• cümə axşamı, 28 mart, 14:11
  • Baku Bakı 16°C

İlin sonuna kimi neftin qiyməti bir az da artacaq

08.07.20 19:00 911
İlin sonuna kimi neftin qiyməti bir az da artacaq
Qiymətlərin 1 barel üçün 50 dollar istiqamətinə doğru yüksəlməsi gözlənilir

Pandemiyadan ən çox zərər çəkən sahələrdən biri də neft sektoru oldu. Belə ki, qlobal iqtisadi dinamikanın aşağı düşmsəi fonunda neftə olan tələbat xeyli azaldı. Nəticədə ilin birinci rübündə qiymətlər 10 dollaradək azaldı. May ayından etibarən OPEC-in göstərdiyi səylər nəticəsində qiymətlərdə nisbətən artım müşahidə olunmağa başladı. Bir müddətdir ki, bazarda qiymətlər 40 dollar ətrafında dəyişir. Amma hələlik tam stabillik də əldə olunmayıb. Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30% azalaraq 1 barelə görə 42,95 dollar təşkil edib. Məlumata görə Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,37% azalaraq 40,47 dollar təşkil edib. Bəs görəsən neftin qiyməti ilə bağlı proqnozlar nə göstərir?
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, qiymətlərin stabilləşməsi haqda nə isə söyləmək üçün çox tezdir. Çünki faktiki olaraq vəziyyət qeyri-müəyyən istiqamətdə inkişaf edir: "Düzdür, hasilatın tənzimlənməsi ilə bağlı görülən tədbirlər müəyyən effektlər verir. Qiymətlərin yüksəlməsinin səbəblərindən biri də bir sıra ölkələrin iqtisadiyyatının açılması ilə bağlı qəbul edilən qərarlardır. Hazırda ABŞ-da neft hasilatı sürətlə azalır. İranda isə neft hasilatı minimum həddə çatıb. Eyni zamanda, digər ölkələrdə də vzəiyyət eynidir. Bununla yanaşı, avqust ayından sonra hasilatın azaldılması ilə bağlı sazişin növbəti hissəsi işə düşəcək. Yay mövsümündə ümumiyyətlə neftə olan tələbin artması müşahidə olunur. Bu il nisbətən fərqli bir vəziyyət yarandığına görə bu artımın həcmi çox cüzidir. Qiymətlərin dəyişməsinə təsir edəcək bir neçə faktorlar var. İnvestorları və bazar iştirakçılarını ən çox narahat edən məsələ isə pandemiyanın ikinci dalğasıdır. Əgər pandemiyanın ikinci dalğası başlayarsa, ölkələr məcburən sərtləşdirilmiş karantin rejiminə keçəcək. Belə olan təqdirdə isə qiymətlərin aprel ayında olduğu kimi yenidən sürətlə aşağı enmə ehtimalı var. İndiki halda isə qiymətlərin 40 dollardan baha olması bazar iştirakçılarını qane edir. Bu qiymət bazarlara da müəyyən qədər pozitiv siqanallar ötürür. Bazarlar qiymətlərin bahalanmasını, 50 dollar istiqamətinə doğru yüksəlməsini gözləyir. Ola bilsin ki, qısa müddət ərzində biz bu dinamikanı müşahidə edək. Çünki artıq bir sıra ölkələr arasında sərnişindaşıma ilə bağlı fəaliyyət tədbirlərinə və hava nəqliyyatına güzəştlər tətbiq olunmağa başlayır. Belə olan təqdirdə isə tələb müəyyən qədər artacaq. Bu isə avqust ayının sonunadək qiymətlərin artması ehtimalını yüksəldir. Amma sonrakı dövrdə qiymətlərin aqibəti pandmeiyanın ikinci dalğasının reallaşıb reallaşmayacağından və dünya ölkələrinin bu istiqamətdə qəbul eədəcyi qərarlardan asılı olacaq”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, qlobal bazarlarda möhkəm balansın yaranması üçün qarşıdakı aylarda bir sıra işlər görülməlidir: "Çünki hazırda neftin qiymətini təhdid altına alan ən vacib məsələlərdən biri pandemiyanın mövcudluğu və ayrı-ayrı dövlətlərin tətbiq etdiyi sərt karantin rejimidir. Düzdür, avqust-sentyabr ayları üçün neftin fyuçers qiymətlərinə baxsaq görərik ki, qiymətlər 42-43 dollar arasında dəyişir. Burada söhbət Brent markalı neftin qiymətindən gedir. Amma biz qarşıdakı aylarda neft və neft məhsullarına olan tələbatın hansı səviyyədə olacağını bilmirik. Dünyada mövcud olan neft emalı zavodları normal fəaliyyətini bərpa etmədiyi bir zamanda neftə olan tələabtın yüksək olmasından söhbət gedə bilməz. Ona görə də OPEC və müttəfiq ölkələr öz fəaliyyətlərini bir neçə istiqamətdə əlaqələndirməlidir. İlk növbədə Vyana sazişi çərçivəsində götürülən öhdəliklərə doğru və dürüst şəkildə əməl edilməlidir. İkinci bir tərəfdən qlobal bazarlarda yüngül və ağır neftə olan tələb balansı qorunub saxlanılmalıdır. Bu məsələ xüsusilə diqqət mərkəzində olmalıdır. Üçncü məsələ isə ixrac həcmlərini daim nəzarətdə saxlamaqdır. Əgər bu məqamlara əməl edilərsə, bazarda balansın formalaşmasına nail olmaq olar. İndiki şəraitdə qarşıdakı aylarda neftə olan tələbatın necə olacağı haqda danışmaq üçün tezdir. Bəzi mütəxəssislər qeyd edir ki, bu göstərici 90-92 milyon barel civarında olacaq. Halbuki bu rəqəm keçən il 99 milyon ətrafında dəyişirdi. Dünyada neft istehslakına görə ilk yerlərdən birini ABŞ və Çin tutur. Əgər Çin və ABŞ-ın 2019-cu ilin dekabrında benzinə olan tələbatı 11,2 milyon barel idisə, indi bu rəqəm 8,6 milyon barel civarında dəyişir. Deməli, tələbat kifayət qədər aşağı düşüb. Belə olan təqdirdə neft emalı gücləri tam xammala yüklənmək imkanlarından məhrumdur. Ona görə ciddi qiymət artımından danışmaq üçün tezdir. Bundan başqa hələ də Vyana sazişinə tam əməl olunmur. Nigeriya, Anqola, İraq kimi ölkələr öhdəlik sazişinə yüz faiz əməl edə bilməyib. Növbəti aylarda bu həcmlər kompensasiya edilməlidir. OPEC Anbar mərkəzlərində sərbəst güclərin faizlə miqdarının artırılmasını planlayır. Bütün bu məsələlər tənzimlənməlidir. Əgər bu tənzimlənmə olarsa, ilin sonuna kimi bazarda müəyyən tarazlıq əldə olunacaq və qiymətlərdə artım tendensiyasını görəcəyik”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər