• cümə, 19 Aprel, 21:52
  • Baku Bakı 24°C

İlin sonuna kimi 15 ölkədə olmağı planlaşdıran komanda - Startap

09.02.18 12:00 1319
İlin sonuna kimi 15 ölkədə olmağı planlaşdıran komanda - Startap
Daima səhvlərindən nəticə çıxarmağa çalışır. Düşünür ki, insan yalnız səhvlərindən öyrəndikcə, yeni uğurlar qazana bilər. Uğursuzluqları uğurun stimulu kimi görən müsahibim deyir ki, önəmli olan insanın qazandığı təcrübədir. Bununla yanaşı, daim yenilik axtarışında olmağın vacibliyini vurğulayan müsahibim 300 min dollarlıq "Keepface” startap layihəsinin rəhbəriVaqif Abbasovdur.
Qeyd edək ki, V.Abbasov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunu olub. Təhsil aldığı müəssisədə hərbi ixtisası ilə yanaşı, Mülki İdarəetmə Mühəndisliyi ixtisasına yiyələndikdən sonra 2012-ci ildə ehtiyata buraxılıb: "Beş il bundan əvvəl rəqəmsal marketinq sahəsində çalışan şirkətlərin bu sahəyə olan marağını görüb, trendin dəyişəcəyini ehtimal edirdim. Hələ o vaxt ABŞ-da bu sahə üzrə yeni uğur qazanmış cəmi bir, ya iki şirkət var idi. Onları izləyir və araşdırmalar edirdim. Hazırda ABŞ-da bu sahədə fəaliyyət göstərən 200-dən çox şirkət var. 2015-ci ilin sonlarında artıq qərar verdim ki, bu xidməti Azərbaycanda da qurmağın vaxtıdır. Amma bu elə bir sahədir ki, tək nə isə etmək mümkün deyil. Ona görə də fəaliyyətə başlamaq haqqında qərar verdikdən sonra ilk işim həmtəsisçi komandanı qurmaq oldu. Onlar olmasaydı, hazırkı səviyyə çatmaq yəqin ki, mümkün olmazdı. Beləliklə, komandamızı qurub işə başladıq”.


Həmsöhbətimiz qeyd edir ki, hərbi xidmətdən ayrıldıqdan sonra uğurlu və qismən uğursuz bir neçə layihəsi olub: "Hesab edirəm ki, səhvlər üzərində öyrənib, daha böyük uğurlara nail olmaq olar. Bu günə kimi bir neçə uğurlu və uğursuz layihəm olub. Həmin layihələrdən qazandığım təcrübələri hazırda "Keepface” üzərində tətbiq edirəm. Qeyd edim ki, "Keepface” 2016-cı ilin yanvar ayında Azərbaycanda fəaliyyətə başlayıb və influencer marketinq platformasıdır. Bu, sosial mediada çoxlu izləyici kütləsinə sahib olan və aktiv, maraqlı məzmun hazırlayan istifadəçilərlə şirkətlərin birgə reklam kampaniyalarını həyata keçirən və prosesi avtomatlaşdıran texnoloji sistemdir. Brendlər platformadan yararlanaraq, əməkdaşlıq etmək istədikləri "influencer”ləri seçərək bütün prosesi platforma üzərindən həyata keçirə bilirlər. Ən önəmlisi isə kampaniyalara hər an nəzarət edir və istədikləri vaxt hesabatları əldə edə bilirlər”.
V.Abbasov deyir ki, investorlar həmişə layihə axtarışında olur: "Bizə əvvəllər də mütəmadi şəkildə investisiya təklifləri olunurdu. Amma biz bu məsələyə çox vaxt ayırmaq istəmirdik. Çünki investisiyamız olmadan da işlərimiz pis getmirdi. Mentorlarımızın məsləhəti ilə gələn təklifləri dəyərləndirməyə başladıq və ilk "Seed” (toxum) investisiyanı əldə etdik. Əslində, mənə elə gəlir ki, Azərbaycan reallıqlarını nəzərə almasaq, əldə etdiyimiz məbləğ elə də böyük hesab edilməməlidir. Azərbaycanda qurulan və hələ də əsas ofisi ölkəmizdə olan bir startap kimi deyə bilərəm ki, hazırda coğrafi və iqtisadi mövqeyimiz regional xidmət göstərən şirkətlər üçün ən uyğun yerlərdən biri hesab oluna bilər. Biz çox rahatlıqla rus, türk, fars və ərəb dilli ölkələrlə biznes əlaqəsi qura bilmə imkanına sahibik. Qonşu ölkələrimizin heç biri bu üstünlüyə sahib deyil. Düzdür, şirkətimizin əldə etdiyi uğur elə də böyük olmasa da, yeni başlayan komandalar üçün motivasiya ola bilər. Fikrimcə, hazırda Azərbaycanda qurulan bir komandanın böyük hədəflərə çatmasına mane olan heç bir səbəb yoxdur”.

Müsahibim qazandıqları investisiyanı fəaliyyət sahələrini genişləndirməyə sərf edəcəyini deyir: "Bizim əsas məqsədlərimizdən biri yeni bazarlara daxil olmağa və texnoloji məhsulumuzu inkişaf etdirməyə çalışmaqdır. Sərmayəni də sırf bu istiqamətdə xərcləmək niyyətindəyik. Düzdür, biz bunu əvvəl də edirdik, sadəcə, maliyyə resursu işləri daha da sürətləndirəcək. İnvestisiya edən şirkətin maliyyə resursundan başqa, bizə fərqli istiqamətlərdə dəstəyi olacaq. Müqavilədən öncə, əlavə dəyərlər müzakirə olunub və müqaviləyə daxil edilib. Əlbəttə ki, yatırım edən şirkətlərlə birgə çalışmalar olacaq”.
Layihə rəhbəri hamıya eyni formada xidmət göstərməyin tərəfdarıdır: "Mərkəzi ofisimiz Dubayda, əsas əməliyyat ofisimiz isə Bakıdadır. İndi üçüncü ofisimizi İstanbulda qururuq. Hazırda 7 ölkədə fəaliyyət göstərən 26 nəfərlik komandamız var. Mərkəzi ofisin Dubayda olmağının bir çox üstünlüklərinin olmasına baxmayaraq, çətinlikləri də təbii ki, var. Orada qiymətlər çox bahadır. Həmçinin, isti aylarda hava şəraiti bəzən dözülməz olur. Amma mərkəzi ofisimizə dünyanın fərqli ölkələrindən iş təklifləri gəlir və biz onları dəyərləndirməyə çalışırıq. Hazırda bizim müştərilər brendlər, agentliklər, startaplar, ictimai qurumlar və bəzi dövlət müəssisələridir. Biz əməkdaşlıq üçün şirkətlərə fərq qoymuruq. Hamıya eyni formada xidmət göstərməyə çalışırıq və platformamızı da buna uyğun inkişaf etdiririk. Kiçik büdcəli şirkətlər belə bizim platformaya daxil olub, istədikləri xidməti ala biləcəklər”.

Deyir ki, hər bir komandada olduğu kimi, onlarda da bəzən fikir ayrılıqları olur: "Bu tamamilə təbii haldır. Hətta, mən bunun olmasını müsbət qiymətləndirirəm. Komanda 23 nəfərdən ibarətdir. Fikir ayrılıqları o dəməkdir ki, komanda üzvləri iş haqqında düşünürlər və bu məni sevindirir. İş prosesində çoxlu problemlər yaranır. Amma startaplarda problemin həlli artıq yenilik sayılır. Ona görə də problemi həll etmək mənə zövq verir. Çünki hər həll edilmiş problem şirkətin dəyərini artırır. Komandadan da əsas gözləntimiz məhz problemləri həll etmə bacarığıdır. Qərarvermə komandamız isə üç nəfərdən ibarətdir. Yaranmış müzakirələrdə hər kəs öz fikrini qarşı tərəfə inandırmağa çalışır. Çox vaxt razılıq belə əldə olunur. Əks təqdirdə isə səsvermə edib, qərar qəbul edirik. Yəni, tam demokratik kollektiv formalaşdırmışıq”.
Sonda gələcək planları haqqında danışan startapçı, öz komandası ilə birgə yeni bazarları fəth etmək istəyir: "Hazırda 7 ölkədə fəaliyyət göstəririk və ilin sonuna 15 ölkədə olmağı planlaşdırmışıq. Biz Şimali Afrika və Ərəb ölkələri (MENA), Türkiyə, İran, Qafqaz, Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrində influencer marketinq xidməti verən dominant şirkət olmağı hədəfləmişik. Bir il sonra növbəti A seriya investisiya mərhələsini elan edəcəyik və bununla, Avropa və Amerika qitələrində maraqlı bazarlara açılmağı düşünürük. Bu işə yeni başlayan gənclərə tövsiyəm isə çox sadədir. Çünki bu elə bir sahədir ki, heç bir bəhanə göstərmədən ideyalarını məhsula çevirməyi bacarmalısan. Daha sonra bunu hədəf müştərilərə təqdim etmək, məhsulu inkişaf etdirmək lazım olacaq. Buna uyğun da komanda qurmaq ən önəmli faktordur. Bunları uğurlu edən startaplar isə hədəflərə doğru şəkildə irəliləyə biləcək. Çünki investorlar da yatırım etmək üçün belə startaplar axtarışındadır”.
Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər