İlin yeniyetmə cüdoçusu - Portret
Ağır oturub batman gələn bu
növcavan 2020-ci ildə bizi daha
nələrlə təəccübləndirəcək
İlin əsas idman hadisələrindən biri "Bakı 2019" XV Avropa
Gənclər Olimpiya Festivalı idi. İlk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarından
sonra 48 ölkənin iştirakı ilə baş tutan daha bir kütləvi idman tədbirini
nümunəvi təşkilatçılıqla tarixə həkk etdirən Azərbaycan, yekun komanda
hesabında da liderlər qrupunda qərarlaşdı. Doğma divarlar amilindən maksimum
yararlanaraq, sadəcə, üç ölkə - Rusiya, Böyük Britaniya və Türkiyəni önə
buraxdıq. Gözlənildiyi kimi, mükafatların əksəriyyəti güləş və cüdodan gəldi.
Təşkilatçı hüququndan istifadə edib ilk dəfə yarışın proqramına daxil etdiyimiz
güləşdə 8, ənənəvi növ olan cüdoda 2 baş mükafata sahib çıxaraq, ümumilikdə,
tarixi maksimuma nail olduq. Beləliklə, "Portret" rubrikasının cari
il üçün son buraxılışını AGOF qəhrəmanlarımızdan birinə həsr edirik. Daha
doğrusu, ilin ən yaxşı yeniyetmə cüdoçusuna...
Bayramov Turan Etibar oğlu. O, 4 aprel 2002-ci ildə böyük idman
ənənələrinə malik olan qədim Gəncədə dünyaya gəlib. İdmanla məşğul olmağa elə
cüdodan, cəmi 7 yaşından başlayıb. Belə ki, idmançılara olan marağını, evdə,
həyət-bacada tez-tez müxtəlif idman hərəkətləri göstərdiyini görən atası, onun
əsl yerinin məhz cüdo olduğunu düşünüb, şəhərin tanınan məşqçilərindən biri
Xanəhməd Rzazadənin dərslərinə yazdırır. Səkkiz ilə yaxın Gəncədə yaşayan,
yarışlara doğma şəhərinin adından qatılan Turan, üç ilə yaxındır ki,
hazırlıqlarını Məhəmməd Xudiyevin rəhbərliyi altında Bakıda - əvvəlcə 13 saylı
Uşaq-Gənclər İdman Məktəbinin, ardından "Atilla" klubunun sıralarında
davam etdirir. Uşaqlıqdan sakit təbiəti, təlim-tərbiyəsi, uzaq yola rəğmən,
məşqlərə davamiyyəti ilə nümunə olan yeniyetmə qəhrəmanımız, ilk cəhdlərindən
istedadını büruzə verir. Kiçik yaşlı yeniyetmələr arasında zona yarışlarının,
respublika birinciliyinin qalibi adını qazanır. Təbii ki, hər ölkədaxili uğur
da beynəlxalq arenalara çıxış imkanıdır. Varşavadan bürünc medalla dönən,
Bakıda keçirilən beynəlxalq yarışda isə rəqib tanımayan Bayramov, beləcə, böyük
nailiyyətlərinin anonsunu verir.
"Qızıl orucumuz"u
pozur
2018-ci ilin sonlarında Polşada keçirilən turnirin finalında komanda
yoldaşı Dilavər Abışovu məğlub edirsə, ilin əvvəlində Azərbaycan çempionatında
da zirvəni heç kimə güzəştə getmir. Fevralda İspaniyada baş tutan Avropa
Kubokunda medalın bir addımlığında dayansa da, iki ay sonra Çexiyanın təşkil
etdiyi analoji yarışın qalibi olur. İyunun 27-də isə Avropa çempionatında
mübarizəyə qoşulan Turan, əvvəlcə Litva, 1/8 finalda Portuqaliya, ardınca da
Rusiya təmsilçilərini məğlub edərək, yarımfinala çıxır. Finalın bir
addımlığında ukraynalı Vladislav Kazimirovu da büdrədib, həlledici görüşdə
türkiyəli Muhammed Demirelin çempionluq arzusunu gözündə qoyur. Bununla da, ona
yaxşı tanış olan Varşavada himnimizi səsləndirmək şərəfi yaşayan 17 yaşlı
Bayramov, eyni zamanda, Azərbaycana qitə birinciliyinin yeganə
"qızıl"ını qazandırmış olur. Bu, həm də ölkəmizin oğlan cüdoçularının
üç illik "qızıl orucu"na son qoyulması idi. Belə ki, sonuncu dəfə
2016-cı ildə Finlandiyada təşkil olunan AÇ-də Rövşən Əliyev və Əhməd Yusifov
vətənə baş mükafatla dönmüşdü.
"Tələsməyin, bu, hələ
son deyil" mesajı
Qitə birinciliyi ilə Avropa Gənclər Yay Olimpiya Festivalını, sadəcə,
27 gün ayırırdı. Belədə, sözsüz ki, Turan yığmamızın əsas çempionluq ümidi idi.
Ənənəvi çəki ardıcıllığı ilə bu dəfə də ilk gündə tatamiyə çıxan Avropa
çempionu, zala toplaşan tamaşaçılara əsl cüdo bayramı yaşadır. Belə ki, bir
neçə saniyə ərzində avstriyalı Safer Adam və yunan Mikis Tontinidisi
"tərk-silah" edən Bayramov, köhnə tanışlar - Muhammed Demirel və
rusiyalı Rizvan Maqomedovla "qızıl xal" gedən döyüşləri
"vaza-ari" xalı ilə qalib başa vurur. Qələbəsini özünəməxsus
jestlərlə qeyd edən Turan, tataminin ağası kimi qətiyyətli duruşu ilə onu ayaq
üstdə alqışlayan hər kəsə "tələsməyin, bu, hələ son deyil" mesajı
verir. Lakin...
... Zədə
Turan, möhtəşəm start verdiyi ili qızıl "het-trik"lə başa
vurmaq niyyətində idi. Lakin Qazaxıstanda keçirilən mundial ərəfəsində ciddi
zədə alır. Məşqçilər yarışı buraxıb, dincəlməyi məsləhət görsə də, o, inad
edərək, Almatıya yollanır. Hərçənd, çıxışı da pis alınmır. Bel və biləyindəki
zədələrə baxmayaraq, İtaliya, Monqolustan və Kiprdən olan rəqiblərini
məğlubiyyətə uğradan Bayramov, yekunda beşinci nəticə göstərir. Onunla eyni
çəkidə mübarizə aparan Kamran Süleymanov gözlənilmədən gümüş medal qazanıb,
DÇ-nin fərdi proqramında ən yaxşı nəticəmizi müəyyənləşdirsə də, hər halda, iki
mühüm qitə yarışının qalibi olmaq ilin yeniyetmə cüdoçusu adına artıqlaması ilə
kifayət edər.
Üstəlik... Sensasiya!
24-26 dekabr aralığında cüdo üzrə böyüklər arasında növbəti ölkə çempionatı
baş tutdu. Dünya reytinqinin altıncısı Məmmədəli Mehdiyevin iştirakı, ağır
çəkidə sabiq dünya vitse-çempionu Uşanqi Kokaurinin finalda növbəti dəfə Şahin
Qəhrəmanova, osetin legioner Zelim Kotsoyevin isə digər yerli cüdoçu Aslan
Mirzəyevə uduzması ilə yadda qalan yarışın əsas sensasiyasına məhz Turan imza
atdı desək, yanılmarıq. 60 kiloqramda "Tokio 2020" olimpiya
lisenziyasından uzaq olduğumuzu nəzərə alsaq, bu çəkidə gərgin mübarizə
gedəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Demək olar, bütün favoritlər iştirak
edirdi. Lakin cüdonun böyük sürprizlərlə bol idman növü olması növbəti dəfə
təsdiqini tapdı. 17 yaşlı, başqa sözlə, hələ yeniyetməlik dövrünü başa vurmayan
Turan Bayramov, gənclər arasında dünya ikincisi və Avropa çempionu, "Bakı
2018" mundialının beşincisi Kəramət Hüseynov və 23 yaşadək cüdoçular
arasında Avropa üçüncüsü, böyüklər arasında son Azərbaycan çempionu Rəşad
Yelkiyev də daxil olmaqla, beş rəqibini yenib, baş mükafat uğrunda həlledici
döyüşə vəsiqə qazandı. Əvvəlki mərhələlərdə olduğu kimi, burada da daha
təcrübəli cüdoçu - Yaşar Nəcəfovla qarşılaşsa da, başabaş mübarizə aparıb,
sonda gümüş medala layiq görüldü. Bir sözlə, möhtəşəmsən, Turan!
