AZE | RUS | ENG |


İlham Əliyev: Azərbaycan jurnalistikası cəmiyyətdə çox müsbət rol oynayır

İlham Əliyev: Azərbaycan jurnalistikası cəmiyyətdə çox müsbət rol oynayır
"Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram. Bu gözəl peşə bayramı ərəfəsində jurnalistlər üçün tikilmiş yaşayış binasının açılışına toplaşmışıq. Bu, sayca ikinci binadır. Birinci binada artıq neçə ildir ki, jurnalistlər yaşayırlar. İndi də ikinci binanın açılışını qeyd edəcəyik. Birinci binada 156, ikinci binada isə 255 mənzil var. Eyni zamanda, biz bu gün üçüncü binanın təməlini qoyacağıq. Üçüncü binada da 255 mənzil nəzərdə tutulur".

İlham Əliyev bildirib ki, beləliklə, qısa müddət ərzində yüzlərlə jurnalistə dövlət tərəfindən mənzil verilir və bu, dövlət tərəfindən Azərbaycan jurnalistikasına göstərilən növbəti diqqətin təzahürüdür.

Prezident vurğulayıb ki, Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır: "Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunub və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, sərbəst fəaliyyət göstərir, qeydiyyatdan keçir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışırdım və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikintisi də bu siyasətin bir təzahürüdür".

Dövlət başçısı xatırladıb ki, bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü: "Jurnalistlər belə məsələ qaldırmışdılar. Mən də buna müsbət reaksiya verdim. Nəticə etibarilə biz burada artıq ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram ki, birinci binanın açılışında – 4 il bundan əvvəl mən demişdim ki, yəqin ki, gələcəkdə bu əraziyə "jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer jurnalistlər şəhərciyidir. Burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, gələcəkdə biz jurnalistlərin məişət problemlərinin həlli üçün əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var, çünki indi bir tərəfdən yol çəkilib. Ona görə müvafiq göstəriş verilib ki, hər iki tərəfə çıxış olsun ki, insanlar burada daha da rahat yaşasınlar. Hər bir şəhərin ən qiymətli, ən prestijli yerləri var. Adətən, bu, şəhərlərin mərkəzi olur və dəniz kənarında yerləşən şəhərlərdə dənizə mənzərəsi olan binalar daha da prestijli sayılır. Bu binalar həm dəniz mənzərəlidir, həm də şəhərin mərkəzində yerləşir. "Azneft" meydanına buradan cəmi 5 dəqiqəlik yoldur. Bu, bir də onu göstərir ki, biz jurnalistlər üçün ən yaxşı şərait yaratmağa çalışırıq. Binalar da çox gözəldir, genişdir, işıqlıdır, rahatdır".

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, burada jurnalistikada böyük xidmətlər göstərmiş, Vətən qarşısında böyük xidmətləri olmuş insanlar rahat yaşayacaqlar: "O ki qaldı, jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Bu, indiki zamanda özlüyündə bir nailiyyətdir. Biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. O ki qaldı, daxildə mövcud olan risk mənbələri, bunlar demək olar ki, yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır - həm ideoloji sahədə, həm də sərhədlərimizin qorunmasında. Ümumiyyətlə, biz həmişə Azərbaycanı mümkün olan risklərdən qorumağa çalışırıq ki, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın. Hesab edirəm ki, buna nail olmuşuq".

Dövlət başçısı qeyd edib ki, bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir: "Burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları olan şəxslər, müxtəlif partiyaların üzvləri burada bir yerdə, bir ailə kimi yaşayacaqlar. Əslində Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir, Azərbaycanda həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl demokratik şərait var, Azərbaycanda iqtisadi inkişaf var, Azərbaycan müstəqil siyasətini apararaq həm bölgədə, həm də dünyada öz mövqelərini möhkəmləndirir, bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət yürüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının maraqları və Azərbaycan dövlətinin maraqları dayanır. Hesab edirəm ki, bu iki əsas amil Azərbaycanda artıq çox güclü dayaqlara malikdir. Həm sosial, həm də iqtisadi siyasətlə bağlı, xarici siyasətlə bağlı atdığımız addımlar bizə böyük uğur gətirib və dünyada Azərbaycana qarşı çox böyük rəğbət var. Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratik inkişaf xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava yoxdursa, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Hesab edirəm ki, bu da çox düzgün və düşünülmüş siyasətdir. Çünki demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni maddi rifah, iqtisadi və sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir. Azərbaycanda həm demokratik inkişaf, həm də sosial-iqtisadi inkişaf paralel gedir. Hesab edirəm ki, buna görə də bizim cəmiyyətimizdə təkamül yolu ilə islahatlar aparılır, dərinləşir və siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir”.

İlham Əliyev vurğulayıb ki, söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur: "Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur və bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunub. Azərbaycanda sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, mətbuat azadlığı təmin olunub və təmin olunacaq. Bundan sonra da Azərbaycan iqtisadi və siyasi inkişaf yolu ilə getməlidir. Hesab edirəm ki, bizim qısa müstəqillik tariximiz onu göstərir ki, bu, yeganə düzgün yoldur. Çünki o qədər də asan olmayan geosiyasi vəziyyətdə Azərbaycan ilk növbədə öz müstəqil siyasətini qoruya və möhkəmləndirə bilib, heç bir xarici təsir altına düşmür”.

Prezident deyib ki, Azərbaycan dövlətinin inkişafı Azərbaycan xalqının əlindədir. Azərbaycan xalqının iradəsi ilə ölkəmiz idarə olunur: "Biz böyük iqtisadi inkişafa nail olduq, meqa layihələri icra etdik. Biz dünyada özümüzü artıq multikulturalizmin mərkəzi kimi tanıda bildik və bu gün bu sahədəki uğurlarımız bir çox ölkələrdə öyrənilir. Bütün bu əldə edilmiş uğurların təməlində bizim düşünülmüş siyasətimiz, o cümlədən demokratik cəmiyyətin formalaşması dayanır. Jurnalistlər isə əlbəttə ki, öz fəaliyyətləri ilə bu inkişafa töhfələrini verirlər, cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Mən sizə deyə bilərəm ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir, yəni həm xarici siyasət, həm də daxili siyasətlə və təhlükəsizliklə bağlı əsas məsələlər əlbəttə ki, məruzə edilir. Ancaq elə bir məsələ var ki, bu, çox ciddi məsələ sayılmaya bilər, ancaq insanları narahat edən məsələdir. Bu məlumatlar haqqında mən hərdən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar. Ona görə,, jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, gələcəkdə də siz bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında - harada ki hansısa ədalətsizlik, qanunsuzluq var - dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.

Azərbaycan Prezidenti əlavə edib: "Bugünkü peşə bayramı ərəfəsində jurnalistikanın inkişafı ilə bağlı bəzi fikirlərimi bildirmək istərdim. Əlbəttə ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Bu gün siz də yaxşı bilirsiniz ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, çünki heç də hər zaman belə deyil və biz görürük ki, dünyanın bir çox ölkələrində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm də daxili xarakter daşıyır – baxır gündəlikdə hansı məsələ dayanır. Təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə ki, hansısa məqsədləri güdür və bu məqsədlər bir çox hallarda həqiqətdən daha da önəmli faktor kimi qəbul edilir. Ona görə də hesab edirəm ki, jurnalistikada ilk növbədə həqiqət prinsipləri üstünlük təşkil etməlidir. Azərbaycan jurnalistikasına gəldikdə, mən deyə bilərəm ki, bizim jurnalistikamızda yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə azalıb. Bunu cəmiyyət də, jurnalistlər də görür, əlbəttə ki, bu onların fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artırılması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar, amma ondan sonra o mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən düşəcək. Ona görə də jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi əlbəttə ki, diqqətə layiqdir və bu istiqamətdə hesab edirəm ki, son illərdə Azərbaycanda müsbətə doğru irəliləyiş var. Əlbəttə ki, jurnalistika nə qədər mümkündürsə obyektiv olmalıdır, çünki tam obyektivliyə nail olmaq da çətindir, hər bir insan istər-istəməz subyektivliyə də yol verir və jurnalistlər də istisna deyil. Ancaq bu böyük məsuliyyəti dərk edərək jurnalistlər üzərində çox böyük məsuliyyət var, onların sözü incidə də bilər, problem yarada da bilər və yaxud məsələni həll edə də bilər. Ona görə də xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir. Bu istiqamətdə son illərdə mən görürəm ki, Azərbaycan jurnalistikası daha da məsuliyyətli olub, daha da təmkinli olub, artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumatlara rast gəlmək olar, nadir hallarda insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar. Bu baxımdan bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədir və hesab edirəm ki, jurnalistikamızda bax bu istiqamətdə müşahidə olunan islahatlar gedir. Biz 90-cı illəri, o vaxt jurnalistikamızda hansı meyillərin hökm sürdüyünü yaxşı xatırlayırıq. O vaxt, deyə bilərəm ki, çox üzücü bir mənzərə ilə üzləşmişdik. Təhqir, böhtan və şər faktoru bəzi mətbuat orqanlarında əsas rol oynayırdı. Artıq bu istiqamətdə həm cəmiyyət, həm jurnalistikamız inkişaf edib, həm də hesab edirəm ki, bu gün jurnalistlərin məsuliyyəti yüksək səviyyədədir. Bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır”.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6872
GBP 1 İngilis funt sterlinqi 2.2933
TRY 1 Türk lirəsi 0.4802
KWD 1 Küveyt dinarı 5.6393
SEK 1 İsveç kronu 0.2115
EUR 1 Avro 2.0160
CHF 1 İsveçrə frankı 1.7595
USD 1 ABŞ dolları 1.7008