• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

İlham Əliyevin tarixi çıxışı bir daha Azərbaycan və Türkiyənin mühüm strateji tərəfdaş olduqlarını ortaya qoydu

29.04.14 10:37 1395
İlham Əliyevin tarixi çıxışı bir daha Azərbaycan və Türkiyənin mühüm strateji tərəfdaş olduqlarını ortaya qoydu
Aprelin 24-də Praqada keçirilən «Şərq Tərəfdaşlığı» Sammitində Azərbaycan prezidenti İlham Əliyevin tarixi çıxışı bir daha Azərbaycan və Türkiyə arasında olan münasibətlərin yalnız etnik-milli yaxınlıq deyil, eyni zamanda mühüm strateji tərəfdaşlıq üzərində qurulduğunu ortaya qoydu. Belə ki, məlum olduğu kimi, sammit çərçivəsində Ermənistan prezidentinin Türkiyənin orada təmsil olunmamasından sui-istifadə edərək bu ölkəyə qarşı böhtan xarakterli çıxış etməsinin cavabı prezident İlham Əliyev tərəfindən yüksək səviyyəli diplomatik peşəkarlıqla verilərək qardaş ölkənin milli maraqları müdafiə edilib.
Göründüyü kimi, Azərbaycan tərəfi Türkiyənin təmsil olunmadığı müstəvidə onun maraqlarına öz maraqları kimi yanaşıb. Ümumiyyətlə Azərbaycanla Türkiyə beynəlxalq müstəvilərdə daim bir-birinin maraqlarını, mənafelərini müdafiə etməkdədirlər. Lakin son hadisə bu məsələdə xüsusilə mühüm əhəmiyyətə malikdir. Çünki Azərbaycan prezidentinin Avropanın mərkəzində (hansı ki, bir sıra Avropa dövlətləri qondarma erməni soyqırımını tanıyıblar) Türkiyəyə qahmar çıxması və ona qarşı hücumlara sinə gərməsi Azərbaycan kimi yeni müstəqillik əldə etmiş bir dövlət üçün çox böyük cəsarət tələb edir. Çünki Azərbaycanın Avropa İttifaqının keçirdiyi sammitdə belə açıq şəkildə mövqe nümayiş etdirməsi bu ittifaqın Türkiyə ilə münasibətləri heç də xoş olmayan üzvlərinin ölkəmizə qarşı da eyni münasibətdən çıxış etmə riskini doğurur. Əgər eyni mövqeni Türkiyə Praqa sammitində Azərbaycana münasibətdə nümayiş etdirsəydi, bu, nisbətən asan izah olunardı. Çünki Türkiyə kifayət qədər qüdrətli və belə situasiyalar üçün təcrübəli bir dövlətdir. Lakin qeyd etdiyimiz kimi, Azərbaycan Avrostrukturlara yenicə inteqrasiya olunmaqdadır və indidən belə konkret mövqe ortaya qoyulması böyük cəsarət və iradə tələb edir.
Prezidentin nitqinin diqqətlə nəzərdən keçirilməsi göstərir ki, o, Avropanın mərkəzində, mühüm əhəmiyyətli tribunadan istifadə etməklə həm düşmənə layiqli cavab verib, həm Türkiyəni müdafiə edib, həm də Avropanı ikili standartlarda ittiham edib.
İlk növbədə ondan başlayaq ki, Prezident İlham Əliyev avropalılar qarşısında öz çıxışı ilə Ermənistanın hansı yalanlarla dünya ictimaiyyətini aldatmağa cəhd göstərdiyini ifşa etmiş olub. Belə ki, o, çıxışında konkret faktlara istinad etməklə, beynəlxalq hüququn baza prinsiplərinə söykənməklə, hazırkı geosiyasi situasiyanı dəyərləndirməklə Ermənistanın təcavüzkar ola-ola, Türkiyəyə qarşı məqsədli kampaniya aparmaqla məşğul olduğunu ortaya qoyub : «Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bugünədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır».
Nitqində Prezident İlham Əliyev postsovet regionunda baş verən proseslər fonunda Qərbin nümayiş etdirdiyi sərt reaksiyaya işarə edərək eyni mövqenin Qarabağ münaqişəsinə tətbiq edilməməsinin səbəblərini avropalıların diqqətinə çatdırmaqla da Türkiyənin mövqeyində haqlı olduğuna işarə edib: «Niyə Ermənistana sanksiyalar tətbiq olunmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu, dözülməzdir və buna son qoyulmalıdır».
Həmçinin bununla İlham Əliyev Qərbi ikili standartlar yürütməkdə də ittiham etmiş olub. Çıxışında dövlət başçısı Helsinki yekun Aktına istinad etməklə də Qərbi beynəlxalq hüququn prinsiplərinə riayət etməyə və ikili standartlardan çəkinməyə çağırdı: «Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl, ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib. Münaqişənin tez bir zamanda həlli Azərbaycanın marağındadır. Mən əminəm ki, bu, həmçinin Ermənistan xalqının marağındadır, Cənubi Qafqazda əməkdaşlıq baxımından da maraq dairəsindədir».
Məhz bu kimi çoxaspektli və mühüm bünövrə üzərində qurulmuş nitqi ilə prezident İlham Əliyev Azərbaycanın haqq səsinin dünyaya çatdırılması ilə yanaşı, Türkiyəni də haqsız hücumlardan qorumuş olub.
Beləliklə də qeyd etmək olar ki, Praqa sammiti həm Ermənistanın işğalçılıq siyasətinin, həm Qərbin ikili standartlar siyasətinin ifşası, həmçinin də Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq, strateji tərəfdaşlıq xarakterini ortaya qoymaq baxımından mühüm əhəmiyyətə malik oldu. Sammit zamanı bir daha sübut olundu ki, Azərbaycan və Türkiyə dövlətləri «bir millət, iki dövlət» prinsiplərinə sadiqdirlər və biri digərinin milli marağını daim öz milli marağı kimi qorumaq niyyətindədir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər