• çərşənbə axşamı, 19 mart, 11:45
  • Baku Bakı 8°C

“İlk dəfə Bakıya gələndə vağzalda yatdım” – Keçmişdəki mən

31.12.16 09:30 3807
“İlk dəfə Bakıya gələndə vağzalda yatdım” – Keçmişdəki mən

Keçmişə qayıtmaq şansı olsa idi, bundan imtina edərdi. Çünki onun keçmişi müstəqil olmadığımız illərə təsadüf edib. Deyir ki, müstəqillik elə bir nemətdir ki, onu əldən vermək cinayətdir. Keçmişə qayıtmaq, bu cinayəti istəmək deməkdir... Olduğu zamanı doya-doya yaşayıb, qiymətləndirmək, xeyirxahlıq etmək onun ən böyük məqsədidir.
Müsahibimiz Bakı Dövlət Universitetinin sabiq dekanı, professor əvəzi Akif Rüstəmovdur.

"Hər qadının işi deyil...”

Həmsöhbətimiz 1939-cu ildə Ağdamda doğulub. Özünün dediyi kimi, dövrünün bəxtəvər uşaqlarından olub. Lakin bu bəxtəvərlik çox çəkməyib: "Atam Ağdam rayon komitəsində katib işləyirdi. Amma bu xoşbəxtlik mənə çox nəsib olmadı. Evin sonbeşiyi idim. 3 yaşımda atamı itirdim. O vaxt 5 uşaq idik. 3 bacı, 2 qardaş anamın öhdəsinə qaldıq. 5 uşaqdan üçümüz ali məktəbi, 2-miz isə texnikumu bitirdik. Anam tək olsa da, hamımıza təhsil verib. Atam katib olduğu üçün anamıza hörmət edirdilər. Atamdan sonra mədəniyyət şöbəsində müdir işləməyə başladı. Anam o qədər də savadlı qadın deyildi, amma zəhmətkeşliyi, gələcəyə inamı, cəsarətiylə bizi saxlayırdı. 5 uşağı təkbaşına böyüdüb onlara təhsil vermək hər qadının işi deyil”.

"İnsan anadan yetim qalır”

Atasız böyüyüb. Deyir ki, uşaq atadan yox, anadan yetim qalır. Ona görə, ana məhəbbəti o qədər ülvidir ki, onu heç bir sevgi, məhəbbətlə əvəz etmək olmaz: "Təbiətcə haylı-küylü uşaq olmamışam. Çox sakit idim. Uşaq vaxtı ən çox oynadığım oyun "dava-dava” idi. Bölünərdik, hərə əlində torpaq topasını isladıb bir-birinə atar, oyuncaq tapançalarla "vuruşardıq”. Ən sevdiyimiz oyunlardan biri isə "dirədöymə” idi. Dairə çəkirdik, ora bir kəmər qoyurduq, kim onu tez götürsə, içəridəki adamı döyürdü. Baxmayaraq ki, atasız böyümüşəm, uşaqlığım pis keçməyib. Anam mənə həm ana, həm də ata olub. Düzdür, insan üçün hər ikisi vacibdir, amma, mənim üçün ən əziz anadır. Ata qayğısı görmədiyimdən elə bilirəm insan atadan yox, anadan yetim qalır. Ana məhəbbətini ata məhəbbəti ilə əvəz etmək olmaz”.

"Müəllim silləsi yeməsəm də, oxuyurdum”


Balaca Akif oxumağı ilə orta məktəbdə də həmyaşıdlarından seçilib: "Dərslərimi yaxşı oxuyurdum. Bizdə Soltan müəllim var idi. Bir dəfə tarix fənnindən imtahan verirdik. Sinfə girib əsəbi halda dedi ki, bu sinifdə 2-3 nəfərdən başqa hamını tapşırıblar. 2-3 adamdan biri də mən idim. Dedi ki, siz hazırsınız, tapşırılmağa ehtiyac yoxdur. Amma bir nəfər tapşırılmayıb. Soruşmamış həmin şagirdi çağırdı, qiymətini yazdı, tapşırılanlardan isə dərs soruşdu. Bu, mənim xatirəmdən silinməz. İndi orta məktəbdə uşağa bir söz deyəndə aləm bir-birinə dəyir. Amma, o vaxt bir müəllimimiz var idi. Bizə 10 misal verirdi. Əgər 7-sini edib, 3-nü etməmisənsə, 3 sillə vururdu. Heç bir valideyn də etiraz etmirdi”.

"Vağzalda yatdım”

Orta məktəbi bitirdikdən sonra, universitetə imtahan vermək üçün Bakıya gəlib. Qəbul imtahanlarından yüksək bal toplasa da, üstünlük stajı olanlara verildiyindən Ağdamda işlədikdən sonra yenidən imtahan verib Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub: "İlk dəfə Bakıya gələndə qalmağa yerim yox idi. Gecəni vağzalda yatdım. Səhər imtahana gəldim. Universitetə qəbul olduqdan sonra bir müddət bacımgildə qaldım. Tələbəlik illərində Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Nurəddin Babayev, Famil Mehdi, Tofiq Rüstəmov, Qulu Xəlilov kimi müəllimlərdən dərs aldım, bu peşənin incəliklərini öyrəndim. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Nurəddin müəllim bir dəfə məni çağırıb dedi ki, səni fakültədə laborant kimi saxlamaq istəyirik. Bu barədə şad xəbəri zəng vurub anama çatdırdım. Anam da sevinib xeyir-dua verdi. Yaxşı və səliqəli işlədiyimi görüb mənə dekanlıqda işləməyi məsləhət gördülər. Mən burada tədris işinin bütün incəliklərini Şirməmməd müəllimdən öyrəndim. 1975-ci ildə müəllim keçdim. Və o gündən indiyə kimi BDU-nun müəllimiyəm. Onu da bildirim ki, 1980-ci ildə Tbilisidə namizədlik dissertasiyasını müdafiə etdim”.

