İldırım vurması nəticəsində qatarların hərəkəti dayandırılıb

İldırım vurması nəticəsində qatarların hərəkəti dayandırılıb

Kriminal
24 Sentyabr 2012, 12:40 1177
Bu gecə Azərbaycan ərazisində ildırım vurması nəticəsində dəmir yolu qatarlarının hərəkəti dayandırılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Dəmiryol İdarəsindən məlumat verilib.
Biləcəridən Hacıqabul istiqamətində hərəkətdə olan yük vaqonlarını daşıyan elektrovozu Hacıqabulun Pirsaat kəndi ərazisində ildırım vurub. Nəticədə dəmir yolunun elektrik xəttində enerji kəsilib. İki saatdan çox hər iki istiqamətdə qatarların hərəkəti dayanıb.
Bundan başqa «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, Qazax-Bakı, Böyük Kəsik-Bakı, Balakən-Bakı, Ağstafa-Bakı və s. istiqamətdə sərnişin və yük qatarlarının hərəkəti iki saatdan çox dayandırılıb. Gecə saat 03:30 radələrində qatarların hərəkəti bərpa olunub. Nəticədə, bütün qatarlar Bakıya gecikmə ilə gəlib. Böyük Kəsik-Bakı və Qazax-Bakı qatarları isə hələlik Bakıya çatmayıb. QSC-dən verilən məlumata görə, Böyük Kəsik-Bakı qatarı Bakıya 09:20-də, Qazax-Bakı isə 09:50-də çatmalı olduğu halda, bu qatarlar Biləcəri stansiyasına yalnız 14:30-da çatıb və təqribən 15:00-da həmin qatarlar təyinat məntəqəsində olacaq.