• cümə axşamı, 28 mart, 15:06
  • Baku Bakı 16°C

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

13.04.14 15:42 1337
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
Aprelin 13-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
APA-nın məlumatına görə, prezident giriş nitqində 2014-cü ilin birinci rübündə də Azərbaycanın dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirib.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən çox artığını deyən dövlət başçısı orta aylıq əmək haqqının da təxminən 7 faiz yüksəldiyini vurğulayıb, valyuta ehtiyatlarının çoxalaraq hazırda 53 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb.
Prezident qeyd edib ki, ölkənin əsas iqtisadi parametrləri çox müsbətdir və bu mənzərə gələcəyə nikbinliklə baxmağa imkan verir. Birinci rübdə əhalinin tibbi müayinədən keçməsi ilə bağlı proqramın uğurla icra olunduğunu, son iki ayda dörd milyon insanın bu müayinədən keçdiyini deyən dövlət başçısı üçüncü regional, o cümlədən Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramlarının əhəmiyyətindən danışıb. İlin ilk üç ayında sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin görüldüyünü deyən prezident Azərbaycanda investisiya mühitinin yüksək səviyyədə olduğunu, daxili investisiyaların xarici sərmayələri üstələdiyini bildirib. Dövlət başçısı deyib ki, indi Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bundan əlavə, ilin birinci rübündə Azərbaycan dünyada öz mövqelərini daha da möhkəmləndirib.
“Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır və beynəlxalq hüquqa, ədalətə söykənir”, - deyən dövlət başçısı bütün bunların ölkəmizə böyük rəğbət yaratdığını qeyd edib. İlin əvvəlindən etibarən xaricə səfərlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi olduğunu qeyd edən prezident ikitərəfli formatda görüşlərin də səmərəli keçdiyini vurğulayıb.
Sonra vergilər naziri Fazil Məmmədov, energetika naziri Natiq Əliyev, təhsil naziri Mikayıl Cabbarov ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Prezident İlham Əliyev yekun nitqində sosial infrastruktur layihələrinin icrasının davam etdirilməsi, xarici investisiyaların ölkəmiz üçün prioritet təşkil edən sektorlara yönəldilməsi, sahibkarlığın inkişafına dəstəyin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verib. Dövlət başçısı yaxın vaxtlarda kənd təsərrüfatında islahatların daha da dərinləşdirilməsi üçün yeni sərəncamın veriləcəyini bildirib. Ölkədə əhalinin sayının 9 milyon 500 min nəfərə çatdığını deyən Azərbaycan prezidenti qeyri-neft sektorunun və sənayenin inkişafı ilə bağlı layihələrin icra edildiyini söyləyib.
Dövlət başçısı qeyd edib ki, yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcək. Bundan əlavə, paytaxtın gözəlləşdirilməsi, şəhər nəqliyyatının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək. Görülən tədbirlər ordu quruculuğunu da əhatə edəcək, bu sahədə infrastruktur layihələrinin icrası, o cümlədən Qarabağ müharibəsi əlillərinin və veteranlarının problemlərinin həlli diqqət mərkəzində olacaq.
Prezident İlham Əliyev neft-qaz sektorunda işlərin yüksək səviyyədə aparıldığını, TANAP və TAP layihələrinin icrasına başlandığını bildirib, ətraf mühitin qorunması və ağacların qanunsuz kəsilməsinə dair hərəkətlərə son qoyulması ilə bağlı tapşırıqlarını verib. Bu il ilk Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizin həlledici mərhələyə daxil olduğunu deyən dövlət başçısı Azərbaycanın bu beynəlxalq idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmində olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər