AZE | RUS | ENG |

İlk cəhd uğursuzluqla nəticələnəndə nə etməli? - Polemika

İlk cəhd uğursuzluqla nəticələnəndə nə etməli? - Polemika
Hər bir insan həyatda qarşısına bir neçə məqsəd qoyaraq bu yolda irəliləyir və həmin məqsədlərə çatmaq üçün əlindən gələni edir. Amma bəzən cəhdlərimiz uğursuzluqla da nəticələnə bilir. Xüsusilə də, həyatımızın ən önəmli mərhələlərindən biri sayılan qəbul imtahanı dönəmində ilk cəhddə uğursuzluqla qarşılaşa bilərik. Bəzən bu uğursuzluqdan təsirlənib hər şeydən ümidini üzənlər olur. Və ilk dəfə alınmadı deyə, bir çox gəncin yenidən oxuyub imtahan verməyə və ya hədəfi dəyişməyə istəkləri olmur.
Ona görə də bu dəfə gənclərlə "ilk cəhddə uğursuzluqla qarşılaşanda nə etməliyik? Hədəfi dəyişməliyikmi?” mövzusu ətrafında həmsöhbət olduq.
 

 
Xəyallarınızdan bərk yapışın
 
Hicranə İsmayılova - tələbə
 

Hicranə deyir ki, hər şey ilk cəhddə alınmaya bilər: "Ümumiyyətlə, insan özünü tanımalı və gücünü bilməlidir. Bunlar qaydasında olduqdan sonra onun üçün bir çox problemlər aradan qalxmış olacaq. Biz daim hər kəsdən üstün olmağı düşünürük. İstəyirik ki, hamı bizdən sonra olsun. Amma bu üstünlüyü əldə etmək üçün hamı eyni səviyyədə çalışmır. Bəzilərimiz istəyimizə çatmaq üçün hərəkət edirik, bir qismimiz isə sadəcə dildə istəyirik. Əməldə bir irəliləyiş göstərməyib, amma hər şeyi əldə etmək istəyənlər nəticələrindən razı qala, onu qəbul edə bilmirlər. Bu da öz növbəsində ciddi problemlərə gətirib çıxarır. Bundan çıxış yolu ya çox çalışmaq, ya da özünü olduğu kimi qəbul etməkdir. Əlbəttə, çox çalışmaqla bir çox şeyə nail ola bilərik. Ətrafımızda tez-tez "xəyallarınızdan bərk yapışın” tipli cümlələr eşidirik və bu cümlələrdən özümüz də istifadə edirik. Başa düşmək lazımdır ki, hər şey ilk cəhddə alınmaya bilər. Biz qabaqcadan psixologiyamızı bütün olacaqlara hazırlamalıyıq. İstəklərimizin həyata keçmə ehtimalından başqa, əks ehtimalı da nəzərimizdə tutmalıyıq. Bunu qabaqcadan düşünüb, təhlil etmək bizə baş vermiş uğursuz hadisədən rahatlıqla çıxış yolu tapmaqda kömək edəcəkdir”.
 
Həmsöhbətim düşünür ki, əldə edə biləcəklərimizlə xoşbəxt olmağı bacarmalıyıq: "İlk cəhddə uğursuzluğa düçar olmuşuqsa, üzülməyə dəyməz. Bəzən baş vermiş pis hadisədə belə, yaxşı nələrsə axtarmalıyıq. Mən həyatımızda baş verən hər şeyin içərisində mütləq bir xeyrin olduğuna inananlardanam. Ağlımızdakı alınmırsa, bu, həyatın sonu demək deyil. Başqa işləri alındırmağa cəhd etməliyik. Və beləcə həyata davam etməliyik. Bu, əsla zəiflik göstərib yarı yoldan qayıtmaq demək deyil. Sadəcə mübariz olub, əldə edə biləcəklərimizlə xoşbəxt olmağı bacarmalıyıq”.