Gözləyin bizi, gənclər...
Bu cür il yekunu yeni il üçün əla motivasiyadır. 2020-ci ildən isə o,
gənclər arasında yarışacaq. Görünən qədər, 21 yaşadək olan rəqiblər də indidən
işlərini ehtiyatlı tutmalıdırlar. "Məşqçilərlə əksər rəqiblərin
döyüşlərini izləyib, onların məndən güclü olmadıqlarını görmüşük"
deməsindən hiss olunur ki, çox iddialı gəlir bizim Bayramov.
Döyüş tərzi
Tatamini, rəqibi hiss etməsi əla səviyyədədir. Yaxşı texnikası var.
Bir göz qırpımındaca "arsenal"ında olan fəndlərdən istifadə edib,
rəqibi tam zərərsizləşdirə, sürətli həmlələri ilə rəqibin nəfəsini kəsib, ona
ardıcıl "şido" cərimə balları yazdıra bilir. Lakin müdafiədəki
boşluqlar da ara-sıra özünü göstərir. Bəzən, cüdoçuların dili ilə desək, öz
fəndindən xal verir. "Bunun da üzərində işləyirik, yaxın zamanda istənilən
səviyyəyə çatacağıq" deyir, Turan.
Kumiri də elə cüdoçudur. Özü də əcnəbi yox, yerli ulduzlardan biri -
elə 60 kiloqramda dəfələrlə dünya və Avropa mükafatçısı olmuş Orxan Səfərov.
Yeri gəlmişkən, Səfərov bir az da gözləsəydi (çəkisini dəyişməsi nəzərdə
tutulur: red.), onları üz-üzə də görə bilərdik. Amma bilmək olmaz, kumirin də
çox yaşı yoxdur, bəlkə, gələcəkdə rəqib oldular.
Haşiyə
Bu, Gəncə məktəbinin ölkə idmanına bəxş etdiyi ilk Turan Bayramov
deyil. Yadınızdadırsa, çox da uzaq olmayan keçmişdə belə ad-soyadlı bir sərbəst
güləşçidən bəhs etmişdik. O zaman yeniyetmələrin olimpiya oyunlarının, dünya və
Avropa birinciliklərinin qalibi olan bir yaş böyük Bayramov, artıq gənclər
arasında qitə, 23 yaşadək pəhləvanlar arasında dünya çempionudur. Bununla belə,
onun da yeddi ay sonra baş tutacaq "Tokio 2020" perspektivlərinin çox
cüzi olduğunu nəzərə alsaq, hər iki Turanı ən yüksək səviyyədə 2024-cü il Paris
olimpiadasında izləyə bilərik. Lap erkən yaşlardan böyüklərin yarışında ad
çıxaran bu uşaqlar, bəlkə də, dörd il sonra himnimizi birgə səsləndirib,
bayrağımızı dalğalandıracaqlar, kim bilir?!
Portret
İl, onun üçün, sadəcə, mükəmməl alındı. Bu, həm də Turanın üzərinə
ikiqat məsuliyyət qoyur. 2019 zirvə deyil, başlanğıc ili olmalıdır. Bunun üçün
isə... Düzü, onun məsləhətlərə çox da ehtiyacı yoxdur: "Yeniyetmə və
gənclərdə qazanılan uğurlar, sadəcə, stimuldur, karyera göstəricisi deyil. Mən
özümü usta cüdoçuların yarışına hazırlayıram".
Önəmli portret cizgilərinə gəlincə, təmkinini pozmayan, əyləncələrlə
çox da arası olmayan, bir sözlə, ağır oturub batman gələn bir növcavandır,
bizim Bayramov.
Sahib