• çərşənbə axşamı, 16 aprel, 08:54
  • Baku Bakı 14°C

“İkram Rəhimov hadisəsi”nin iflasa uğratdığı klub

15.02.19 18:30 757
“İkram Rəhimov hadisəsi”nin iflasa uğratdığı klub
Jurnalistikadan sui-istifadə edən və "reket” yolu ilə ayrı-ayrı şəxslərdən pul tələb edən "reallıq.info” xəbər saytının rəhbəri İkram Rəhimovun əməlləri ortadadır. Bu adam sırf "reket”liklə məşğul olub, Azərbaycan jurnalistikasının adına ləkə gətirib. Dövlət Təhlükəsizlik Xidmətinin İ.Rəhimovla bağlı yaydığı lent yazılarından sonra artıq heç kimdə bu məsələ ilə əlaqədar şübhə qalmayıb. Hətta köhnə dostları, həbsdən əvvəl ona hərtərəfli dəstək verənlər - Media Klubunda təmsil olunanlar da susqunluq mövqeyinə keçiblər, düşdükləri vəziyyətdən necə çıxmaq haqqında planlar qururlar. Özlərini elə göstərirlər ki, sanki dünənədək ona dəstək verməyiblər, öz şəbəkələrinə daxil etməyiblər, onunla "mübarizə” yoldaşı olmayıblar. Bu cür əməl sahibini Media Klubunun tədbirlərinə dəvət edəndə, İ.Rəhimovun dələduzluq, şantaj, böhtan yolu ayrı-ayrı insanlardan pul tələb etməsini bilmirdilərmi? Əlbəttə ki, bilirdilər. Lakin klubun həmtəsisçiləri İ.Rəhimovun nə etdiyini ona görə göz ardına vururdular ki, öz şəxsi maraqları naminə ondan istifadə etsinlər. Sonra da bunu söz və mətbuat azadlığı, demokratiya adı ilə bixəbər olanlara sırıyırdılar.
Lakin aparılan araşdırmalardan sonra İ.Rəhimovun əməllərinin sübutu olan və ictimaiyyətə açıqlanan səs yazısı klubun üzvlərini çox çətin vəziyyətə saldı. İndi onlar üçün bu vəziyyətdən çıxmaq da çətindir. Özü də hamıya məlumdur ki, Media Klubunda təmsil olunanlardan "reket”liklə məşğul olan təkcə İkram Rəhimov deyil. Ümumiyyətlə, bu hadisə, yəni İ.Rəhimovun həbsi, DTX-nın yaydığı səs yazıları həm də klubun iflası kimi dəyərləndirilməlidir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirdi ki, "reketçiliy”in Azərbaycan jurnalistikasında inkişaf etməsi ilə bağlı müxtəlif səbəblər göstərilir: "Bu səbəblərdən biri də "reket”lərin müxtəlif qruplar tərəfindən himayə olunmasıdır. Belə himayəçilər içərisində məmurlar, xaricdən olan şəbəkələr və eləcə də, daxildən dəstək verənlər də var. Yəni bunlar çoxçeşidlidir. Cəmiyyəti çaşdırmamaq üçün onu deyək ki, bir var, onlara himayəçilik edib, şərik olanlar, bir də var, bu adamlardan müxtəlif məqsədlər üçün istifadə edənlər. Tutaq ki, İkram Rəhimov nümunəsini deyiriksə, iddia etmirəm ki, ona dəstək verənlər onun pul ortağıdırlar və ya kimi isə şantaj ediblər və onu pul almaq üçün göndəriblər. Amma söhbət ondan gedir ki, hər kəs öz marağı çərçivəsində bunları himayə edir. Məsələn, hesab edək ki, Media Klub İkram Rəhimovdan istifadə edirdi. Tutaq ki, kluba toplaşanlar vaxtı ilə özləri Mətbuat Şurası ilə problemlər yaradıblar və Şuradan xoşları gəlmir. Deyək ki, bunlar Mətbuat Şurasını gözdən salmaq üçün, məsələn, İkram kimi adamdan istifadə edirlər”.
M.Ələsgərli vurğuladı ki, əslində, Mətbuat Şurasının İkram Rəhimovla problemi olmayıb: "Vətəndaşlar adi qaydada ondan Mətbuat Şurasına şikayət ediblər və məsələyə baxılıb. Bu adam da çıxılmaz duruma düşüb və görüb ki, onun əməlləri ifşa olunur. Belə bir məqamda İkram özünə himayəçi axtarıb. Axtarışların nəticəsi olaraq da Media Klub İkram Rəhimova arxa çıxıb və himayəçilik edib. Klubunda da məqsədi qrup və şəxsi marağı yerinə yetirmək üçün bu kimi adamlardan istifadə etmək olub. Əslində İkram kimi adamlar da qarşılığında onlardan istifadə edib. Bu cür hallar isə yolverilməzdir və xoşagələn hal deyil. Media Klubu bilməlidir ki, öz şəxsi maraqlarını həyata keçirmək üçün belə adamlara dəstək verirlərsə, deməli, bununla Azərbaycan cəmiyyətinə və mediasına problem yaratmış olurlar. Sirr deyil ki, onlar zaman-zaman İkram Rəhimova çox ciddi şəkildə informasiya dəstəyi veriblər. Onun məsələsi istər Mətbuat Şurasında müzakirə olunanda, istərsə də hüquq-mühafizə orqanları tərəfindən araşdırılanda məhz Media Klubu İkram Rəhimova dəstək verib. Onların bu dəstəyi özlərinin qəzetləri, eləcə də müxtəlif şəxslərin açıqlamaları vasitəsilə ediblər. Həmin o açıqlamaların linkləri, arxivləri bizdədir və istənilən vaxt onları təqdim edə bilərik. Belə hadisələrə yol vermək olmaz. Bunlar dərk etməlidirlər ki, əgər maraqları varsa, bunu qanunsuz əməllər üzərindən icra etməməlidirlər. Yəni qanuna zidd əməllərin sonu yoxdur. Media Klubu öz maraqlarını dirçəltmək, belə deyək, şəxsi maraqlarına çatmaq üçün bu cür adamlarla şərik oldu, qanunsuz əməllərdən istifadə etdi. Buna görə də, nəticə etibarı ilə özləri də iflas etmiş oldular. Əslində bu, Azərbaycanda "reket” jurnalistlərdən istifadə edənlərə bir nümunə olmalıdır. Görməlidirlər ki, Azərbaycanda həm Mətbuat Şurası, həm qanunvericilik, həm də hüquq-mühafizə orqanları belə qanunsuz, çirkin hallara qarşı ciddi mübarizə aparır. Ümumiyyətlə, belə hərəkətlərin sonu yoxdur, ona görə də digərləri də Media Klubunun aqibətindən nəticə çıxartmalıdır”.
AZAD
banner

Oxşar Xəbərlər