• cümə axşamı, 25 aprel, 12:00
  • Baku Bakı 14°C

İlk iş müsahibəsindəki birinci suala 10 dəqiqə danışan oğlan- Uğur hekayəsi

02.03.18 09:00 4833
İlk iş müsahibəsindəki birinci suala 10 dəqiqə danışan oğlan- Uğur hekayəsi
Hələ məktəb illərində aktiv şagirdlərdən olub, universitetdə də sosial sferada aktivliyini davam etdirib. Könüllü kimi fəaliyyət göstərib, xırda bizneslə məşğul olub, yarımştat işlərdə çalışıb. Buna baxmayaraq, hesab edir ki, birinci kursun ilk ayından işləməyə başlasaydı, daha yaxşı olardı. Nəzəriyyə ilə təcrübənin vəhdətinin daha uğurlu nəticə ortaya çıxardığını düşən müsahibimiz "Azersun”Şirkətlər Qrupunun Marketinq şöbəsinin müdiri Şəmsi Bayramzadədir.

- Universitetdə xüsusi istedadlar qrupunda təhsil almısınız. Bununla başlayaq...
- 4 illik tələbəlik həyatımda öyrəndiyim əsas nüanslardan biri o oldu ki, vaxtında universitet dövrünə doğru dəyər verməmişik. Xüsusi istedadlar qrupu haqqında birinci kursun sonlarında eşitdim. 3 fənndən – ingilis dili, informatika və ali riyaziyyatdan imtahan verdim. Bir də semestr ərzində qiymətlərin əla olması şərt idi, yalnız bir 4 ola bilərdi. İmtahandan keçdim və 2-ci kursdan o qrupda oxumağa başladım. Düşünürəm ki, ən böyük qazancım xüsusi istedadlar qrupunda təhsil almağım oldu. O qrupda oxumağın verdiyi ən böyük avantaj orada seçilmiş tələbələrin olması idi ki, bu gün onlar hərəsi bir tərəfdədir, çox yaxşı əlaqəmiz var, hər biri də liderlik xüsusiyyətinə malikdirlər. Qrupun adına baxmayaraq, bizim elə xüsusi istedadımız yox idi. Sadəcə olaraq, oxumağı daha çox sevirdik, nə iləsə məşğul olmağı çox istəyirdik. Universitet vaxtı dərsdən çıxıb evə getdiyimi xatırlamıram. Tələbə vaxtı yalnız xəstə olanda dərsdən sonra evə gedirdim, qalan vaxtlar həmişə sosial fəaliyyətlə məşğul olmuşam, könüllü kimi çalışmışam, tədbirlərə getmişəm, 3-cü kursdan sonra yarımştat işləmişəm.
- Tələbə vaxtı aktiv olmaqla bağlı sizə məsləhət verən, istiqamətləndirən olmuşdu?
- Yox, çünki mən tələbəliyə aktiv formada gəlmişdim. Orta məktəb vaxtı oxuduğum təhsil ocağında bir layihə keçirilirdi, mən də ora qoşulmuşdum, 2 ay ərzində bizə təlim keçdilər. Sonra 10-cu sinifdə məktəbdə ilk dəfə seçkilər oldu, məktəbin prezidenti seçildim. Belə-belə sosial fəaliyyətim başladı. 9-cu sinifdən bu günlərə qədər sosial fəaliyyət davam edib. 10-cu sinifdə məktəb prezidenti olmağım tələbəliyə başlayanda məni QHT və tələbə gənclər təşkilatlarına getməyə məcbur edirdi. Çünki bunsuz mümkün deyildi. 9-cu sinifdən sonra dərsdən çıxıb evə getdiyim gün olmurdu. Hər gün nə isə tədbir, treninq, görüşə qatılırdım.
- Yəni, əsas olan o yola düşməkdir, siz də artıq istiqaməti almışdınız...
- Bəli, o yola düşmək çox önəmlidir. Müşahidələrimə əsasən deyə bilərəm ki, sosial fəaliyyətlə çox adam məşğul olur, amma davamını gətirmirlər, bir yerdə qırılırlar. Sosial fəaliyyət zamanı aldığımız faydanın nə olduğunu bilmək önəmlidir. Düşünürəm ki, hər bir tələbənin ən azı bir yerdə könüllü olması mütləqdir. Çünki universiteti qurtaran bir şəxs onunla bərabər eyni fakültəni bitirən, ingilis, rus dili bilikləri eyni olan yanındakı kadrlardan nələrlərsə fərqlənməlidir. Bunlardan biri də könüllülükdür. Könüllülükdə ikisi də eyni mühitdə ola bilər, amma aldıqları fayda fərqlidir.

- Tələbə vaxtı yarımştat çalışdığınızı dediniz. İlk qazancınız da universitet illərində olub?
- İlk maaşımı birinci kursda almışam, proqram koordinatoru idim. 4 ay işlədim, 50 manat əməkhaqqı aldım. Sonrakı mərhələdə kiçik sahibkarlıqla məşğul olmuşam. İnternetdən flaş kart, telefon və s. alıb satırdım. "E-bay” o vaxt bizdə yeni-yeni məşhurlaşırdı. Maaş olaraq isə 3-cü kursdan gəlir əldə etdim, reklam şirkətində layihə meneceri olaraq çalışırdım. İşə başlayandan 2 həftə sonra əmin oldum ki, mən çox gecikmişəm, birinci kursun sentyabrından işləməliydim. Düşünmürəm ki, o vaxt işləməyə başlasaydım, dərslərimi çatdıra bilməyəcəkdim, sosial fəaliyyətdən kənar qalacaqdım və s. Hamısına vaxt çatdırmaq olardı.
- Bu cür aktivliklə universiteti bitirəndən sonra da yəqin ki, iş problemi yaşamamısız...
- Universiteti hələ bitirməmişdim, işlə bağlı bir müsahibəyə getdim. Müsahibə üçün bir ay məni gözlətdilər, məni işə götürəcək şəxsə bir ay ərzində demək olar ki, hər gün zəng edirdim. Diplomumu müdafiə etməmiş məni işə götürdülər, özü də çox yaxşı maaşla. Bu, universiteti bitirəndən sonrakı ilk iş müsahibəm idi. Mənə bir sual verdilər. Dedilər ki, özün haqqında danış. Düz 10 dəqiqə danışdım. Ondan sonra dedilər ki, gedin, sizinlə əlaqə saxlayacağıq.
- İşə düzəlmək üçün çox gənc müsahibədən uğurla keçə bilmir. İşəgötürənlər gənclərin özlərini təqdim edə bilməməsindən şikayət edirlər. 10 dəqiqə nədən danışdınız elə?
- 9-cu sinifdən bu tərəfə etdiyim layihələr, getdiyim tədbirlər, qazandığım uğurlardan danışdım. Amma bunlardan bəhs edərkən "onu, bunu etdim” kimi demədim, daha doğrusu, bununla kifayətlənmədim. Nə etdiklərimdən yox, edərkən qazandıqlarımdan danışdım. Çünki qarşı tərəfə o, maraqlıdır. Onlar mənim o tərəflərimi görmək istəyirlər. Könüllü fəaliyyətlə çox adam məşğul ola bilər, amma orda nə qazanmaq hər şəxsə görə dəyişir. Özümü nə zəif, nə də özündən razı kimi təqdim etdim. Sadəcə, özünə güvənən biri olduğumu göstərdim. Özgüvənim mənə işə qəbul prosesində çox ciddi kömək oldu.
- Şəxsi inkişaf və biznes sahəsində də ara-sıra təlimləriniz olur. Sizdən auditoriyanın gözləntisi biliklərlə yanaşı, bu sahədə şəxsi təcrübənin ortaya qoyulmasıdır. Biznesdən danışaq, nəzəriyyə var, bəs təcrübə cəhətdən nələr etmisiniz?
- Şəxsi inkişaf, biznes sahəsində seminar və görüşlər keçməyi sevirəm. İki müsbət tərəfi var. Bir tərəfdən mən həm də burada özümü çox inkişaf etdirirəm, digər tərəfdən bilgiləri paylaşmağı sevirəm. Çünki bu bilgilər mənim deyil, mütləq paylaşılmalı, ətrafa ötürülməlidir. Bilik daha çox paylaşıldığı halda dəyərli olur. İki cür auditoriya var. Biri şou yönümlüdür. Onlar üçün nə yox, necə danışacağın önəmlidir. Digər bir auditoriya isə necə danışmağa yox, nə dediyinə fikir verir. Mən seminarlarda şou xarakterli formatı üstün tutmuram. Ara-sıra auditoriyanın yorulmaması üçün xırda nələrsə edə bilərəm, amma əsas məlumat, yeni bilik verməyə üstünlük verirəm. İstəyirəm ki, seminardan çıxanda adamdan necə keçdiyini soruşanda, çox yeni məlumat əldə etdiyini deyə bilsin. Məncə, əsas olan budur. Biznesə gəlincə, uğurlu marketinq və satış adamı iqtisadi biliklərini, biznes vərdişlərini artırmalıdır. Bu, o demək deyil ki, hər marketoloq sahibkar olmalı, şirkət qurmalıdır. Amma biznesi anlaması mütləqdir.

- Nəzəriyyə və təcrübədən danışaq. Nəzəri biliklər təcrübə olmadan işin neçə faizini təşkil edir?
- Bir zamanlar düşünürdüm ki, hər şey təcrübədən asılıdır. İş həyatında iki-üç il çalışdıqdan sonra nəzəri biliksiz təcrübənin çox da tutumlu olmadığı qənaətinə gəldim. Məsələn, bir divara mismarı vurmusunuz. Belə baxanda ilk görünüşdə hər şey düzdür, amma onu qırağını bərkidən plastması vurmadığınız halda o, orada yaxşı durmayacaq. Siz təcrübə olaraq çox yaxşı bal istehsal edə, arıçı ola bilərsiniz, amma ümumi olaraq işin elmini bilmədiyiniz halda, onu böyütməyi bacarmazsınız. Mənə görə, təcrübəsiz nəzəriyyə işin çox az hissəsidir. Təcrübə nəzəriyyəsiz olduqda bir müddət sonra boşluq yarada bilər. Böyük işlər görürsünüzsə, nəzəriyyə ilə təcrübə bir-birini tamamlamalıdır.
- Tələbə vaxtı fərqlənmək cəhətdən könüllülüyü vurğuladınız, bəs iş həyatında kadr olaraq necə seçilmək lazımdır?
- İş həyatında başlanğıcda bəlkə də təcrübə çox önəmlidir, amma ümumilikdə fərqlənmək üçün nəzəriyyə mütləqdir. İş həyatında daha professional, tutumlu olmaq üçün mütləq peşəni elmi tərəfdən əsaslandırmaq lazımdır. Eyni zamanda, işlədiyin yerin strategiyasını dəqiq bilməli və ona uyğun fəaliyyət ortaya qoymaq önəmlidir. İş həyatında aldığınız əməkhaqqı sizin hazırkı bilik və bacarıqlarınıza görədir. Əgər əməkhaqqınızın artırılmasını istəyirsinizsə, bilik və bacarıqlarınızı daha çox inkişaf etdirməlisiniz. Müdirin səndən nə istədiyini müəyyənləşdirib özünü o yöndə inkişaf etdirməlisən. Doğru müdirlə çalışırsansa, uğurlu olmaq üçün hansı bacarıqlara sahib olmalı olduğunu müəyyənləşdirib, o bilikləri sürətli şəkildə mənimsəyib işində tətbiq etmək önəmlidir. Bir də öhdəlik götürməyi bacarmaq lazımdır. Kiminsə gəlib sizin üzərinizə hansısa məsuliyyət qoymasını gözləməyin. Nə qədər çox məsuliyyət götürürsənsə, o qədər çox bacarıqlı olmaq deməkdir. Əlbəttə ki, öz bacarığından artıq məsuliyyət götürməyin performans azlığına gətirib çıxarır. Amma bacarıqları inkişaf etdirmək üçün daha çox məsuliyyət götürmək lazımdır.

- Sizcə, yaxşı kadr maddi olaraq öz dəyərini ala bilir?
- İstədiyin maaşı ala bilmirsənsə, deməli, yaxşı kadr deyilsən. Çünki sən yaxşı kadrsansa, artıq harda olduğunu bilirsən, şirkət də sənin yerini dəqiq bilir. Sən daha yuxarı maaş istəyirsənsə və olduğun yer onu vermirsə, o işdən çıx. "Burdan çıxandan sonra iş tapa bilməyəcəm” deyə bir qorxun varsa, deməli, bazar reallığında sənin əməyinin dəyəri budur. Özünü bazar reallığından daha yaxşı inkişaf etdirmisənsə, o bacarıqları bir gün istifadə edəcək tərəfin kimi saxlamalısan. O demək deyil ki, öyrəndiyin hər şey bu gün imdadına çatacaq. Nə vaxtsa mütləq lazım olacaq.
- Sizə görə uğurun sirri nədir?
- Hədəfli, əzmkar, özgüvənli və hər zaman inkişafa açıq olmaq.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər