• cümə axşamı, 28 mart, 12:36
  • Baku Bakı 16°C

İlhamə Quliyevanın məhəbbət düsturu

16.08.14 11:18 2688
İlhamə Quliyevanın məhəbbət düsturu
Hələ uşaq vaxtı oxumaq, səhnəyə çıxmaq, diqqət mərkəzində olmaq həvəsi onda boy göstərib. Sənətkar ailəsində böyüyən, xüsusilə də anası Tükəzban İsmayılova həyatını, yaradıcılığını görkəmli tarzənimiz Həbib Bayramovla bağladığından sonra daim xalq mahnıları, klassik muğam havalarının səsləndiyi evdə boya-başa çatan qız elə belə də olmalıdır. Belə ki, böyük Hüseynqulu Sarabskinin tələbəsi olan Tükəzban xanım uzun illər ərzində Azərbaycan Dövlət Filarmoniyasının və 1973-cü ildən həyat yoldaşının rəhbərlik etdiyi A.Bakıxanov adına Xalq Çalğı Alətlər Ansamblının solisti olub. “Qara göz” mahnısını, yaxud “Heyratı” muğamını istər ucqar rayondakı çay tarlasının ortasında əldəqayırma meydançada, istərsə də nüfuzlu xarici səhnələrdə eyni şövqlə, eyni hərarətlə ifa edən Tükəzban xanım onu bütün çıxışlarında tarda müşayiət edən sevgili ömür yoldaşının aramızdan ayrılmasından sonra səhnə fəaliyyətinə son verib qalan həyatını gənc muğam ifaçılar yetişdirməyə həsr etmişdi. Odur ki, İlhamə Quliyeva evdə əsl musiqi akademiyası bitirdiyini deyəndə heç də zarafat etmir.
Azərbaycan estradasının primadonnası
Erkən yaşlardan mahnı oxumağa həvəs göstərən qız məktəbdə bütün bayram tədbirlərinin əsas ifaçısı olub. Lakin anası müğənni olmasına razılaşmadığından İlhamə 60-cı illərin əvvəlində Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Az sonra isə qızın taleyini müəyyənləşdirən hadisə baş verdi. 1962-ci ildə İlhamə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutdu. Qayıdanda isə Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu həmin kollektivə dəvət edir. O vaxtdan uzun illər ərzində orkestrin solisti olan İlhamənin sənət yolu belə başladı. O illərdə İlhamə orkestrlə birgə çoxlu səfərlərə çıxıb bütün SSRİ-ni dolaşıb, hər yerdə də böyük rəğbət qazanırdı.
1972-ci ildə gənc müğənninin həyatında daha bir əlamətdar hadisə baş verir. İlhamənin ifa tərzini çox bəyənən görkəmli bəstəkarımız Fikrət Əmirov onu Moskvaya SSRİ Bəstəkarlar İttifaqının plenumuna dəvət edir. Buradakı konsertdə SSRİ televiziya və radio komitəsinin nəzdindəki estrada simfonik orkestri ilə yüksək səviyyədə çıxış edən gənc müğənninin istedadı və gözəlliyinin təəssüratı ilə bəstəkar məxsusi onun üçün “Gülür ellər”, “Göygöl”, “Toy mahnısı”, “Neyləmişəm” kimi lirik mahnıların bütöv silsiləsini bəstələyir.
Böyük simfonik musiqi sənətkarımız Fikrət Əmirovun gənc estrada müğənnisilə bu əməkdaşlığının əsl sensasiya və musiqisevərlər arasında böyük coşqu yaratdığını desək heç də mübaliğəyə varmarıq. Xalq havalarına yaxın olan lirik mahnıları dinləyicilərin ürəyincə olmuş və elə rəğbətlə qarşılanmışdı ki, uzun müddət televiziyada, radioda səslənən havalar arasında birinci yer tutmuşdu. Beləliklə İlhamə həqiqi şöhrətə qovuşdu, eyni zamanda indiyədək əməl etməyə çalışdığı yüksək yaradıcılıq meyarlarını da özü üçün müəyyənləşdirdi. İfa etdiyi mahnıları Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf Hacıyev, Ramiz Mirişli, Telman Hacıyev kimi Azərbaycan musiqisinin uca simalarının yazdığı müğənni müəllif seçimində həmişə tələbkar olub. Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Hacı Xanməmmədov, Nəriman Məmmədov və başqaları isə məxsusi İlhamə üçün silsilə əsərlər yazırdılar.
80-ci illərin əvvəlində Rəşid Behbudovun yaratdığı Mahnı Teatrının solisti olan İlhamə Quliyeva burada dahi müğənnimizin rəhbərliyi altında bir növ akademik təlim görmüşdü.
Son illər Faiq Sücəddinov, Xanım İsmayılqızı, Novruz Aslan, Aygün Səmədzadə, Gövhər Həsənzadə kimi yeni nəsil bəstəkarlarla çalışır. Bununla yanaşı, özünün də bəstələdiyi musiqiyə istedadlı müəlliflər tərəfindən sözlər yazılır və həmin mahnılar da əksər hallarda hitə çevrilir.
İlhamənin fərqi odur ki, onun həmişə başlıca mövzusu olub – Məhəbbət. Yəqin ki, uzun illərdir sevildiyinin səbəbi də elə budur. Məncə, məhəbbəti İlhamə Quliyeva kimi bizim səhnədə hələ oxuyan olmayıb. İlhamənin ifalarında məhəbbət bir ibadətdir, bir bəraətdir, məhəbbət xoşbəxtlik, yaxud bədbəxtlikdir, amma hər halda bu fani həyatın ən ülvi parçası, insan həyatını mənalandıran sehrli qüvvədir. İlhamə Quliyevanın dinləyicilər qarşısında açıb göstərdiyi sonsuz dastanda məhəbbətin ən müxtəlif çalarlarını görmək olar. Məsələn, “Yaşın nə fərqi var” və “Gedirəm” mahnılarında (musiqisi N.Aslanındır) müğənni sanki cəmiyyətdə qəlibləşmiş ehkamlara meydan oxuyur, vərdişlərin lal sükunətini pozur. Onu da qeyd etməliyik ki, İlhamə Quliyeva ilə Novruz Aslanın yaradıcılıq əməkdaşlığı Azərbaycan musiqisinə bir çox gözəl mahnı bəxş edib. Dinləyicilər arasında geniş əks-səda doğuran mahnılardan biri də istedadlı şairə Sona Vəliyevanın sözlərinə bəstələnən “Qaragilə”dir. Ümumiyyətlə, fikrimcə, səviyyəli şerə bəstələnən, sözləri həm beynin, həm də qəlbin süzgəcindən keçirilmiş mahnının rəğbət qazanmaması üçün elə bir səbəb qalmır. İlhamənin də sözlərinə mahnı oxuduğu şairlər arasında Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Vilyam Şekspirin adlarını çəkə bilərik.
“Yaşın nə fərqi var ki, sevirəm səni” – bu misrada İlhamə Quliyevanın həm məhəbbət düsturu, həm də ümumiyyətlə, yaradıcılıq və hətta həyat şüarı həkk olunub. Həmin düsturu təkzib edəcək kimsə tapılarmı görəsən? İlhamə sevir, sevgini tərənnüm edir, bizi də sevməyə, qəlblərimizi bu əsrarəngiz duyğuya açmağa səsləyir, çünki bu dünya yalnız sevgilə, məhəbbətlə xilas ola bilər!
Sözləri və musiqisi X.İsmayılqızına məxsus “Sevirəm” mahnısından bir parçanı oxuculara təqdim etmək istəyirəm:
Sevirəm, qoy hamı bilsin,
Sevirəm, hamı sevilsin.
Sevirəm sözünü kaş sevənlər desin.
Sevirəm, çırpınır ürək,
Sevginin qədrini bilək,
Sevirəm, sevgimizi qoruyaq gərək.
Maraqlıdır ki, İlhamə xanımı çox vaxt SSRİ-nin məşhur müğənnilərindən Alla Puqaçeva ilə müqayisə edirdilər. Hər ikisinə çoxdandır “primadonna” adı verilib. Bizim bəzi xanım müğənnilərimiz elə kamera qarşısında siqaret də çəkir, spirtli içki də içir, həm də az qala lüt-üryan soyunurlar. Ancaq bütün bunlara baxmayaraq, ötən dövrün qayda-qanunlarına uyğun olaraq həmişə ciddi geyinən sovet müğənnisi İlhamə Quliyeva indikilərin hamısından daha seksi görünüb və kişiləri daha çox riqqətə gətirməyi bacarıb.
Bu yazı üzərində çalışarkən birdən düşündüm ki, İlhamə Quliyeva istər peşəkarlıq səviyyəsi, istər uzun müddət diqqət mərkəzində qalması, istərsə kübar, inadçı, bir qədər də şıltaq, təkəbbürlü xasiyyəti baxımdan doğrudan da Azərbaycan estradasının Prima Donnasıdır. Hətta eşq macəraları, ehtiraslı etirafları bizim “abır-həya keşikçiləri”ni bəzən cin atına mindirsə də, hər halda Primadonna imicinin mühüm tərkib hissəsidir, ictimaiyyətin diqqətini cəlb edərək yaradıcılığına marağı daha da artırır.
Mandatsız millət vəkili
XXI əsrin əvvəlində İlhamə Quliyeva qəfildən ictimai siyasi fəaliyyətə qədəm qoyub və burada da uğur qazanıb.
2007-ci ildə qərargahı Vaşinqtonda yerləşən Dünya Sülh Federasiyası tərəfindən İlhamə xanıma “sülh səfiri” adı verilib. Həmçinin 2003-cü ildən etibarən Azərbaycanın bir qrup ziyalı qadını ilə birgə İlhamə Quliyeva BMT-nin Cenevrədə keçirdiyi bir sıra tədbirlərdə iştirak edərək Dağlıq Qarabağ münaqişəsində zərərçəkmiş azərbaycanlı qadın və uşaqların hüquqlarını müdafiə etmişdi. Belə tədbirlərin birində İlhamə xanım sözçü kimi də iştirak etmişdi. 2004-cü ildə Brüsseldəki Avropa Parlamenti binasının qarşısında Azərbaycan torpalqarının işğal olunmasına etiraz mitinqində çıxış edən İ.Quliyeva sonradan həmin ağrılı məsələyə dair Qoteborq, Strasburq, Paris, İstanbul vs. yerlərdə müxtəlif konfrans və simpoziumlarda nitq söyləyib. Beynəlxalq tədbirlərdə fəallığı nəticəsində İlhamə xanım Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinə, 2004-cü ildə isə İH nəzdindəki Mədəniyyət Akademiyasının prezidenti seçilir.
Ümumiyyətlə, İlhamə xanımın xeyli fəxrli adı var. Bunlardan 2002-ci ildə Dünya Qadınlar Konqresində təqdim edilmiş “beynəlxalq mədəniyyət icraçısı” statusunu, “türk dünyasının sənət kraliçası” adını, dörd “Humay” mükafatını göstərmək olar. Amma, heç şübhəsiz, dövlət mükafatları, ən başlıcası da xalq artisti adı onun üçün daha dəyərli, daha əzizdir. Yeri gəlmişkən, İlhamə xanım əməkdar artist adına hələ 1982-ci ildə, xalq artisti adına isə 1998-ci ildə, yəni 16 il sonra layiq görüldü. Özü də bunu çox ədalətli hesab edir, belə ki, onun fikrincə, xalq artisti kimi yüksək adı fədakar zəhmətlə, geniş dinləyici rəğbətilə qazanmaq olar.
İlhamə Quliyeva istedadını həmişə yüksək dəyərləndirən, özünə də, doğmalarına da diqqət və qayğısını əsirgəməyən ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, onu böyük hərarətlə, minnətdarlıqla yad edir. Belə ki, dövlət başçısı Tükəzban İsmayılovanı birincilər arasında prezident təqaüdü, ölkə mədəniyyəti qarşısındakı xidmətlərinə görə Şöhrət ordeninə layiq görmüşdü. İlhamə xanım Heydər Əliyevin evlərinə zəng vurub anası Tükəzban xanımın səhhətilə, gündəlik problemlərilə maraqlandığını xatırlayır.
90-cı illərdə Rəşid Behbudov adına Mahnı Teatrında 8 marta həsr olunmuş təntənəli gecədə İlhamə Quliyeva görkəmli bəstəkarımız Faiq Sücəddinovun bəstələdiyi mahnılardan ibarət albomunun siqnal nüsxəsini ölkə prezidentinə təqdim etmişdi. “Neyləyirsən?” adlı bu albom Azərbaycanda işıq üzü görmüş ilk belə albomdur. İlhamə xanımın yaradıcılığına daim rəğbət bəsləyən Heydər Əliyev müğənnini prezident təqaüdü, Şöhrət ordenilə təltif etmişdi.
“Mənim üçün Azərbaycan və Dağıstan xalq artisti adına layiq görülməyim ən uca zirvədir. Yarım əsrdən artıqdır səhnəyə xidmət edirəm, dünyanın az qala bütün ölkələrində çıxış etmişəm. Hər yerdə Azərbaycanı, doğma xalqımı layiqincə təmsil etmişəm. Məzlumlara kömək etmək üçün tez-tez xeyriyyə konsertlərində çıxış edirəm. Uzun illərdir qaçqın, məcburi köçkün ailələrinə yardım edirəm. Elə bu gün də müharibədən zərər çəkmiş 7 ailənin qayğısını çəkirəm...
Mənim mövqeyim, sifətim həmişə bir olub. Həmişə dövlətçiliyimizə, böyük Heydər Əliyevin fikirlərinə sədaqətlə qulluq etmişəm. Bu gün İlham Əliyevin komandasındayam və həmişə də bu komandada olacağam”.
Belə məsuliyyətli bəyanatlar verməyə İlhamə Quliyevanın hər cür haqqı var. Çünki 2003-cü ildə pərəstişkarlarını İlham Əliyevə səs verməyə çağırdığı hamının xatirindədir. Hərçənd o mürəkkəb dövrdə çoxları, o cümlədən gələcək prezidentin ətrafındakılardan bəziləri İ.Əliyevin qələbəsinə inanmırdılar, tərəddüdə qapılmışdılar, özlərinə “arxa qapı” axtarırdılar. İlhamə xanım isə sadəcə öz işini görərək bölgələrdə konsertlər verir, namizədinin təbliğatını aparır, İlham Əliyevin uğur qazanmasına layiqli töhfə verirdi. Yeri gəlmişkən, bir çox xarici ölkələrdə də tanınmış estrada, kino, teatr xadimləri, xalq arasında sevilən şəxslər seçki zamanı ayrı-ayrı namizədlərin təbliğatı ilə məşğul olurlar. İlhamə də xalq arasında çox sevildiyi üçün bu işin öhdəsindən yüksək səviyyədə gələ bilib.
“Şou biznes sözündən xoşum gəlmir...”
Bu sözlərin müəllifi İlhamə Quliyeva estrada müğənnisi adlandırılmağı da istəmir. Daha çox sənətkar ibarəsini özünə uyğun hesab edir. İlhamə doğrudan da Azərbaycan musiqisində xüsusi yerə malikdir. Birincisi, yaradıcılığı mahnının lirik janrına aid olsa da, müasir estrada çərçivəsinə sığmır. Belə ki, İ.Quliyeva tez-tez xalq mahnılarını, muğamları, son vaxtlar böyük həvəslə vaxtilə Tükəzban xanımın da məharətlə ifa etdiyi Üzeyir Hacıbəyovun “Qaragöz” mahnısını oxuyur. İkincisi, toylarda bəlli tariflərlə oxumaqla çörəkpulu qazanan (vergiləri vaxtrı-vaxtında ödədikləri şərtilə bunda heç bir qəbahət görmürəm) irili-xırdalı “ulduz”larımızdan fərqi İlhamənin yalnız yaxın adamların məclislərində, təbii ki, təmənnasız, qonaq qismində gəlib oxumasıdır. Yadımdadır, yeddi il əvvəl oğlumun toyuna gəlib tanımadığı musiqiçilərin çalmasına uyğunlaşaraq canlı oxumuşdu. Özü də elə məsuliyyətlə oxuyurdu ki, sanki yüzədək qonağın qarşısında yox, minlərlə tamaşaçının toplaşdığı nüfuzlu salonda çıxış edir. Əslində bir dinləyici qarşısında da bütün ölkə üçün oxuduğun kimi oxumaq, milyonlarla dinləyicinin hərəsində yalnız onun üçün oxuduğun təəssüratı yaratmaq əsl peşəkarlıqdır, böyük sənətkara xas ifaçılıqdır. Heyrətamiz istedad!
İnanıram ki, hələ uzun illər İlhamə Quliyeva ən böyük səcdəgahı olan Musiqiyə qulluq edəcək, pərəstişkarları bənzərsiz ifaları ilə məst edəcək. Və Məhəbbətin sehrli dolanbaclarında hamımızın bələdçisi olaraq qalacaq...
Elmira Axundova
P.S. Səhnəmizin daim parlaq ulduzu, böyük sənətkar İlhamə xanımı ad günü münasibəti ilə «Kaspi» qəzetinin kollektivi də təbrik edir, sevimli sənətkara bol məhəbbət və uğurlar arzulayırıq.
banner

Oxşar Xəbərlər