"Əjdahasan ki, sən…”

O vaxt bir tələbələr çox vaxt "şparqalka”dan istifadə edirdi: "Mən yalnız bir fəndən ümumi dəftərdə imtahan suallarının cavabını yazmışdım. Bu da ən çox çəkindiyim Şirməmməd müəllimin tədris etdiyi xarici ölkələrin jurnalistika tarixi fənni idi. Şirməmməd müəllim imtahanda dedi ki, kimin "şparqalkası” varsa, çıxarsın, onsuz da imkan verməyəcəm. Qorxumdan dəftəri çıxarıb Şirməmməd müəllimə verdim. Bir-bir yazdıqlarıma göz gəzdirdi və dedi ki, "sualların hamısına cavab yazmısan, əjdahasan ki, sən. Bunu yazmısansa, deməli, oxumusan”. Zaçot kitabçama əla qiymət yazdı.

Taleyin hökmü…

Tələbələrin sevimlisi olan müəllim dekan vəzifəsini də icra edib. Deyir, tələbələrin ona isti münasibəti ən böyük qazancıdır: "Tofiq Rüstəmovun dekan olduğu vaxt rektorluğa yazdığım məktubu imza üçün ona verdim. Aradan iki-üç gün keçməsinə baxmayaraq, imza atmamışdı. Dedim ki, Tofiq müəllim, məktubu imzala, göndərək. Dedi, bir məktubu oxu. Sən demə, dekan Tofiq Rüstəmov əvəzinə Akif Rüstəmov yazmışam. Tale elə gətirdi ki, Tofiq Rüstəmovdan sonra dekan mən oldum. Mehriban bir kollektivdə dekan olmaq, həm də respublikada tanınmış jurnalistlərlə işləmək məsuliyyətimi bir az da artırdı.
Bəzən mənə sual verirlər ki, Akif müəllim, bu yaşda necə belə cavan görünürsünüz, bunun səbəbi nədir? Bunun səbəbinin birincisi, ailəmdə dedi-qodunun olmamasıdır. İnsanı qocaldan ən böyük amil ailədəki münaqişələrdir. İkincisi, mehriban bir kollektivdə işləyirəm. Üçüncüsü, öz peşəmin vurğunuyam. Dördüncüsü isə tələbələrin mənə isti münasibətidir. Bu münasibət mənim üçün dünyadır, onu heç nə əvəz edə bilməz”.

İlk sevgi

Dediyinə görə, həmsöhbətimizin ilk sevgilisi həyat yoldaşıdır. Hesab edir ki, cavan qalmasının, həyata pozitiv baxmasının ən böyük səbəbkarı həyat yoldaşıdır: "Həmişə tətildə evə qayıdanda anam narazılıq edirdi ki, evlənmək vaxtındır, mən də yaşlanmışam. Deyirdi, bəlkə gözaltın var, demirsən? Dedim yox, hələ evlənmək fikrim yoxdur. Bir gün qonşuya bir qız gəlmişdi. Anam dedi ki, bir ona bax. Baxdım, bəyəndim, evləndik. İlk sevgim belə oldu. Heç vaxt da peşman olmadım. İndi 3 övladım, 3 nəvəm var. Ailə quranda ata-ananın xeyir-duası mütləq lazımdır. Öz istədiyin belə olsa, mütləq valideynlərinin xeyir-duasını almalısan. Xeyir-duasız ailədə xeyir olmur”.

"Sevdiyiniz işlə məşğul olun!”

Gənclərə məsləhət verən həmsöhbətimiz deyir ki, sənəti sevib seçsinlər: "Müasir gənclərin ən böyük səhvi bütün günü internetdə olmalarıdır. İnternet o qədər neqativ xəbərlərlə yüklənib ki, bu, onların əhval-ruhiyyəsinə təsir edir. Yaxşı olardı ki, internetdən məqsədyönlü istifadə etsinlər. Oxumaq əvvəlki illərdən fərqli olaraq, arxa plana atılıb. İxtisas seçimində də 15 ixtisasın yazılmasının əleyhinəyəm. 3 ixtisas yaz, amma sevdiyin ixtisas olsun. Sevdiyin işi görmək çox əhəmiyyətlidir. Gənclərə ən böyük məsləhətim odur ki, sevdikləri işlə məşğul olsunlar”.

Geriyə dönmək şansım olsa…


Müsahibimiz sonda vurğuladı ki, geriyə dönmək şansı olsa, bundan imtina edərdi: "Keçmişə qayıtmaq, təzədən sovet dövrünə qayıtmaqdır, onu istəməzdim. Müstəqillik gözəl nemətdir. Müstəqillik illərində fikrini azad ifadə edə bilirsən, qabiliyyətin varsa, özünü göstərə bilirsən. Amma keçmişdə bunlar yox idi. Keçmişlə bağlı bu gün axtardığım, insanların bir-birinə münasibətləridir. O qədər doğma idi ki… O vaxt inam var idi. İnsanlar bir-birinə adi bir sözlə borc verirdilər. Təəssüflər olsun ki, o inam indi yoxdur. 1970-ci illərin insanları daha səmimi idi. İndi bu səmimiyyət getdikcə pozulur. Bütün çətinliklərə baxmayaraq, müstəqillik gözəl nemətdir, biz onu qorumalıyıq”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər