“İlham Əliyev hakimiyyətinin uğurları Əli Kərimli tipli insanların siyasi iflasını dərinləşdirir” – Əli Həsənov
"Prezident İlham
Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda
büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltdikdən, iqtisadi
liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə
ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar
qəbul etdikdən sonra məlum xarici anti-Azərbaycan qüvvələr daha da fəallaşıblar”.
Bu fikirləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri
Əli Həsənov "Facebook" səhifəsində paylaşdığı məqaləsində qeyd edib.
Prezidentin köməkçisi
bildirib ki, bu qüvvələr xaricdəki anti-Azərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki
"beşinci kolonu”, bir çox digər uzantılarını, o cümlədən Əli Kərimlini və onun
qrupunu fəallaşdıraraq işə qoşub: "Əli Kərimlinin xaricdə mənzillənən internet
resurslarından birinə müsahibə verərkən Prezident İlham Əliyevin liderliyi ilə
Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektli siyasəti öz merkantil
maraqları çərçivəsində şərh etməyə çalışması da həmin şəbəkənin fəaliyyətinin
bir təzahürüdür. Bəri başdan qeyd edim ki, Əli Kərimlinin müsahibədə
səsləndirdiyi fikirlərin hamısı əsassız, reallıqdan uzaq, onun daxili aləminin
inikası olmaqla dövlətə və xalqa son dərəcə yad münasibətinin, ikrahla
yanaşmasının ifadəsidir.
İrəli sürdüyü və heç bir arqumentə tab gətirməyəcək
iddialarının əsasında dayanan motiv də aydındır. O, hər vəchlə hakimiyyət və
onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi
qaralamağa çalışır. Görünən reallıq odur ki, istər daxili siyasətdə, istərsə də
diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli
Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin
dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır.
Belə olan halda isə onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real
subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək
təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını
real təhlükə kimi gözlərinin qarşısına alırlar.
Odur ki, sağlam müxalifətçilik
zehniyyətlə yürüdülən siyasəti təhlil etmək, əgər varsa, onun nöqsanlarını
göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail
olmaq deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri
sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar. Qara
niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə
iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və
addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir”.