• cümə, 26 Aprel, 04:43
  • Baku Bakı 16°C

İlk Avropa Oyunları Azərbaycanın qələbəsidir

19.06.15 10:46 1347
İlk Avropa Oyunları Azərbaycanın qələbəsidir
Məlum olduğu kimi, artıq ilk Avropa Oyunlarının 7 günü arxada qalıb. Hazırda bütün dünyanın, xüsusilə də idman ictimaiyyətinin diqqəti ölkəmizə yönəlib.
Lakin məlumdur ki, bu mötəbər idman yarışı ilə paralel, hətta ondan xeyli əvvəldən oyunlar ətrafında bəzi anti-Azərbaycan dairələr tərəfindən siyasi oyunlar da təşkil olunub. Müxtəlif vasitələrdən istifadə edilməklə həm Azərbaycan dövləti, həm də oyunlar gözdən salınmağa çalışılır. Müşahidələr göstərir ki, Azərbaycan ilk Avropa Oyunlarının təşkilinə necə məqsədyönlü hazırlaşıbsa, anti-Azərbaycan dairələr də ölkəmizi gözdənsalma kampaniyasına o cür “ciddiliklə” hazırlıq görüb. Belə ki, həmin dairələr dünyanın aparıcı media strukturlarını, bəzi riyakar siyasi-ictimai xadimləri, qlobal vətəndaş cəmiyyəti institutlarını, ələlxüsus da “5-ci kolon”u müxtəlif ssenarilərlə təchiz edərək, Azərbaycanı, ilk Avropa Oyunlarının təşkilatçılığını dünya ictimaiyyətinin gözündən salmağa, ölkəmizə qarşı təxribatlara əl atmağa sövq etməkdədirlər.
Anti-Azərbaycan dairələrin kimliyi də maraq doğurur. Lakin artıq məlumdur ki, onlar əsasən dünyanın müxtəlif ölkələrində kök salmış erməni diasporu və onun əlaltıları, Azərbaycanın müstəqil, milli maraqlara xidmət edən daxili-xarici siyasət yürütməsini qəbul edə bilməyən bəzi qlobal güclərdir. Məhz bu şəbəkə ölkəmizə qarşı xüsusilə də beynəlxalq tədbirlər dövründə aktivləşir. Digər tərəfdən, Qərbin bəzi islamofob dairələri də Azərbaycan kimi modern bir müsəlman dövlətinin mövcudluğunu, onun Avropa əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsini həzm edə bilmirlər. Ölkəmizə qarşı aparılan məqsədyönlü təzyiq kampaniyasını şərh edərkən Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan dövlətinin bu barədə mövqeyini ortaya qoyub: “Məhz anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil beynəlxalq islamofob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər dövlət kimi öz sıralarında görmək istəməməsidir. Onların fikrincə, müsəlman dünyasında həmişə xaos, anarxiya olmalıdır, insanlar bir-birini öldürməlidir, partlayışlar olmalıdır. Necə ki, İraqda, Suriyada, Yəməndə, Misirdə, Liviyada baş verir. Bunlar bütün müsəlman dünyasına aid olmalıdır. Yəni modern, nümunəvi müsəlman dövləti modeli dünyaya təqdim oluna bilməz”.
Lakin görünən odur ki, anti-Azərbaycan dairələr nə qədər çalışsalar da, öz məkrli niyyətlərinə çata bilmədilər. Açılış mərasiminə çoxlu sayda dövlət və hökumət rəhbəri, nüfuzlu xadimlər qatıldı. Mərasim öz möhtəşəmliyi və orijinallığı ilə göz oxşadı. Təsadüfi deyil ki, ölkəyə təşrif buyurmuş çoxsaylı xaricilər, turistlər, idmançılar ilk Avropa Oyunlarının açılış mərasiminin təşkilini yüksək qiymətləndirib və ən yüksək standartlara cavab verdiyini söyləyiblər. Bunu onların həm yerli mediaya, həm də xarici mediaya verdikləri açıqlamalar da sübut edir. Mərasimdə iştirak edən sıravi insanlar da öz təəssüratlarını bölüşərkən xüsusilə xarici qonaqların heyranlıqlarını gizlədə bilmədiklərini dilə gətirirlər.
Xarici media qurumlarının açılış mərasimi və oyunlara həsr olunmuş materiallarında onun möhtəşəmliyi qeyd olunmaqla yanaşı, Azərbaycanın öz milli mədəniyyətini nümayiş etdirdiyi də vurğulanmışdı. Bununla da Azərbaycan Avropa ailəsinə qoşularkən öz milli-mədəni və tarixi dəyərlərini də qoruyub saxlamaq əzmində olduğunu nümayiş etdirmiş olub.
Avropa Oyunlarının xarici mətbuat və sosial şəbəkələrdə müzakirəsi də göstərdi ki, bu mühüm idman yarışması bütün dünyanın diqqət mərkəzindədir. Sosial şəbəkələrdə xarici auditoriya, idman ictimaiyyəti ilk Avropa Oyunları haqqında yüksək fikirlər və rəylərlə bölüşdülər. “Twitter”də Bakı2015 haştaqı dünya trendində top onluğa düşdü.
Beləliklə, ilk Avropa Oyunlarının açılış mərasimi, oyunların təşkili və yarışların uğurla, əsl idman mübarizəsi şəraitində keçməsi ilə bağlı dünya icimaiyyətində aydın təsəvvür formalaşıb. Oyunlar ölkəmizin bu cür mühüm tədbirlərə ev sahibliyi etmək qabiliyyətini ortaya qoymaqla, gələcəkdə də bu kimi tədbirlərə ev sahibliyi etmək iddiasında olduğunu nümayiş etdirir.
İlk Avropa Oyunlarının uğurla keçirilməsi, açılış mərasiminin möhtəşəm bir şəkildə baş tutması, dünya miqyasında rezonans doğurması və s. amillər Azərbaycana qarşı başladılmış qarayaxma kampaniyasının bir daha iflasa məhkum olduğunu nümayiş etdirdi. Bu onu sübut etdi ki, Azərbaycanın iradəsini yalanla, böhtanla sındırmaq mümkün deyil. Azərbaycan dövləti güclüdür və onun başında duranlar təzyiq dilini qəbul etmirlər. Azərbaycan dövləti yalnız öz milli maraqlarına uyğun olan addımı atır. Heç bir xarici qüvvənin istər açıq, istərsə də dolayı yolla etdiyi təzyiqlərin onun üçün əhəmiyyəti yoxdur. Dolayı yolla təzyiq üsullarından ən çox özünü göstərəni bəzi aparıcı dünya mediasının ələ alınaraq ölkəmizə qarşı istifadə olunması oldu. Əgər 2012-ci ildə Bakıda keçirilmiş “Avroviziya” yarışması dövründə ölkəmizə qarşı qarayaxma kampaniyasının önündə Almaniya mediası gedirdisə, bu dəfər Böyük Britaniya mediasının aktivliyi özünü göstərir. Britaniya mediasının açılış mərasiminə münasibəti təsdiq etdi ki, bu gün onların qarşısına qoyulmuş əsas vəzifə nəyin bahasına olursa-olsun ilk Avropa Oyunlarını və onu keçirən ölkəni gözdən salmaqdır.
Tapşırığa uyğun olaraq birinci Avropa Oyunlarını gözdən salmaq üçün heç bir bəhanə tapa bilməyən xarici anti-Azərbaycan şəbəkə bayağı şəkildə primitiv və gülünc iddialar irəli sürməkdən başqa heç nə edə bilmir. BBC, “Guardian”, “İndependent” və bu kimi Britaniya media orqanları öz qərəzli münasibətlərini bu dəfə də gizlədə bilmədilər və qarayaxma xarakterli iddialarını davam etdirdilər.
Lakin bu günün reallığı ondan ibarətdir ki, anti-Azərbaycan qüvvələr deyil, istəyinə çatan məhz Azərbaycan dövləti, Azərbaycan xalqıdır. Ölkəmizin düşmənləri isə Emin Milli, Arzu Qeybulla, Keti Pisr, Rebekka Vinsent kimi bir neçə milli və insani hisslərdən məhrum olmuş, başıpozuq ünsürlərin ümidinə qalıb.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər