AZE | RUS | ENG |

İlham Əliyev: “AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı”

İlham Əliyev: “AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı”
"Bu gün partiyamızın qurultayı keçirilir. Qurultay ölkəmizin iqtisadi-siyasi həyatında əlamətdar hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Partiyamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir, 700 mindən çox üzvümüz var və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir”.
 
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.  
 
"Keçən ilin noyabrında biz partiyamızın 25 illik yubileyini qeyd etmişik. Bu 25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçib. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir. 1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı tarixi hadisə idi və 25 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük. O vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz Liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynayıb. Onu da biz yaxşı xatırlayırıq və əlbəttə partiya üzvləri bunu bilir, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəlib və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verilib. Ondan bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəmiz inkişaf yoluna qədəm qoydu. AXC-Müsavat cütlüyü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qayda-qanun yaradıldı, milli vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası bəyan edildi və bu gün də bizim əsas ideoloji dayağımızdır. Ölkə Konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi islahatlara start verildi, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi və ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı. Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olub. Çünki sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Məhz o illərdə - Ulu Öndər hakimiyyətə gələndən bir il sonra "Əsrin kontraktı” imzalanıb. Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktdır. Keçən ilin sentyabrında Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzində kontraktın 2050-ci ilə qədər uzadılması haqqında qərar verildi. Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcək”, - deyə o vurğulayıb.
 
Dövlət başçısı qeyd edib ki, həmin dövrdə Azərbaycana investisiyalar qoyulmağa və ölkəmiz sürətlə inkişaf etməyə başlayıb: "2003-cü ildən sonra da Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir. 2003-cü ildən bu günə qədər keçən dövr haqqında geniş danışmaq istəmirəm. Mən müntəzəm olaraq həm görülmüş işlərlə və həm də planlarla bağlı Azərbaycan ictimaiyyətinə məlumatlar verirəm. Sadəcə onu demək istəyirəm ki, bu illər Azərbaycanda sürətli inkişaf dövrü olmuşdur və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapıb”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000