bir şeydir. İndidən bu haqda nə isə demək hələ tezdir. İndi texnologiyaya maraq daha çoxdur. Ona görə də gənclər bu sənətə meyl etmirlər. Əgər kimsə mənə müraciət edib öyrənmək istəsə, ona sevə-sevə köməklik edərəm. Dəri işi əslində istedad tələb edir. Amma istedadla yanaşı, insan özü də həvəsli olmalıdır. Mən 4-5 nəfər tanıyıram ki, bu işlə məşğul olur. Amma demək olar ki, kütlənin bu işdən xəbəri yoxdur. Texnologiya əl işlərinin yayılmasının qarşısını alıb”.

Söhbətə Vurğunun həyat yoldaşı Günel xanım da qoşulur. Günel xanım həm də müsahibimin ən böyük motivatorudur: "Bizdə brendə, bahalı markaya meyllilik daha çox olduğuna görə, əl işlərinə bir o qədər də dəyər verilmir. Məsələn, xanımlar brend mağazalardan daha baha çanta almağa üstünlük verirlər, nəinki ondan daha ucuz olan əl işlərinə. Əslində, onun aldığı məhsul demək olar ki, təmiz dəri deyil. Amma üstündə marka adı yazıldığına görə, qiyməti neçəyə olursa-olsun alınır. İndi hamı marka almağa can atır. Əl işinə lazımi dəyər verilmir. Əslində bu, elə bir sənətdir ki, özəldir. Yəni, sənin işlətdiyin çanta və pulqabından heç kimdə yoxdur. Çalışıram ki, ona işlərində hər zaman dəstək olum”.

"Ailə saxlamaq üçün daha çox pul lazımdır”

Sonda Vurğuna uğurlar arzulayıb gələcək planları haqda da soruşduq: "Gələcəkdə bu işi böyütmək istərdim. Amma düzü, hələlik o qədər də böyük iddialarım yoxdur. Böyük risklər etmək istəmirəm. Öz emalatxanamı açmaq kimi fikrim var. Amma bu, gələcək planlarım arasındadır. Əslində, bu həm emalatxana, həm də bir növ hazırladıqlarımı satmaq üçün mağaza olacaq. Hərdən həyat yoldaşım mənə motivasiya verib deyir ki, "Adidas” və "Puma” kimi böyük şirkətlər demək olar ki, heç nədən yaranıb. İki qardaş bu işə başlayanda bir qəpikləri belə yox idi. Deyir ki, istedadlısan, bu işi görmək üçün şəraitin də var. O, mənə qısa müddət olmasına baxmayaraq, bu bir il yarımda xeyli inkişaf etdiyimi deyir. Düzdür, indi artıq bu işdən qazandığım gəlirin ailəmizin ümumi büdcəsinə qatqısı da var. İstərdim ki, gələcəkdə bu işi brendə çevirə bilim. Amma bir qədər maliyyə çətinliklərimiz olduğuna görə, hələlik götür-qoy edirəm. Təkcə dəri işi ilə qazandığım gəlir məni qane etmir. Buradan qazandığım pulla ailə saxlamaq olmaz (gülür). Gəlirlərim qane edəcək səviyyəyə çatanda mətbəə işindən ayrılaraq sırf dəri ilə məşğul olacağam. Əslində, mətbəə işi insanın sağlamlığına ziyan vurur. Bütün günü ayaq üstə və müxtəlif kimyəvi maddələrlə işləmək orqanizmə mənfi təsir edir. İki işi bir arada etmək isə çox çətin və yorucudur. Evə gələndən sonra gecə saat 1-ə kimi sifarişləri hazırlayıram. Ona görə də, bir-iki ilə bu işdən ayrılıb öz hobbimdən pul qazanmağı fikirləşirəm”.

Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər