AZE | RUS | ENG |

İlham Əliyev: "Sabitlik olmayan yerdə ölkələr dağılır, insanlar əziyyət çəkir"

İlham Əliyev:
Azərbaycanda sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, xüsusilə son illər ərzində dünyada, bizim regionumuzda, MDB məkanında, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir: "Biz bunu gündəlik formatda televiziyadan başqa, kütləvi informasiya vasitələrindən görürük, izləyirik. Münaqişələr, qanlı toqquşmalar, müharibələr alovlanır, milyonlarla yeni köçkün dalğası yaranır. Ölkələr arasında ziddiyyətlər kəskinləşir, müttəfiqlər arasında münasibətlər pozulur. Yəni, biz dünyanın müxtəlif yerlərində bunu görürük. Təhdidlər, risklər artır. Bütün bu mənfi mənzərə fonunda, əlbəttə ki, Azərbaycanın tutduğu mövqe daha da böyük maraq doğurur, özünə daha da böyük rəğbət qazandırır. Çünki sabitlik dövründə deyə bilərlər ki, elə hər yerdə sabitlikdir. Amma bu gün, qeyd etdiyiniz kimi, Azərbaycan bu coğrafiyada sabitlik məkanıdır. Bunun bir çox səbəbləri var, ilk növbədə, hesab edirəm ki, bizim düzgün siyasətimiz, digər tərəfdən, Azərbaycanda bütün xalqların, bütün konfessiyaların bir ailə kimi yaşaması, dini-milli zəmində heç vaxt ayrı-seçkiliyin olmaması. Bu, həm bizim siyasətimizdir, həm də ki, xalqdan gələn bir niyyətdir, təşəbbüsdür, sifarişdir, eyni zamanda, aparılan işlərə xalq tərəfindən göstərilən dəstəkdir. Əsas səbəblər, məncə, bunlardan ibarətdir".

İlham Əliyev bildirib ki, xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır:

"Son prezident seçkilərində mənə göstərilən böyük etimad dediyim sözlərin məntiqi sübutudur. Sabitlik olmayan yerdə ölkələr dağılır, insanlar əziyyət çəkir, fəlakətlər baş verir. Biz bunu yaxın tarixdə görürük. Ona görə Azərbaycanda sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır, ilk növbədə, dövlətin və hər bir vətəndaşın. Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, Azərbaycan islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın. Bu, bizə imkan verir ki, Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşasın".


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779