• cümə axşamı, 18 aprel, 22:25
  • Baku Bakı 21°C

İlk Avropa Oyunları xoş təəssüratlarla anılır

09.07.15 10:48 2850
İlk Avropa Oyunları xoş təəssüratlarla anılır
Aleksandr Jukov: “Bakıda sambo üzrə yarışların keçirilməsi bizim üçün çox vacib idi”
Campoolo Kutillo: “Bu, bir çox gənc atlet üçün imkanlar yaratdı"

“Novıe izvestiya” saytı Rusiya Olimpiya Komitəsinin rəhbəri Aleksandr Jukovdan müsahibə alıb. Olimpiya Komitəsinin prezidenti I Avropa Oyunları haqqında danışarkən Azərbaycan barəsində təəssüratlarını da bölüşüb.
O bildirib ki, I Avropa Oyunlarına yay olimpiadasına daxil olmayan idman növlərinin salınması düzgün qərar idi: “Tamaşaçılar yay olimpiadasına daxil olmayan idman növləri ilə daha yaxından tanış olmaq şansı əldə etdilər. Sirr deyil ki, Rusiya olimpiadaya sambo kimi idman növünü də salmağa çalışır. Ona görə də Bakıda sambo üzrə yarışların keçirilməsi də bizim üçün çox vacib idi. I Avropa Oyunları çox maraqlı idi və bu yarışlar xoş təəssüratlar yaratdı. Avropa Oyunları zamanı əldə edilən böyük təcrübə bu idman yarışına olan münasibəti gələcəkdə dəyişə bilər. Mən inanıram ki, Avropa Oyunları gələcəkdə qitənin daha maraqlı, cazibəli yarışına çevrilə biləcək. Oyunlar zamanı yay olimpiadasına daha çox lisenziyalar veriləcəyi halda, bir çox dövlətlər bu yarışı keçirmək uğrunda mübarizə aparacaqlar. Həmçinin Rusiya da Avropa Oyunlarını keçirmək üçün öz namizədliyini irəli sürə bilər. Misal üçün, bir müddət Kazan şəhəri bu haqda maraqlanmağa başlamışdı. Lakin gələn oyunlar 2019-cu ildə keçiriləcək. Hazırkı vəziyyətdə Rusiya ilk öncə təşkil edəcəyi yarışlar haqqında düşünməlidir. Amma Rusiyanın bir çox şəhərləri Avropa Oyunlarını keçirmək iqtidarındadır. Kazan, Soçi, Moskva, Sankt-Peterburq şəhərləri bu yarışı keçirmək üçün lazımi infrastruktura malikdir”.
A.Jukov Bakıda keçirilən Avropa Oyunlarında akrobatikanı bəyəndiyini qeyd edib: “Hazırda yay olimpiadasına yeni idman növlərinin əlavə ediləcəyi müzakirə olunur. Mən beysbol, softbolun bu yarışda favorit olduğunu düşünürəm”.
Komitə prezidenti Rusiyanın təşkil edəcəyi yarışlara ayıracağı vəsait barəsində də məlumat verib. Onun sözlərinə görə, Rusiya dövləti müxtəlif tədbirlərin təşkili üçün təxminən 1,5 milyard rubl vəsait ayırıb: “Bu yarışların bir çoxu yaxın zamanlarda keçiriləcək. Biz olimpiya idman növlərinin inkişaf etdirilməsini və olimpiya dəyərlərinin təbliğ olunmasını komitəmizin qarşısında duran əsas prioritet hesab edirik”.
Bu arada İtaliyanın Azərbaycandakı səfiri Campoolo Kutillo “Trend”ə müsahibəsində I Avropa Oyunlarının təşkilinin qüsursuz olduğunu vurğulayıb. Səfir bildirib ki, oyunların açılış və bağlanış mərasimlərinin baxımlı və eleqant olmasından böyük zövq alıb.
Diplomat qeyd edib ki, oyunlar barədə çox gözəl təəssüratları yaranıb: “Azərbaycanı bu uğur münasibətilə təbrik etmək istəyirəm. I Avropa Oyunları ölkə üçün bir çox aspekt baxımından vacib hadisə oldu”.
C.Kutillo diqqətə çatdırıb ki, ilk Avropa Oyunlarında İtaliya medalların sayına görə altıncı ölkə olub: "Komandamız 10 qızıl medal qazandı, bu, olduqca yaxşı nəticədir. I Avropa Oyunları bir çox gənc atlet üçün imkanlar yaratdı".
Sənan Əhliman
banner

Oxşar Xəbərlər