AZE | RUS | ENG |

İlin sonunadək banklara manatla qoyulan əmanətlər artmaqda davam edəcək

İlin sonunadək banklara manatla qoyulan əmanətlər artmaqda davam edəcək
Ekspertlər artımı iqtisadi islahatların ümumi nəticəsi kimi qiymətləndirirlər

Azərbaycanda banklara əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2019-cu il iyun ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8622,9 milyon manat təşkil edib. Əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb. İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya - 1,92 (1,92) manata, 100 rus rubluna isə 2,65 (2,61) manata bərabər olub.
Bəs görəsən əhalinin milli valyuta üzrə əmanətlərinin artım səbəbləri nədir? Bu tendensiya gələcəkdə də davam edə bilərmi?
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyir ki, bu artımı sosial və iqtisadi islahatların ümumi nəticəsi kimi qiymətləndirmək olar: Əsas səbəblərdən biri dövlət başçısının  rəhbərliyi ilə ölkəmizdə maliyyə və bank sistemində aparılan sağlamlaşdırma tədbirləridir. Artıq banklara inam yenidən formalaşır. Digər tərəfdən, ən mühüm məqamlardan biri budur ki, milli valyutamızın məzənnəsi uzun müddətdir sabitdir. Manata olan təzyiq azaldıqca inam artmaqda davam edir. Buna görə də manatla olan əmanətlərin həcmində ciddi artım müşahidə edilir. Bununla yanaşı, ilin əvvəlindən sosial sahədə həyata keçirilən uğurlu siyasət, əhlinin pul gəlirlərinin artımına səbəb olub. Pensiya, minimum əmək haqları, təqaüdlər artdı. Əmanətlərin sığortalanması da manatla olan əmanətlərin artımına öz töhfəsini verir. Sosial və iqtisadi sferada aparılan davamlı islahatların nəticəsi artıq özünü büruzə verir. Yəni bütün bunlar iqtisadi sahədə görülən işlərin ümumi nəticəsi kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bu tendensiya gələcəkdə də davam edəcək. Çünki yarım illik nəticələrə əsasən xarici ticarət balansında müsbət saldo əldə olunub. Əhalinin maddi gəlirləri artdıqca milli valyutada olan əmanətlər daha da artacaq”.
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli "Kaspi”yə açıqlamasında bildirdi ki, iqtisadi proseslər bu tendensiyanı stimullaşdırır: "Manata təzyiq göstərən əsas göstərici xarici ticarətin tədiyyə balansı idi. Bu gün tədiyyə balansına nəzərə yetirsək deyə bilərik ki, manat üçün hansısa ciddi təhlükə gözlənilmir. Manatla olan əmanətləri stimullaşdıran əsas məsələlərdən biri də bankların manatla olan əmanətə illik təqribən 10 faiz təklif etməsidir. Xarici valyuta ilə yatırılan əmanətə təklif edilən faiz isə çox aşağı həddədir. Əhali qısamüddətli gəlirliliyini təmin etmək üçün öz əmanətini manatla yerləşdirməyə üstünlük verir. Əmanətlərin manatla olan həcminin artmasının digər bir səbəbi isə prezidentin kreditlərlə bağlı verdiyi sərəncamdan irəli gəlir. Bu sərəncamdan sonra əhali öz vəsaitinin bir hissəsini banklarda əmanət olaraq saxladı. Bütün bu faktorları nəzərə alsaq deyə bilərik ki, manatla olan vəsait qoyuluşlarının həcmindəki artım tamamilə təbiidir. Dollar əmanətlərinin vaxtı bitdiyi zaman daha az gəlirli olduğu üçün əhalinin bir hissəsi öz vəsaitini milli valyutaya çevirdi. Bu artım iqtisadi islahatların nəticəsi kimi qiymətləndirilməlidir. Mövcud situasiyada manatla olan əmanətlərin xarici valyutada qoyulan əmanətlərlə müqayisədə artacağı ehtimal edilir. Çünki iqtisadi proseslər bunu stimullaşdırır”.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov milli valyutada olan əmanətlərin artmasının əsas səbəblərindən birinin ödənilən faizlərlə bağlı olduğunu söylədi: "Xarici valyutada olan əmanətlərə verilən faiz miqdarının aşağı olması manatla olan əmanətlərin artımına səbəb olur. Sığortalanan əmanətlər üzrə faizlər aşağı düşdükdən sonra əhali öz əmanətini milli valyutaya çevirməyə qərar verdi. Həmçinin, manatın kursunun uzun müddət sabit qalması bu artımı bir qədər də sürətləndirir. Dünya bazarlarında neftin qiyməti son zamanlarda 60-65 dollar arasında var-gəl edir. Yəni qiymətlərdə kəskin dəyişikliklər yoxdur. Bütün bunlar manatın məzənnəsini ən azından ilin sonunadək sabit qalacağına heç bir şübhə yeri qoymur. İnsanlar öz əllərində olan kapitalla daha çox vəsait əldə etmək istəyirlər. Buna görə də öz əmanətlərini banklara manat şəklində yerləşdirməyə üstünlük verirlər. Milli valyutada olan əmanətlərin həcminin yaxın gələcəkdə daha da artacağını söyləmək olar. Çünki manatın məzənnəsinin sabitliyinə güvən var. Belə olan halda gözləntilər milli valyutada olan əmanətlərin ilin sonunadək daha da artacağı istiqamətindədir”.
 
Şəbnəm

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873