 
Uğur ilk cəhddən əldə edilməlidir kimi qayda yoxdur
 
Şahin Sərdarlı - jurnalist
 

Şahin deyir ki, imtahanlar ərəfəsindəyik. Bu ərəfədə abituriyentlərin nələr düşündüyünü, nə çəkdiyini təsəvvür etmək elə də çətin deyil: :Bu onların həyatları üçün əsas mərhələlərdən biridir. Bu dönəmdə qazanılacaq hər bir uğur da, uğursuzluq da bir çox şey üçün həlledici olur. Təmkinli və səbirli olmaq həqiqətən də bir abituriyent üçün çox çətindir. İlk olaraq abituriyentin özünün qarşısına qoyduğu bir məqsəd var. Və bu imtahan həmin məqsədə çatmaq üçün onun ilk cəhdidir. Həmin ərəfədə stress və həyəcan olduqca çox olur. Universitetə hazırlaşanlar ilk cəhddə uğur əldə etməsələr, bunu hər şeyin sonu kimi qiymətləndirməsinlər. Bu dönəmdə bir müddətlik kənar söhbətləri özlərindən uzaqlaşdırmağı tövsiyə edirəm. Qəbul olmasalar belə, həmin ərəfəni sözün əsl mənasında rahatlıqla keçə biləcəklər. Ümumiyyətlə, insan bunu qəbul etməlidir ki, həmişə ilk cəhddə uğur əldə edilməlidir deyə bir qayda yoxdur. İnsan daim öz üzərində çalışmalı, təkrar-təkrar özünü sınamalıdır. Əgər bu dəfə alınmadısa, bu, o demək deyil ki, həmişə alınmayacaq. Hər kəs ilk cəhddə istədiyinə nail olmaya bilər. Əsas olan yenidən düşünüb, nə istədiyini, məqsədinin nə olduğunu dəqiqləşdirməkdir. Onsuz da məqsədlisinizsə, hər addımınız sizi uğura aparacaq. Təki o məqsəddən möhkəm yapışasınız. Və baş vermiş hadisəni düzgün qiymətləndirmək lazımdır. İlk cəhddə alınmadısa, pis olmağa dəyməz. Hazırda müxtəlif peşələr var. Başqa bir ixtisas seçərək özünüzə zaman da əldə etmiş olarsız. Bu ərəfədə də təkrar imtahana hazırlaşa, daha çox şey öyrənə və əlaqələrinizi genişləndirə bilərsiniz”.

 
İnsan özünə və potensialına güvənirsə, hədəfini dəyişməməlidir
 
Orxan Mahmudov – psixoloq
 

Orxan düşünür ki, əgər bir insan uğur əldə etmək istəyirsə, ilk olaraq özünü kəşf etməlidir: "Əslində, insan hədəfindən yayınmamalıdır. Əgər özündən əmindirsə, öz hədəfi üçün çalışmalıdır. Və burada qarşıya qoyulan məqsəd çox önəmlidir. İnsan özünü kəşf etməli, potensialına bələd olmalıdır. Bəlkə də ilk cəhddə alınmamağının səbəbi insanın öz potensialından artığını istəməsidir. Yəni insan dəyərini bilməlidir. Bəzən ilk cəhddə uğur əldə olunsa belə, kimsə onun davamını gətirə bilmir. Çünki bunu davam etdirmək üçün potensialı çatmır. Və demək ki, həmin insan özünü düzgün kəşf etməyib. Yox əgər insan özünə və potensialına güvənirsə, o zaman hədəfini dəyişməməlidir. Və ona çatmaq üçün mübarizə aparmalıdır. Bəzən insanın hədəfdən yayınmasında valideynlərinin də rolu olur. İlk cəhddə uğursuzluq əldə edən abituriyentə valideynləri seçdiyi ixtisası dəyişməyi təklif edir. Düşünürəm ki, bu məqamda şagird özü qərar verməlidir. Əgər fikirləşirsə ki istədiyinə çatacaq, bu zaman hədəfinə doğru irəliləməlidir. Yox, özündən əmin deyilsə, mütləq bir mütəxəssislə məsləhətləşməli, növbəti addımı ona görə atmalıdır”.
 
Günel Azadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.3578
KWD 1 Küveyt dinarı 5.6134
SEK 1 İsveç kronu 0.1913
EUR 1 Avro 1.9658
CHF 1 İsveçrə frankı 1.7038
USD 1 ABŞ dolları 1.7000