• cümə, 29 Mart, 11:50
  • Baku Bakı 5°C

İlham Əliyev alternativsiz, yeganə güclü liderdir

13.06.13 08:51 4149
İlham Əliyev alternativsiz, yeganə güclü liderdir
Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayı, partiya sədrinin prezident seçkilərində namizədliyinin irəli sürülməsi, İdarə Heyətinin yeni tərkibinin müəyyənləşməsi, təşkilat rəhbərinə müavinlərin, həmçinin Siyasi Şuraya yeni üzvlərin seçilməsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov cavablandırır.
- Seymur müəllim, YAP-ın V qurultayı sizin üçün hansı hadisələrlə yadda qaldı?
- İyunun 7-də YAP-ın möhtəşəm qurultaylarından biri oldu. Ümumiyyətlə, bütün siyasi Azərbaycanın elitasına, siyasi məkanına nümunəvi bir qurultay keçirildi. Bu fikri həm təşkilati baxımından, həm də orada verilmiş olan mesajlara görə demək olar. Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan, hal-hazırda cənab İlham Əliyevin sədrlik etdiyi Azərbaycanın ən böyük siyasi təşkilatının - YAP-ın qurultayı başqa cür keçirilə bilməzdi. Bu qurultayda çoxsaylı gənclər də iştirak edirdilər. Əgər çıxışçıların kimliyinə baxsaq, gənclərə üstünlük verildiyinin də şahidi olarıq. Təşkilati məsələlərə baxıldıqda da yenə məhz gənclərə etimad göstərildi. Siyasi Şuraya yeni seçilmiş 15 nəfərdən elə 3 nəfəri partiyanın Gənclər Birliyinin üzvləridir. Həmin üç nəfər mənimlə bərabər, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədovdur. Bu şəxsən bizə olan böyük etimaddır, dəstəkdir. Biz bunu belə qiymətləndiririk. Ümumiyyətlə, qurultay nümayəndələrinin içində gənclər daha çox üstünlük təşkil edirdilər. Bu da bizim partiyanın sədrinin simasında gənclərə olan etimaddır, diqqətdir, qayğıdır. Qalan digər təşkilati məsələlər isə çox yüksək səviyyədə təşkil olunmuşdu. İnsanların ora gəlməsindən tutmuş, qurultayda iştirak, qeydiyyat məsələləri və qurultayın öz daxili prosedura qaydaları da hamısı nizamnaməyə, əsasnaməyə uyğun olaraq həyata keçirildi. Qurultayda Azərbaycan üçün xeyirli bir mesaj da o oldu ki, cənab prezident yenidən partiyanın sədri seçildi və o, xalqın istəyi, təkidi ilə prezidentliyə namizəd oldu.
Bildiyiniz kimi, obyektiv səbəblərdən partiyanın 4 sədr müavini postundan 3-ü boş idi. Ona görə də bu qurultayda partiya sədrinə millət vəkili Əli Əhmədovla yanaşı, daha 3 müavin seçildi. Onlar Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva, Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur. Hər üç şəxsin də YAP sədrinin müavinləri seçilməsi çox yüksək qiymətləndirildi. Mehriban xanım Əliyeva daim ölkəmizin çiçəklənməsi, Azərbaycanın mədəniyyətinin xaricdə təbliği, ölkəmizin Avropaya inteqrasiyası üçün mühüm işlər görür. O, ölkə daxilində həyata keçirdiyi xeyriyyə aksiyalarına, mədəniyyət nümayəndələrinə verdiyi dəstəyə görə çox tanınan və hər kəs tərəfindən sevilən bir şəxsdir. Mehriban xanımın cənab prezident İlham Əliyevlə birlikdə bu işləri görməsi, eyni zamanda partiyamızın yüksək orqanlarında təmsil olunması biz gənclər üçün də bir stimuldur.
- Siyasi Şuraya üzv seçiləcəyinizi əvvəlcədən ehtimal edirdinizmi?
- Açığı, nə mən, nə də müavinlərim bunu gözləmirdik. Qurultayda siyahı oxunana qədər bu, bizim üçün də sürpriz oldu. Bildiyim qədər bizə qədər olan əvvəlki qurultaylarda YAP Siyasi Şurasına gənc kimi deputat Siyavuş Novruzov seçilmişdi. Ondan sonrakı zamanlarda belə bir şey olmamışdı. Yəni, həmin vaxt təşkilati məsələlərə baxılmamışdı. Lakin indi üç nəfər gənclə bir yerdə Siyasi Şurada təmsil olunmaq, bizim üçün böyük uğurdur. Hansı mövqedən baxsaq bu, ölkə rəhbərinin, Azərbaycanın ən böyük partiyasının, siyasi elitasının, Azərbaycan liderinin gənclərə göstərdiyi diqqət və qayğıdır. Həm də bu bizdən sonrakı gənclərə bir stimuldur ki, çalışan və fəaliyyət göstərən gənclər hər zaman diqqət mərkəzində olacaq, onlar hər zaman qiymətləndiriləcəklər. Bütünlükdə Azərbaycan gəncliyinə bu, bir stimuldur, nümunədir. Arzu edirəm ki, özlərini demokratik dəyərlərin hamisi, müxalifət adlandıran partiyalarda da belə hadisələr baş versin. Yaxşı olar ki, onlar YAP-dan nümunə götürsünlər, gənclərə verilən diqqəti bizdən öyrənsinlər.
- Dövlət başçısı, YAP sədri İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinə müxalifət təmsilçiləri heç də birmənalı mövqe sərgiləmir, bu barədə müxtəlif fikirlər səsləndirirlər. Sizin bu kimi məsələlərə münasibətiniz necədir?
- Mənim bu məsələyə münasibətim birmənalıdır. Müxalifət partiyaları xalqın içində olmadıqları üçün bir çox məsələlərdən xəbərsizdirlər. YAP-ın qurultayına qədər ötən dövr ərzində regionlarda, hər bir yerli təşkilatlarda konfranslar keçirilib, təşəbbüslər irəli sürülüb, hazırkı dövlət başçısının namizədliyi dəstəklənib. Ümumiyyətlə, Azərbaycan xalqı, gəncliyi qurultay öncəsinədək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə öz təkliflərini göndəriblər. Bütün bunların nəticəsi olaraq, həmçinin indiki dövlət başçısının Azərbaycan üçün gördüyü işlər, o cümlədən ölkəmizin iqtisadi, siyasi, sosial, mədəni sahələrdə əldə etdiyi uğurlar, Azərbaycanın beynəlxalq nüfuzunun artması, daxili sabitlik və regionlarda dövlət proqramların uğurlu icrası nəzərə alınaraq qurultayda cənab İlham Əliyevin namizədliyi irəli sürüldü. Bu gün Avropanın, dünyanın bir çox ölkələrinin ən böyük problemlərindən biri lider problemidir. Liderləri olmadığı üçün qərara gəlib və yaxud da hər hansı bir nəticə əldə edə bilmirlər. Məhz bu səbəbdən dünyanın çox böyük dövlətləri iqtisadi inkişafla, sabitliklə bağlı proqramları uğurla icra edə bilmirlər. Yəni, onlar ancaq fikirləşirlər ki, necə edək, əlimizdəkiləri itirməyək, heç olmasa onları sabit saxlayaq. Azərbaycan isə bütün bu hadisələrin fonunda yalnız və yalnız inkişaf yolundadır.
Ölkəmizin 2020-ci ilə qədər inkişaf planı qurulub. Bunlar hamısı onu göstərir ki, Azərbaycan düzgün yoldadır, düzgün idarə olunur və vətənimizin gələcəyi parlaqdır. Azərbaycanı xoşbəxt gələcəyə aparacaq şəxs isə cənab İlham Əliyevdir. Bayaq sadaladığım bütün uğurlu işlərin hamısı birbaşa onun rəhbərliyi, nəzarəti altında həyata keçirilir. Ona görə də bu xalq, bu millət cənab İlham Əliyevi yenidən namizədliyini irəli sürüb. Biz bilirik və qəti əminik ki, məhz xalqın namizədi, cənab İlham Əliyev bu seçkilərdə də qalib gələcək, növbəti 5 ildə Azərbaycanı daha da inkişaf etdirəcəkdir.
- Sizcə, YAP-ın gələcək perspektivdə prioritetləri nələr olacaq?
- YAP-ın builki devizi - Güclü lider, güclü Azərbaycan!, - idi. Gələcəkdə isə Azərbaycanın regiondakı liderliyinin daha da böyüməsini, digər regionlara qol-qanad açmasını istəyirik. İkincisi, istəyirik ki, Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlayaq. Azərbaycanın gələcəyi, bundan sonrakı dövrləri üçün güclü təməllərlə qurulmuş siyasi-iqtisadi bir sistemi yaşadaq, bunun davam etdirilməsi üçün əldəki imkanlardan maksimum yararlanaq. Neft sektoru ilə yanaşı, qeyri-neft sektorun da paralel şəkildə inkişafını təmin edək. Digər məsələlər, Azərbaycanda gənclər siyasəti, təhsil, elm və sair sahələrin inkişaf etdirilməsidir. Xüsusilə də təhsil sahəsində gənclərin daha çox bu işlərə cəlb edilməsi, daha yaxşı formada yetişdirilməsidir. Regionlarda aparılan işlərin daha da sürətlənməsi və nəzərdə tutulduğu kimi regionlarla paytaxt arasındakı iqtisadi, mədəni fərqin minimuma yaxınlaşdırılmasıdır.
- YAP-ın V Qurultayı ilə eyni gündə müxalifət təmsilçilərinin təsis etdiyi Milli Şura da ilk yığıncağını keçirdi və qeyd olundu ki, bu, sırf təsadüfdür. Siz müxalifətin hakim partiya ilə eyni gündə belə bir tədbir keçirməsini təsadüf sayırsınızmı?
- Onlar deyir təsadüfdür, amma mən düşünürəm ki, bunu məqsədli şəkildə bilə-bilə edirlər. Guya, bununla diqqət çəkir, yaxud nümayiş etdirirlər ki, bizim də elə iqtidar kimi gücümüz var. Lakin tarix, zaman göstərib ki, onların ətrafında olan insanlar çox az saydadır. Onların elektoratları, dəstək verənləri yoxdur. Özlərini müxalifət adlandıran bu partiyalarda, birliklərdə bu və ya digər formada hər hansı bir işdən qovulmuş, yaxud vaxtı keçmiş, perspektivi olmayan, ancaq quru söz yığnağından başqa heç bir əhəmiyyətli fikir bildirməyən, Azərbaycanın regionlarını, onun insanlarını yaxından tanımayan adamlar yığılıb. Sonra da özlərini ziyalı adlandırıb bir Milli Şura təsis ediblər və bəyanat da verirlər ki, müxalifətin budəfəki birliyi mütləq nəticə verəcək. Mən bütün bunları sadəcə Azərbaycanda yaranmış demokratik şəraitin göstəricisi kimi qəbul edirəm. Yəni, hər kəs sərbəst şəkildə öz fikrini bildirir, müxtəlif partiya və təşkilatlar yaradır, hətta seçkilərə qatılıb siyasi hakimiyyət uğrunda mübarizə aparır. Ancaq Milli Şuradakıların hər hansı nəticə əldə edəcəklərinə qəti inanmıram. Onların verdiyi vədlər, səsləndirdikləri gurultulu bəyanatlar hamısı elə nağıl kimi yadda qalacaq, Azərbaycan xalqı onlara heç vaxt etimad göstərməyəcək. Milli Şuranın hər hansı bir üzvü nəinki prezident, heç kənd bələdiyyəsinə sədr belə seçilə bilməyəcək. Bu mümkün olası iş deyil. Ona görə də yalandan vədlər verməyin, yaxud hər hansı xarici qüvvəyə arxalanıb iddialar səsləndirməyin heç bir əsası, məntiqi məramı yoxdur.
- Bir müddət əvvəl müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi üçün İctimai Palata adlı bir qurum təsis olundu və Azərbaycan Xalq Cəbhəsi, Müsavat partiyaları da bu birliyə qoşuldu. Lakin həmin partiya liderlərinin bir-birinə güzəştə getməməsi üzündən gözlənilən ümidlər doğrulmadı. İndi isə özlərini demokratik qüvvələr adlandıran müxalifət təmsilçiləri Milli Şura yaradıb bir araya gəliblər və vahid namizədi müəyyənləşdirəcəklərini bildirirlər. Sizcə, onlar bu dəfə vahid namizədlə bağlı ortaq fikrə gələ biləcəklərmi?
- Biz neçə ildir bu cür eyni prosesləri müşahidə edirik. Yəni, hər prezident seçkilərində müxalifət liderləri, xüsusən də AXCP və Müsavat Partiyası sədrləri ümumi dil tapmır, razılığa gələ bilmirlər. İctimai Palata və ona qədər olan digər birliklər də məhz bu səbəbdən parçalanır. Son olaraq İctimai Palatada Müsavat başqanı ümumi toplantının qərarını gözləmədən öz namizədliyini irəli sürdü. İndi isə həmin adam Milli Şurada təmsil olunur və guya ki, vahid namizəd kim olacaqsa, onu dəstəkləyəcəyini bəyan edir. Halbuki, bu günə qədər onun hərəkətləri, söylədiklərini təkzib edir. Bu, bir insanın necə ziddiyyətli danışdığından və qeyri-ciddi olduğundan xəbər verir. İctimai Palatadan əvvəl isə istər AXCP sədri olsun, istər Müsavat başqanı olsun həmişə deyirdilər ki, biz niyə vahid namizədlə getməliyik, ən yaxşısı fərdi halda mübarizə aparmaqdır. Bu cür mövqesizlik xalqın onlara inam bəsləməməsi üçün bir əsasdır. Azərbaycan xalqı onları heç vaxt ciddiyə almayıb və almayacaq da.
- Müxalifət təmsilçiləri ehtimal edirlər ki, Milli Şuranın vahid namizədi kinorejissor Rüstəm İbrahimbəyov olacaq. Belə olduğu halda, o, Prezident İlham Əliyevə alternativ bir qüvvə ola bilərmi?
- Bu gün Azərbaycanda nə YAP-a, nə də onun sədrinə, yaxud dövlət başçısı İlham Əliyevə alternativdən söhbət gedə bilməz. O, hal-hazırda alternativsiz, yeganə güclü liderdir. Rüstəm İbrahimbəyov kimi 100 nəfər də gəlsə, birləşsə, yenə də cənab prezidentlə heç müqayisə edilə bilməz. Bir qurumun ki, lideri, vahid namizədi heç ölkəmizdə yaşamayan, Azərbaycan dilində danışmağı bacarmayan, daha çox ermənipərəst mövqeyi ilə tanınan bir insandırsa, onda həmin təşkilatın perspektivindən söhbət gedə bilməz. Rüstəm İbrahimbəyov əvvəllər yaxşı kinorejissor olub, yaxşı filmlər çəkib. Amma artıq indiki yeni texnologiya və sair onu göstərir ki, Rüstəm İbrahimbəyov o zaman üçün yaxşı kinorejissor olub. Hal hazırda bu adam öz kinorejissorluq fəaliyyətini belə yerinə yetirə bilmirsə, 70 yaşından sonra siyasətə qoşulursa, ondan heç bir uğur gözləməyə dəyməz. Rüstəm İbrahimbəyov vaxtıilə iki kino çəkib deyə, nə Azərbaycanda qəhrəman olası deyil, nə də xalq tərəfindən seviləsi deyil. Onun açıqlamalarını, ermənipərəst mövqeyini hamı bilir. Bu səbəbdən də düşünmürəm ki, xalqımız heç vaxt anti-milli qüvvələri dəstəkləməyəcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər