• çərşənbə axşamı, 19 mart, 07:24
  • Baku Bakı 8°C

İlimizi planlaşdıraqmı? - Polemika

19.12.16 13:21 1993
İlimizi planlaşdıraqmı? - Polemika

Qarşıdan yeni il gəlir. Bir çoxumuz üçün yeni il yeni məqsədlər, yeni arzular deməkdir. Elə buna görə də əksəriyyət artıq 2017-ci ili indidən səbirsizliklə gözləməyə başlamışıq. Bəzi insanlar ili qarşılamadan əvvəl onu planlaşdırmağın tərəfdarıdır. Onlar hesab edirlər ki, plansız nəinki bir ilin, hətta bir günün belə insan üçün heç bir faydası yoxdur. Belələri hələ il başlamamış planlar qurmağın tərəfdarıdırlar. Bəziləri isə hər şeyi zamanın axarına buraxmağı sevir. Onlar deyir ki, sən nə qədər plan qursan da, fələk öz işini görür. Bəs görəsən, müsahiblərimiz necə düşünür? Qarşıdan gələn ili planlaşdırmalıyıqmı? Bunun hansı müsbət və mənfi tərəfləri var?

Hər şeyi planlaşdırmaq düzgün deyil

Xanım Hüseynova, tələbə


Xanım deyir ki, yeni illə bağlı hələlik heç bir plan qurmayıb: "Yeni il haqda hələ ki elə bir planım yoxdur. Fikirləşirəm ki, gələcək üçün hər şeyi incə detalına kimi düşünüb, planlaşdırmaq düzgün deyil. Adətən çox zaman nəyi planlaşdırırıqsa, həmin istəklərimiz həyata keçmir. Necə deyərlər, həyat bizim qurduğumuz planlardan yox, başımıza gələnlərdən ibarətdir. Yəni gələcəklə bağlı hər hansı bir işimizi çox xırda detalına kimi düşünməli deyilik. Mənim fikrimcə, yeni il və gələcəklə bağlı sadə və adi - ümumi plan qurmaq daha məqsədə uyğundur”.
Həmsöhbətimiz deyir ki, bütöv bir ili planlaşdırmaq əvəzinə, özünü əsas məqsədlərinə kökləməlisən. Uzun-uzadı plan qurmaqdansa, müəyyən dövr üçün qarşında məqsədin və amalın olmalıdır: "Bəziləri bunu səhv hesab edə bilər. Amma mən hər zaman belə düşünmüşəm. İnsanın qarşısında qısa müddətli vaxtı əhatə edən məqsədləri, arzuları olmalıdır. Çünki bir ili planlaşdıranda biz özümüzü müəyyən mənada çərçivəyə salmış oluruq. Artıq hər şey o plana uyğun hərəkət etməyi tələb edir. Mən isə bunun xeyrindən çox, ziyanının ola biləcəyini düşünürəm. Planlaşdırma insanı robota çevirir. Ona görə də bunun əleyhinəyəm. Amma ümumilikdə, mənim də özümlə bağlı yeni ildə hədəflərim var. Məsələn, mən yeni ildə düşünürəm ki, indiki məndən daha yaxşı mən yaradım. Yəni həm daha güclü, həm daha ağıllı, həm daha bilikli bir mən. Yaşadıqca da, bunu necə edəcəyim yönündə yaxın zamanı əhatə edən planlar quracağam. Bütöv illik plan alınmayanda, ruhdan düşürsən, özünü neqativ əhval-ruhiyyəyə kökləyirsən. Buna görə də bir neçə plan qurmaq daha məqsədəuyğun olar. Əsas odur ki, həmişə biz dediyimiz yox, ən xeyirlisi olsun”.

Plansız uğur qazanmaq olmaz
Əli Məmmədli, müğənni


Əli isə digər müsahiblərimdən fərqli düşünür. O deyir ki, hər şeyi xırdalığına qədər ölçüb-biçmək lazımdır: "Plansız iş qurmağın hər zaman əleyhinə olmuşam. Mənim fikrimcə, insan hər zaman özünə bir yol xəritəsi cızmalı və ona uyğun şəkildə addımlamalıdır. Belə olan təqdirdə, sən heç zaman məqsədlərindən uzaqlaşmırsan. Nəyi istədiyini yaxşı bilir, uğura daha yaxın olursan. Ümumiyyətlə, yeni il başlamazdan öncə onun bütün aylarını planlaşdırmağın lazım olduğunu düşünürəm. Çünki özbaşına, necə gəldi yaşayanda məqsədlərini unutmuş olursan. Elə insanlar bir də onda ayılırlar ki, il başa çatıb, amma qarşıya qoyduqları məqsədlərin heç biri öz həllini tapmayıb. Çalışıram ki, belə insanlardan uzaq durum. Mənə görə, hər şey bir xətt və qrafik üzrə hərəkət etməlidir”.
Müsahibimiz gələn ildəki planlarından da bəhs etdi: "İnanıram ki, qarşıdan gələn il mənə uğur gətirəcək. Bu ilin həm də mənim karyeramda yeniliklər baxımından çox əhəmiyyətli dövr olacağına ümid edirəm. İstəyirəm ki, yeni ildə həyatımda yeni başlanğıclara, yeni uğurlara imza atım. Belə demək olarsa, mən bu ilin həyatımda dönüş nöqtəsi olacağına inanıram. Əsas hədəfim tanınmış səs yarışmalarından birinə qatılmaqdır. Artıq bunun üçün uzun müddətdir ki, öz üzərimdə işləyirəm və bütün planlarımı qurmuşam. Planlaşdırmanın mənə görə müsbət tərəfləri çoxdur. Lakin onun yalnız bir mənfi tərəfi var ki, bəzən xırda problemlər olur və istədiyin bir şey yolunda getmir. Bu zaman bir qədər motivasiyan olmur. Amma buna əhəmiyyət verməməli, yeni hədəflərinin ardınca əzmlə addımlamalısan”.

Plan quranda işlərim yolunda getmir
Almaz Akif, magistrant


Almaz da Xanımla həm fikirdir. O da fikirləşir ki, plan qurmağın elə ciddi əhəmiyyəti yoxdur: "Yeni ili ailəmlə birgə qarşılayacağam. Çünki "Yeni ili necə qarşılasan, elə də yola salarsan” deyiminə çox inanıram. İstərdim ki, qarşıdan gələn ildə də ailəm daim yanımda olsun. Çünki mənim ən böyük motivasiyam və şansım ailəmdir. Hələlik yeni illə bağlı heç nəyi planlaşdırmamışam. Çünki nə vaxtsa plan quranda, işlər heç vaxt ona uyğun getmir. Ona görə də hər şeyi zamanın axarına buraxıram. Onsuz da vaxtı çatanda hər şey öz yoluna düşür. Necə deyərlər, su axar, çuxurunu tapar. Sən nə qədər hesab-kitab etsən də, bəzən sənin istəmədiklərin də başına gələ bilir. Mənim əsas devizim və prinsipim anı yaşamaqdır. Bir saat sonra başına nə gələcəyini heç kim bilmirsə, bir ili planlamaq nə qədər məntiqə uyğundur?”
Almaz xanım deyir ki, sevdiklərimizin yanımızda olması əsas şərtdir. Yoxsa, nəyin necə, nə vaxt olacağının heç bir əhəmiyyət yoxdur: "İnanıram ki, gələn il hamı üçün uğurlu olacaq. Çünki hər şey inanmdan başlayır. Həmçinin də mənim üçün bu, belədir. Yeni ildə sevdiklərimiz, yaxınlarımız, doğmalarımız bizimlə olduqdan sonra qalan hər şey öz həllini tapır. Hətta yeni il bayramına çox az zaman qalsa belə, hələlik bayramı harada keçirəcəyimizi planlaşdırmamışıq. Bircə onu bilirəm ki. məni sevənlərin ətrafında olacağam. Belə olanda məkan və zaman anlayışının heç bir önəmi qalmır. İl başlamazdan öncə plan qursaq, istədiklərimiz həyata keçməyə bilər və biz xəyal qırıqlığına uğrayarıq. Ona görə də yeni ilin sehrini və bizə hazırladığı xoş sürprizləri həvəslə gözləmək mənə daha maraqlı gəlir”.
Şəbnəm


banner

Oxşar Xəbərlər