• cümə axşamı, 28 mart, 14:56
  • Baku Bakı 16°C

İkiyə bölünən erməni cəmiyyəti

25.12.20 15:37 964
İkiyə bölünən erməni cəmiyyəti
Və yaxud 30 illik millətçi ideologiya necə puç oldu?

Yerevanda, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin etiraz aksiyaları davam edir. Etirazçılar kapitulyasiya sənədinə imza atan hakimiyyətin getməsini tələb edir, hakimiyyət tərəfdarları isə onun qalmasında israrlıdır. Ermənistanın qarşısında duran, sözsüz ki, ən ciddi problem cəmiyyətin ikiyə bölünməsidir. Nikol Paşinyanın matəm mərasimini qeyd etmək üçün Erablur hərbi panteonuna getməsi cəmiyyətin nə qədər qütbləşdiyini üzə çıxardı. Müharibədə yaşanan dəhşətli məğlubiyyət erməni insanını elə bir düşkünlüyə gətirib çıxarıb ki, bundan uzun müddət özünə gələ bilməyəcək. Gözləmək olardı ki, xəstə təfəkkürlü cəmiyyət bu məğlubiyyətdən nəticə çıxaracaq və anlayacaq ki, başqasının torpağında xoşbəxt yaşamaq uzunmüddətli ola bilməz. Lakin keçirilən aksiyalar göstərdi ki, cəmiyyət nəinki bundan dərs çıxarıb, əksinə, hakimiyyəti məğlubiyyətlə üzləşdiyi üçün ittiham etməyə çalışır. Ən fəlakətli odur ki, iki il bundan əvvəl "xalqın baş naziri” kimi elan etdikləri Nikol Paşinyanı indi xəyanətdə, düzgün xarici siyasət qurmamaqda ittiham edir.
İki il bundan əvvəl küçədən hakimiyyətə gələn Nikola dəstək verənlər indi onu xəyanətkar adlandırır. Baş nazirin təhlükəsizlik xidməti "xalq baş nazirini” dəbilqə, gülləkeçirməz şitlərlə qorumalı olur. Bəli, bu, erməni xalqının faciəsidir. Əhali hesab edir ki, baş nazir verdiyi vədlərin nəinki heç birini yerinə yetirmədi, əksinə, problemləri daha da dərinləşdirdi. Baş nazir bildirirdi ki, vendetta olmayacaq, lakin bu davam edir. O, birlik vəd edirdi, əvəzində cəmiyyəti "ağlara” və "qaralara” böldü, vəd edilən ümumi sevgi və birlik əvəzinə nifrət hissini aşılamağa başladı, investisiyalar vəd edirdi, lakin onlar olmadı. Əcnəbi casuslar haqqında danışırdı, lakin heç bir ad çəkmədi. Erməni şərhçiləri qeyd edir ki, indiki yürüş və mitinqlər təşkilatçılıq baxımından 2018-ci ildəkilərə bənzəmir. Milyarder Qaqik Çarukyan mitinqlərdə iştirak etmək üçün avtobuslarla insanları cəlb edir, hakimiyyətyönümlü biznesmenlər isə öz əməkdaşlarını Respublika meydanına gətirir. Aydın olur ki, baş verən bütün hallar siyasi və iqtisadi böhranla davam edən hakimiyyət uğrunda mübarizədən başqa bir şey deyil.
Sözsüz ki, bu gün Ermənistanda baş verənlərin əsas səbəbi odur ki, millətçi ideologiya uğursuzluğa düçar oldu. Keçən illər ərzində erməni millətçiləri müharibələrin qızışdırılması istiqamətində əvəzsiz "xidmətlər” göstərdilər. Rusiyanın "Vestnik Kafkaza” portalı erməni millətçiliyinin köklərini araşdırmağa çalışıb. Müəllif yazır ki, hər şey 1987-ci ildə, Yerevanda millətçi əhval-ruhlu ziyalıların "Qarabağ” komitəsində birləşməsi ilə başladı. Məramları da Dağlıq Qarabağ Muxtar Respublikasını Azərbaycan SSR-in tərkibindən çıxarmaq və referendumla Ermənistan SSR-yə birləşdirmək idi. Və bu zaman burada yaşayan azərbaycanlıların mövqeyi plebisçit tərəfdarlarını heç maraqlandırmırdı. Bütün bunların məramı da dövlət quruluşunu dağıdılması idi. Referendum ideyasını o zaman erməni millətçiliyinin ideoloqlarından olan Zori Balayan irəli sürürdü. Utanmadan, sıxılmadan ermənilərin digər xalqlar üzərində üstünlüyünü elan edir, Böyük Qafqazın erməniləşdirilməsi və türklərdən qisas alınmasını təbliğ edirdi. Müasir Ermənistan "balayanovşina” Qaregin Njdenin çexakronizm ideyasının bərpası ilə güclənməyə başladı. Və burada düşmən, tək türkdilli xalqlar deyil, faşist ideyasını qəbul etməyən ermənilər də elan edilirdi. Balayan və onun tərəfdarlarının referenduma dəstək üçün topladıqları imzaları o vaxtkı Sov. İKP rəhbərliyinə təqdim etdilər. O zaman bu mənfur ideyalar Mixail Qorbaçov və onun iqtisadi məsələlər üzrə köməkçisi Abel Aqanbekyan tərəfindən dəstək tapdı. Məhz Aqanbekyanın köməyi ilə 1988-ci ilin fevralında Zori Balayan və daha bir erməni ideoloqu Silva Kaputikyan SSRİ-nin baş katibi ilə görüşməyə müvəffəq oldular. Buna qədər isə "yerlərdə” hadisələrin gedişi sürətlə inkişaf edirdi.
1987-ci ilin noyabrında ekstremistlər azərbaycanlıların kompakt halda yaşadıqları Ermənistan SSR Qafan rayonundan azərbaycanlıları qovmağa başlamışdılar. Hakimiyyət orqanları iddia edirdilər ki, etnik azərbaycanlılara qarşı zorakılıq tətbiq etməyiblər – "onlar nədənsə çıxıb getdilər”. Halbuki, az sonra Qafan partiya komitəsinin katibi Armais Babayan bildirmişdi ki, 2 min azərbaycanlı rayonu tərk edib gedib. Lakin azərbaycanlıların kütləvi şəkildə buranı tərk etmələri barədə xəbəri "şayiə” və "təxribat” adlandırıb. Və bu şayiələri kimin yaydığı və təxribatların kimin təşkil etdiyini söyləmək artıqdır. Ermənistandan gələn qaçqınları əsas etibarilə Sumqayıtda yerləşdirirdilər. Şəhərə hər gün Ermənistan və Dağlıq Qarabağdan azərbaycanlıların qovulması barədə xəbərlər gəlirdi. Bütün bunlar da sonda 1988-ci ilin Sumqayıt hadisələrinin törənməsinə gətirib çıxardı. Və sonradan təsdiq olundu ki, bu hadisələr əvvəldən ermənilər tərəfindən ssenariləşdirilib. Sumqayıtda 32 nəfər öldü ki, onlardan altısı azərbaycanlı idi. İstintaq materiallarında daimi olaraq "şəxsiyyətləri müəyyən olunmayan şəxslər”dən söhbət gedirdi. Sumqayıt hadisələri erməni separatçılarına ağlasığmaz dərəcədə dividentlər gətirdi və onlar illər uzunu bundan Azərbaycana qarşı informasiya müharibəsində istifadə etdilər. Növbəti faciəvi tarix 1990-cı ilin 20 yanvarında oldu. O zaman SSRİ rəhbərliyinin əmri ilə Bakıya qoşun yeridildi. Bir gün ərzində 131-171 nəfər arası həlak oldu, 750 nəfər yaralandı. Onlar ən müxtəlif xalqların nümayəndələri - ruslar, yəhudilər, azərbaycanlılar idi. "Vestnik Kafkaza” yazır ki, sonralar erməni mənşəli şahmatçı Harri Kasparov etiraf etmişdi ki, Bakıdakı hadisələrin səbəbkarı SSRİ DTK-sı idi. Məqsəd də xalqlar arasında təfriqə yaratmaq idi: "Sumqayıt və Bakıda baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını mümkünsüz etdi. Birinci Qarabağ müharibəsinin ən faciəli səhifəsi Xocalıdakı hadisələr oldu. Erməni millətçiləri 366-cı motoatıcı alayının dəstəyi ilə şəhəri dörd tərəfdən mühasirəyə alıb güclü top atışından sonra məhv etdilər, nəticədə yanmış Xocalını ələ keçirdilər. Ölümdən qaçan sakinlər dağlara qaçmağa məcbur oldular. Bu, əsl bir soyqırımı idi: bir çox insan diri-diri yandırıldı, bəzilərinin başları kəsildi, kiminsə gözləri çıxarıldı, qulaqları kəsildi, hamilə qadınların bədənində zorakılıq əlamətləri var idi. Lakin Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirənlər nəinki cəzalandırılmadılar, əksinə, sonralar yüksək vəzifələrdə çalışdılar”.
Qeyd edilir ki, Ermənistan hakimiyyət orqanlarının vicdanında dağıdılan şəhərlər, kəndlər, azərbaycanlılara nifrət və onlardan düşmən obrazı yaratmaq kimi mənfur bir siyasət var. "Ən əsası on minlərlə öldürülən azərbaycanlı və erməni var. Təkcə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2802 və Ermənistanın 3248 hərbçisi ölüb. Bundan əlavə, Birinci Qarabağ müharibəsi ilə təxminən otuz illik atəşkəs pozuntularının nə qədər həyatını itirdiyini hesablamaq çətindir. Birinci Qarabağ müharibəsinin faciəsi və keçən 30 illik işğal siyasəti faktiki olaraq Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini qaçılmaz etdi. Erməni millətçiliyinin ideoloqlarının janr böhranı başladı, erməni mifi darmadağın edildi”, - deyə nəşr yazır.
Bu gün Ermənistanda sual verirlər - cəmiyyətin qütbləşməsindən necə qaçıla bilər? Çünki, belə getsə, bu qütbləşmə milli miqyasda fəlakətə gətirib çıxara bilər. Böhranlı vəziyyətdən necə çıxmaq olar? Paşinyan istefaya gedəcəkmi? Gedəcəksə, onu kim əvəzləmək istəyəcək? Hələ ki, heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir. Hələ ki, Ermənistanda millətçi mifologiyadan başı dumanlanmayan, kökdən dəyişə biləcək az adam var. Ölkədə hələ də, təbliğat institutları fəaliyyət göstərir və yalan xəritəsini yaymaqla məşğuldurlar. Hələ də, türkofobiya xəstəliyinə tutulanlar və Qaregin Njde ideologiyasına üstünlük verənlər çoxluqdadır. Onun "təliminə” görə, gənc ermənilər "erməni məsələsini” həll etmək üçün özlərində sərhədsiz vətənpərvər hissləri yaşatmalıdırlar. "Lakin "erməni məsələsi”- biznesdir, intellektual və mədəni təbəqədir, bir çox insanların iqtisadi rifahı məhz ondan asılıdır. Bu səbəbdəndir ki, ondan bərk-bərk yapışıblar”. Bu fikirlərin müəllifi ABŞ-ın Lixays universitetinin professoru, erməni siyasi analitiki Armen Qriqoryandır. Artıq tam aydınlığı ilə demək olar ki, "Qarabağ” komitəsinin 30 illik siyasətinin əsas yekunu "njdeizm” ideologiyasının və aqressiv siyasətin iflası ilə nəticələndi. Və yeni erməni liderlərinin yalnız bir yolu var - regionun böyük iqtisadi layihələrinə inteqrasiya.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər