• cümə, 29 Mart, 17:01
  • Baku Bakı 14°C

İlham Əliyev – jurnalistlərin yaxın dostu və namizədi

17.09.13 08:27 2522
İlham Əliyev – jurnalistlərin yaxın dostu və namizədi
Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi, siyasi inkişafı ilə yanaşı, ölkəmizin mədəni-mənəvi tərəqqisini də hər zaman prioritet məsələ kimi dəyərləndirir. Bu, heç də təsadüfi deyil. Bəllidir ki, dövlətin, cəmiyyət hərtərəfli tərəqqisində, inkişafında mədəni-mənəvi amillərin, maarifləndirmənin, bütün bunları cəmiyyətin güzgüsü kimi işıqlandıran KİV-in, medianın özünəməxsus rolu var. İnformasiya texnologiyarının cəmiyyətin, dövlətin həyatına fəal şəkildə nüfuz etdiyi bir şəraitdə yaradıcı insanların – yazarların, jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Bununla bağlı dövlət başçısı dəfələrlə vurğulayıb ki, hər bir jurnalist vətəndaş məsuliyyətini hiss etməli, ilk növbədə, vətənpərvər olmalıdır: “Əlbəttə ki, jurnalistlərin vətənpərvər olmaları da hesab edirəm ki, çox vacib məsələdir. Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da, partiya maraqları, korporativ maraqlar ön plana çıxır. Buna əlbəttə ki, yol vermək olmaz. Xüsusilə gənc müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü olmalıdır və daim mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirirəm”.
Şübhəsiz ki, istənilən halda bu məsuliyyət təkcə vətənpərvərliklə məhdudlaşmır. Burada jurnalistlərin milli düşüncəli olması, fədakarlığı, vətənpərvərliyi ilə yanaşı, peşəkarlığı öz işini, peşəsini dərindən bilməsi, özünə tənqidi yanaşması, öz üzərində daim çalışması da çox mühüm əhəmiyyət kəsb edir. 2010-cu ildə KİV-in, mətbuatın inkişafında xidmətlərinə, bu sahəyə göstərdiyi böyük diqqət və qayğıya görə, “Mətbuatın dostu” mükafatına layiq görülən, bu mükafatı “jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir” deyərək, çox yüksək dəyərləndirən Prezident İlham Əliyev məhz jurnalistlərin dostu kimi, KİV təmsilçilərinə öz peşəkarlığını daim artırmağı, yaradıcılıq qabiliyyətlərini hər zaman təkmilləşdirməyi tövsiyyə edir, məsuliyyət hissinin peşəkarlıqla tamamlanmasını vacib sayır: “Jurnalistlərin məsuliyyəti də əlbəttə ki, daim müzakirə mövzusudur. Xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Mən şadam ki, son illər ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək olur. Bu da jurnalistlərin məsuliyyətindən xəbər verən amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə, internet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz. Ona görə, jurnalistlərin məsuliyyəti hesab edirəm ki, gələcəkdə də daim diqqət mərkəzində olmalıdır. Bilirəm ki, jurnalist ictimaiyyəti, Mətbuat Şurası bu məsələləri daim diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır”.
Göründüyü kimi, dövlət başçısı jurnalistlərin üzərinə düşən məsuliyyətin böyük olduğunu vurğulayır, jurnalistlərin öz üzərinə düşən məsuliyyəti dərindən dərk etməsini, tənqid çərçivəsini aşan təhqiramiz yazıların azalmasını uğurlu, müsbət təmayül kimi dəyərləndirir. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev hairzmatik, qətiyyətli dövlət başçısı olmaqla yanaşı, bir çox digər fəaliyyət sahələrinə olduğu kimi, media işinə də yaxından bələddir. O, eyni zamanda, mütərəqqi dünyagörüşlü, müasir düşüncəli, humanist, demokratik liderdir, milli-mənəvi dəyərlərə, ziyalılığa, həqiqi və ədalətli sözə sayğı ilə yanaşır, verdiyi sözə, dostluğa sədaqətlidir.
Dövlət başçısı bir neçə il əvvəl bununla bağlı çıxışında qeyd etmişdi ki, jurnalistikanın ağır peşə sahəsi olduğunu, burada çalışan insanların bir sıra hallarda haqsızlıqlarla, təzyiqlərlə üzləşdiyini bilir, media mənsublarının problemlərini çox yaxşı başa düşür: “Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm. Bu, çox çətin işdir. Bu işdə bəzən jurnalistlər haqsızlıqlarla, təzyiqlərlə üzləşirlər. Biz bunu da bilirik. Ona görə jurnalistlərin sosial müdafiəsi, məişət problemləri həllini tapmalıdır.”
Müasir dövrdə Azərbaycanda azad mətbuatın, müstəqil KİV-in inkişafında mühüm mərhələ məhz 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsi ilə başlayır. Bu, Azərbaycan mediasının böyük dostu, himayədarı olmuş, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran ümummilli lider Heydər Əliyevin söz, mətbuat azadlığının inkişafında, müasir tələblərə cavab verən, demokratik Azərbaycan KİV-inin formalaşmasında müstəsna xidməti idi. 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbul edilməsi media sahəsində inkişafın sürətlənməsinə böyük təkan verdi, müvafiq qanun KİV-in fəaliyyətini tənzimləyən hüquqi bazanın zənginləşdirilməsinə, təkmilləşdirilməsinə ciddi töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq edildi. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, sonradan isə tamamilə ləğv edildi. Azərbaycan jurnalistlərinin 2003-cü ilin mart ayında keçirilən birinci qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. O zaman ümummilli liderin KİV-in tərəqqisi, medianın inkişafı, söz azadlığının genişləməsi və möhkəmlənməsi sahəsində atdığı bu önəmli addımlar KİV ictimaiyyəti, jurnalistlər tərəfindən yüksək qiymətləndirildi, böyük rəğbətlə qarşılandı. Bu diqqət, qayğının nəticəsi olaraq, ümummilli liderimiz Heydər Əliyevin 2003-cü Çingiz Mustafayev Fondu tərəfindən "Jurnalistlərin dostu" adına layiq görüldü.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bunlar, öz növbəsində, Azərbaycanda söz, fikir və mətbuat azadlığının inkişafı,bərqərar olunması, möhkəmlənməsi baxımından, mühüm, əlamətdar, tarixi hadisələrdir və müasir Azərbaycan mediasının uğurlu inkişaf yolunu əks etdirir: “Azərbaycanda mətbuat azadlığı, söz azadlığı vardır. Azərbaycanda azad mətbuatın tarixi o qədər də böyük deyildir. Azərbaycanda müstəqil mətbuat Sovet İttifaqının son illərinə təsadüf edir, ilk qəzetlər, müstəqil qəzetlər o vaxt yaranmışdır. Müstəqillik əldə olunandan sonra, əlbəttə ki, azad mətbuatın formalaşması daha da sürətlə getmişdir. Ancaq mən hesab edirəm ki, - bu gün burada artıq qeyd olundu,- bu sahədə əsaslı dönüş 1998-ci ildə baş vermişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda senzuranın ləğvi sözün əsl mənasında azad, müstəqil mətbuatın formalaşması, yaranması üçün həlledici rol oynamışdır. Bildiyiniz kimi, ondan sonrakı dövrdə - 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmişdir, 2003-cü ildə Mətbuat Şurası yaradılmışdır. Yəni, bu proseslər onu göstərir ki, Azərbaycan dövlətinin və Azərbaycan iqtidarının niyyəti həmişə birmənalı olmuşdur”.
2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırıldı, mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm kəsb edən bir tədbir görüldü. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Sərəncamı ilə bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi substrat oldu. Kütləvi informasiya vasitələrinin "Azərbaycan" nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi. Bununla yanaşı, jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində ciddi addımlar atıldı, müxtəlif tədbirlər görüldü. Məhz bundan sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciətetmə halları əhəmiyyətli dərəcədə azaldı, müəyyən istisnalarla tam aradan qalxdı. Bütün bunlar jurnalistlərin peşə etikasının möhkəmlənməsinə, onların peşə fəaliyyətində daha anlayışlı davranmasına, ümumilikdə, medianın çoxşaxəli inkişafına təkan verdi. Dövlət başçısı bu məqama diqqəti çəkərək qeyd edir ki, bu, Azərbaycanda hüquqi dövlət quruculuğunun yüksək səviyyəyə çatmasının təzahürüdür: “Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz sözün əsl mənasında azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Yüzə yaxın həftəlik, 30-dan çox gündəlik qəzet nəşr edilir, 8 ümumrespublika telekanalı fəaliyyət göstərir. Azərbaycanda internetin yayılması çox sürətlə gedir və əlbəttə ki, bu dövlət siyasəti olmasaydı, proses sürətlə getməzdi. Bu gün artıq internet istifadəçilərinin sayı Azərbaycanda 50 faizə yaxınlaşır. Mən xatırlayıram, Mətbuat Şurasının üzvləri ilə bu ilin yayında görüş əsnasında bu məsələyə də toxundum. O vaxt qeyd etmişdim ki, Azərbaycanda 40 faizdən çox internetdən istifadə edənlər vardır. Mənə verilən son məlumata görə bu insanların sayı artıq qısa müddət ərzində 50 faizə çatmışdır. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki Azərbaycanda təqdirlə qarşılanır, dünya birliyində də bunu yüksək qiymətləndirirlər. Bu, bir də onu göstərir ki, bizim niyyətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları informasiya mənbələrinə çata bilsinlər. Yəni, müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın təbii hüququdur və Azərbaycan dövləti bu hüquqları təmin etməlidir”.
Bununla yanaşı, qeyd etmək vacibdir ki, Azərbaycan mətbuatında mühüm, fundamental keyfiyyət dəyişikliklərinin meydana gəlməsi məhz Prezident İlham Əliyevin hakimiyyəti dönəminə təsadüf edir. Ümumilikdə, bu, müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət, məzmun etibarilə yeni, fərqli, daha dinamik, mütəhərrik bir mərhələnin başlanması kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev tərəfindən KİV-in inkişafı, media mənsublarının sosial müdafiəsinin, məişət qayğılarının yaxşılaşdırılması istiqamətində atılan addımlar artıq özünün ciddi bəhrəsini verir. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən tədbirlər, həyata keçirilən islahatlar nəticəsində mediada özünü göstərən mənfi təmayüllər yetərincə məhdudlaşıb, jurnalistlərin KİV-in yaratdığı imkanlardan sui-istifadə etməsi halları xeyli azalıb. Bir sıra cinayət xarakterli əməllər törətmiş jurnalistlərin cəzasının yüngülləşdirliməsi, onların əhv olnuması dövlət başçısının Azərbaycan mediasına olan böyük etimadının göstəricisidir. Söhbət ondan gedir ki, demokratiya, söz, mətbuat azadlığı anlayışı çox zaman müəyyən qism media mənsubları tərəfindən təhrif olunur, bir sıra hallarda heç bir məsuliyyət hiss etmədən istədiyini yazmaq, qanun, əxlaq, sağlam tənqid çərçivəsindən kənara çıxan yazıları, materialları, informasiyanı söz, mətbuat azadlığının təbii təzahürü kimi qiymətləndirilirdi. Bu isə istər-istəməz müstəqil, demokratik mətbuatın nüfuzuna kölgə salır, mediaya, ayrı-ayrı jurnalistlərə münasibətdə ciddi narazılıqların yaranmasına səbəb olurdu. Aparılan İslahatlar, Mətbuat Şurasının medianın fəaliyyətini effektli şəkildə koordinasiya etməsi nəticəsində vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib. Artıq bu gün qəti əminliklə Azərbaycanda yaranan mətbuat azadlığının ölkənin demokratik tərəqqisinə ciddi, müsbət təsirindən danışmaq mümkündür: “Demokratiyanın inkişafı istiqamətində mətbuat azadlığının xüsusi rolu vardır… Azərbaycanda azad mətbuatın tarixi o qədər də böyük deyildir, hesab edirəm ki, qısa müddət ərzində - 20 il ərzində Azərbaycanda güclü, müstəqil mətbuat formalaşıbdır. Əlbəttə ki, burada ilk növbədə, mən jurnalistlərin fəaliyyətini xüsusilə vurğulamalıyam. Onların fəaliyyətini, bəzən çətin şəraitdə olan fəaliyyətini yüksək qiymətləndirirəm. Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Mətbuat Şurası jurnalistlərlə dövlət qurumları arasındakı münasibətləri çox yaxşı tənzimləyir. Hesab edirəm ki, Azərbaycanda bu sahədə aparılan islahatlar və müsbət istiqamətdə inkişaf edən vəziyyət bunun əyani sübutudur. Mən hesab edirəm ki, bu münasibətlər - dövlət qurumları ilə mətbuat arasındakı münasibətlər daha da möhkəm olmalıdır və öz tərəfimdən çalışacağam ki, biz buna nail olaq”.
2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması Prezident İlham Əliyevin müstəqil Azərbaycan mediasının inkişafını bilavasitə milli dövlətçiliyimizin möhkəmlənməsinin zəruri təmayülü kimi dəstəklədiyini təsdiqləyir. Bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək prinsipial müddəalar, vacib əsaslar öz əksini tapıb. Hazırda KİVDF-yə ayrılan büdcə Azərbaycan mətbuatının maddi təminatını yaxşılaşdırmaqla yanaşı, mediada mənfi təmayüllərin azalmasını şərtləndirən başlıca amillərdən biri kimi çıxış edır. Müvafiq Konsepsiyada əksini tapan şərtlər istər-istəməz əksər mətbuat qurumlarını sağlam, konstruktiv, yaradıcı, məsuliyyətli fəaliyyətə sövq edir ki, bud a hər kəs, hamı, bütüövlükdə Azərbaycan dövləti və cəmiyyəti üçün arzuolunan, təqdirəlayiq haldır. Mətbuat Şurasının "Reket Jurnalistika" ilə Mübarizə Komissiyasının siyahısına düşmüş qəzetlərin dövlət dəstəyindən məhrum edilməsi əksər qəzetləri və media qurumlarını öz fəaliyyətini yenidən nəzərdən keçirməyə vadar edir. Əvvəllər qeyri-qanuni vasitələrlə gəlir, qazanc, maliyyə mənbəyi əldə etməyə çalışan müəyyən qrup jurnalistlər də bütün bunların müqabilində öz baxışlarını, davranışlarını, fəaliyyətlərini yenidən nəzərdən keçirməli olurlar. Müvafiq çıxışlarında bu və digər məqamlara xüsusi diqqət yetirən Prezident İlham Əliyev KİV-in fəaliyyətində nəzərə çarpan ciddi irəliləyişləri, media qurumlarının bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirir: “Reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Bu mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab edirəm ki, biz reket jurnalistikasına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaqdır. Hesab edirəm ki, buna müəyyən qədər vaxt lazımdır. Çünki biz müstəqil ölkə kimi cəmi 20 ilə yaxındır ki, yaşayırıq. Hələ ki, bütün sahələrdə olduğu kimi bu sahədə də müəyyən qədər vaxt lazımdır”.
Bununla yanaşı, yaradıcı fəaliyyəti ilə fərqlənən jurnalistlərə fəxri adların verilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar, jurnalistlər xüsusi binanın təmənnasız olaraq, tikilib istifadəyə verilməsi, yeni binanı təməlinin qoyulması, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi Prezident İlham Əliyevin gerçəkdən mətbuatın, medianın yaxın dostu olduğunu bir daha əyani şəkildə sübut edir. Sözsüz ki, Prezident İlham Əliyevin mətbuata diqqət və qayğısı müqaiblində jurnalistlər də öz üzərlərinə düşən peşə və vətəndaşlıq məsuliyyətini dərk etməli, dövlət, cəmiyyət səviyyəsində onlara göstərilən etimadı layiqincə doğrultmağı bacarmalıdırlar. Prezident İlham Əliyevin 3 il əvvəl - 2010-cu ildə media mənsubları arasında keçirllən sorğuda "Jurnalistlərin dostu" seçilməsi onu göstərir ki, Azərbaycan mediası dövlət başçısının səmərəli, uğurlu, bütün digər fəaliyyət sahələri ilə yanaşı mətbuatın davamlı inkişafına yönələn addımlarını, fəaliyyəti yüksək obyektivlik prizmasından qiymətləndirməyi bacarır, prinsipial məqamlarda tərəfsiz, qərəzsiz, tam obyektiv olduğunu hər zaman isbatlayır. Baş verənlər onu göstərir ki, Azərbaycan medianın demokratik inkişafı, azad mətbuatın təsisatlaşması böyük, əhəmiyyətli uğurlara nail ola bilib: “Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bizim vətəndaşlarımız 30-dan yuxarı gündəlik qəzeti, 100-ə yaxın həftəlik qəzeti, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalı, 14 regional telekanalı, internet vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyirlər” .
Qeyd edək ki, müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli mətbuatın beynəlxalq standartlara uyğun inkişafına başlanıldı. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanıldı. 2003-cü ildən bəri bu proses yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında silsilə və kompleks tədbirlər həyata keçirildi. 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm tədbir reallaşdırıldı. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. Ötən müddətdə həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olundu və bütün mənzillər yüksək səviyyədə təmir edildi. Ümumilikdə isə binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsait sərf olunmuşdur.
Jurnalistlər üçün tikilmiş binanın açılış mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuat işçilərinin adından cənab Prezidentə hamımızın ürəyindən xəbər verən təşəkkürünü çatdırmışdır: «Hörmətli cənab Prezident, uzun illər ötəcək, Sizin bu gün – Milli Mətbuat Günündə 156 jurnalist ailəsinə bəxş etdiyiniz bu sevinc Azərbaycan ictimaiyyətinin, xüsusən bu sevinci yaşayan jurnalistlərin yaddaşında əbədi həkk olunacaqdır. Mənzil alanlar içərisində mərhum jurnalistlərdən Alı Mustafayevin, Mirzə Əsgərovun, Vahid İmanovun, bu günlərdə müalicəsi üçün şəxsən tapşırıq verərək Almaniyaya yola salacağınız Nicat Dağların ailəsi də vardır. Azərbaycan Jurnalistlərinin VI qurultayında Sizə qəbul etdiyimiz müraciətdə bu haqda jurnalist ictimaiyyətinin xüsusi təşəkkürünü bildirmişik. Bu gün mən bu kürsüdən bir daha jurnalistlərimizin xüsusi təşəkkürünü və minnətdarlığını Sizə çatdırmaq istəyirəm. Düşünürəm ki, Sizin bu xeyirxah addımınız dövlətimizin, şəxsən, cənab Prezident, Sizin azad sözə, siyasi plüralizmə, jurnalist peşəsinə və əməyinə verdiyiniz böyük dəyərin bir nümunəsidir. Siz bu gün həm milli mətbuatımızın banisi, maarifçi alim Həsən Bəy Zərdabinin, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ruhunu şad etdiniz».
«Kaspi» qəzeti
banner

Oxşar Xəbərlər