• cümə axşamı, 18 aprel, 07:16
  • Baku Bakı 12°C

İkinci növ Avropa

16.04.15 05:35 1321
İkinci növ Avropa
Polşanın “Rzecpospolita” qəzetində Yedjey Beleçiskinin Avropa ölkələrinin hazırkı vəziyyəti haqqında “İkinci növ Avropa” başlıqlı məqaləsi dərc olunub. “Kaspi” qəzeti yazının tərcümə variantını təqdim edir.
Artıq gözəl həyatın olduğu Fransa yoxdur. İspaniyada insanların yaşam tərzi idealdan çox uzaqdır. İqtisadi böhran Avropada insanların həyat tərzini köklü şəkildə dəyişib. Qida məhsulları, xidmət, əmək standartları və insanların mənzil ilə təminatı getdikcə ağırlaşır. Artıq keçmiş gözəl günləri qaytarmaq mümkün olmayacaq.
İspanlar yaxşı yeməyi çox sevirlər. Dostlar arasında yemək məclisləri, əyləncə onların əsas həyat tərzidir. Lakin böhrandan çıxan İspaniyada indi belə dəbdəbəli məclisləri çox insanlar təşkil edə bilmir. Braziliyada uzun müddət yaşayan tanışım Konçita Fernandez bura qayıtdıqdan sonra öz doğma vətənini sanki yenidən kəşf edir. O deyir ki, əvvəllər İspaniyada dayanacaqlarda olan yeməkxanalar çox vaxt boş olurdu: “Çünki insanlar daha bahalı restoranlarda dadlı yeməklər yeməyə üstünlük verirdilər. Amma hazırda ispanlar daha çox kiçik yeməkxanalarda sendviç yemək məcburiyyətində qalıblar”.
Hazırda Madrid və Barselonanın bahalı restoranlarında xidmət üsulları da dəyişib. Əvvəllər belə restoranlarda yalnız menyü ilə sifariş etmək olurdu. Lakin hazırda bir çox restoranlarda insanlar “günün yeməyi”ni sifariş edirlər. K.Fernandez əlavə edir ki, artıq ispanlar bahalı restoranlarda yemək yeyə bilmədiklərinə görə, bu cür vasitələrdən istifadə edir və özlərini orta təbəqəli insanlar kimi hiss edirlər.
“Mətbəx inqilabı” artıq ispan məktəblərinə də çatıb. İspan valideynlər uşaqlarına evdə yemək hazırlamağı gün ərzində məktəbdə pulla verilən nahardan daha üstün tuturlar. Ad günləri daha çox evdə, sadə keçirilir.
Artıq ispanlar öz tətillərini iqtisadi böhrandan əvvəlki kimi keçirmirlər. Madrid şəhərində yerləşən Baraxas aeroportu ürək açmayan statistika açıqlayıb: sərnişinlərin xaricə səfərləri 20 faiz azalıb; insanlar artıq aylıq deyil, maksimum iki həftəlik tətillər götürürlər; Keniya və yaxud Tailandın yerinə onlar İspaniyanın bölgələrində dincəlməyə üstünlük verirlər; ispanlar hətta otellərdə deyil, çox vaxt qohumlarının evlərində qalırlar. İnsanlar tətil üçün istədikləri şəhərlərin yerinə daha münasib olan bölgələri seçirlər. Artıq onlar öz arzularının arxasınca getmirlər.
Əvvəlki illər ispanlar üçün çox ağır keçib. “Röyters” agentliyinin verdiyi məlumata görə, 2008-ci ildən bəri İspaniyada əhalinin illik gəliri 25 faiz azalıb. İndiyədək əhalinin 25 faizi (bu göstərici gənclərdə 50 faizdir) işsizdir. Düzdür, İspaniya dövləti mühafizəkar lider Mariano Rahoyun islahatları sayəsində müflis olmaqdan qurtula bilib. Amma hazırkı İspaniya iqtisadi böhrandan əvvəlki dövlət deyil: ölkə əhalisi daha kasıbdır və onlar daha aşağı həyat şəraitində yaşayırlar.
Brüssel Azad Universitetinin professoru Andre Sapir bildirir ki, artıq keçmiş günləri və həyat tərzini geri qaytarmaq mümkün olmayacaq: “Birincisi, inkişaf etməkdə olan Çin və Hindistanın uğurlu siyasi və iqtisadi islahatları nəticəsində bu dövlətlər artıq Avropa Birliyinə rəqib olub. İkincisi, texnoloji inkişaf əmək şəraitini köklü surətdə dəyişib. Üçüncüsü, Avropa cəmiyyətinin yaşlanması sosial müdafiə sisteminin böhranına gətirib çıxarıb. Avropa Birliyi hazırda bu üç faktorla mübarizə apara bilmir”.
Belçika elitasının nümayəndəsi olan professor keçmişdə inkişaf edən, lakin hazırda kasıbçılığın simvoluna çevrilən Şarlerua şəhərinə getməyi məsləhət görmür. A.Sapir tanışların həyat tərzində dəyişiklik olduğunu da qeyd edir: “Artıq insanlar “Carrefor”, “Delhaize” kimi brend mağazalarının deyil, “Lidl”, “Aldi”, “Colruyt” kimi dəbdəbəli olmayan şirkətlərin mallarını alırlar. Hamı öz pulunu daha qənaətcil xərcləyir, öz işini itirməkdən qorxur və çox vaxt kredit götürmür”.
Avropa Birliyi hər gün Çindən təxminən bir milyard dollarlıq məhsul idxal edir. Bu məbləğ Avropa Birliyinin Çinə göndərdiyi malların dəyərindən iki dəfə çoxdur. Avropa ölkələrinə çox vaxt aşağı səviyyədə olan məhsullar idxal edilir. Belə mallar daha çox aşağı səviyyəli mağazalarda satılır. Avropaya daxil olan saxta malların üçdə ikisi Çin tərəfindən istehsal olunur. Çin məhsulları Avropa Birliyində yaşayan insanlar üçün xüsusi əhəmiyyət kəsb edir. Yoxsullaşmış əhali bu məhsullara görə yüksək səviyyədə yaşadığını hiss edir.
Əsas problem məhsulların keyfiyyəti ilə bağlıdır. Həm aşağı, həm də yuxarı qiymətli məhsulların keyfiyyətində böyük problemlər mövcuddur. Misal üçün, “Nokia” markalı telefonlar əvvəllər uzun müddət ərzində istifadə olunurdusa, hazırkı smartfonlar yalnız bir il müddətində işlədilə bilər. Fransanın məşhur diyircəkli qələm şirkəti öz məhsullarını xaricə bazarlara çıxarmağa başlayıb. Lakin qələmin keyfiyyəti barəsində böyük suallar mövcuddur. Həmçinin Avropa şirkətləri tərəfindən istehsal olunan paltarların keyfiyyətində də problem mövcuddur. Hazırkı məhsullar bircə dəfə yuyulduqdan sonra istifadəyə yararsız olur.
“France 2” kanalında yayımlanan “Envoye Special” proqramında Avropa ölkələrində istehsal olunan paltaryuyan və qabyuyanların yarım ildən sonra yararsız halda olduğu göstərilib. Belə malların istehsal olunmasının birinci səbəbi insanları yeni malların alınmasına təşviq etməkdir. Digər səbəb isə iqtisadi böhran şəraitində şirkətlərin məhsullara daha az vəsait xərcləmək istəməsidir. Kasıb təbəqənin ala bilməsi üçün belə məhsullar daha aşağı qiymətə satılır.
Avropa bazarlarında balıq məhsullarının keyfiyyətində də problemlər mövcuddur. Norveçdən idxal olunan qızıl balığı almaq bir çox insan üçün böyük dəbdəbədir. Qızıl balığı idxal edən şirkət onun içinə xüsusi məhlul əlavə edir. Bununla da balığın çəkisi çox görünür. Bunun nəticəsində Avropa ölkələrində bir çox ailə qızıl balıq almaq imkanına malik olur. Lakin insanlar balığı aldıqdan sonra onun dadında dəyişiklik olduğunu hiss edirlər. Xüsusi məhlullar əlavə edilmiş qızıl balıqlar əvvəlkilərin dadını vermir.
Avropa Birliyinə daxil olan ölkələrdə əhalinin həyat tərzi yavaş-yavaş daha da aşağı düşür. Professor A.Sapir qeyd edir ki, Avropa Birliyi keçmiş gücünü qaytara bilər: “Lakin bunun üçün sərt iqtisadi islahatlar keçirmək lazımdır. Amma hazırda yaşlı nəslin sayının artdığı Avropa Birliyi bu cür islahatlara hazır deyil. Çünki yaşlı nəsil ilk növbədə öz sosial imtiyazlarını qorumağa çalışır”.
Polşanın paytaxtı Varşavadan cənubda yerləşən Vilyanuv şəhərciyində iqtisadi böhrandan əvvəl mənzillərin bir kvadratmetri 2500 avro idi. Lakin hazırda mənzillərin qiyməti 50 faiz aşağı düşüb. Çünki banklar daha az kredit verir. Buna görə də evlərin qiyməti aşağı düşməkdə davam edir. Həmçinin Vilyanuvda tikinti şirkətləri üçotaqlı evləri 50-60 kvadrat metrə sığışdırmağa çalışırlar. Daha evlər kərpicdən tikilmir. Mənzillərin tikintisində daha çox betondan istifadə olunur ki, bununla da tikinti şirkətləri kərpic istifadəsini minimuma endirməklə qənaət etməyə çalışırlar.
Polşada iqtisadi böhrandan daha çox gənclər əziyyət çəkir. Çünki ölkə iqtisadiyyatının səviyyəsi aşağı olduqda gənclər yeni iş yerləri tapmaqda çətinlik çəkirlər. İş yerləri olmayan insanlara banklar kredit verməkdən imtina edir. Bu da ölkədə alıcılıq qabiliyyətini daha da aşağı salır. Buna görə də insanların mebel almağa belə pulları çatmır. Polşa hazırda mebel ixrac edən ən böyük ölkələrdən birdir. Lakin hazırda belə məhsulların keyfiyyətində də böyük problemlər mövcuddur. Mebellər heç bir ildən artıq istifadə oluna bilmir. Bir müddətdən sonra belə məhsullar 60-cı illərin mebellərini xatırladır.
Hazırda dünyanın ən böyük iqtisadi mərkəzlərindən biri olan Almaniyada belə məhsulların keyfiyyət problemi mövcuddur. Almaniyada çox gözəl avtomobil yolları var. Lakin hər il bu yollar təmirə bağlanır. Bu da hətta Almaniyada belə işin keyfiyyətini sual altında qoyur.
“Spiegel? Bu yazar adıdır? Yaxud hər hansı bir kitabdır?” Bunu mənə Varşavada gördüyüm gənc bir işçi utanmadan deyib. Onun Almaniya və Avropanın ən böyük həftəlik jurnalı haqqında məlumatı yoxdur. Bu hal Polşa üçün adidir. Vilayətlərdən şəhərlərə gələn təhsilsiz gənclərin sayı durmadan artır. Onlar özləri də öyrənməkdə maraqlı deyillər. Bu gün gənclər qəzet, jurnal satırsa, sabah kabab və başqa şeylər satacaqlar.
Avropa Birliyinə daxil olan dövlətlərin təhsil və səhiyyə sistemində də keyfiyyət problemləri artıb. Parisin Faqon küçəsində yerləşən məktəbin müəlliməsi Aleksandrin artıq iki ildir ki, iki sinfə eyni zamanda dərs keçdiyini deyir: “Bir sinif ev tapşırıqlarını edəndə mən o biri sinfə yeni dərsi keçirəm. Lakin bu şəraitdə uşaqlara normal dərs öyrətmək mümkün deyil. Dünyəvi təhsil sistemi Fransada bununla öz rolunu itirir”.
Fransa hazırda çox böyük borcu olan dövlətdir. Ölkə iqtisadiyyatı neçə ildir ki, eyni səviyyədə qalıb. Dövlət sayı beş milyon olan dövlət qulluqçularını saxlamaq imkanına malik deyil.
Böyük Britaniyanın tibbi sığorta sistemi də böhran şəraitindədir. İnsanlar ciddi əməliyyat olmaq üçün aylarla gözləmək məcburiyyətində qalırlar. Həkimlərin sayı getdikcə azalır. Bu vəziyyətdən polyak həkimlər istifadə edərək, şəxsi kabinetlər açmağa başlayıblar. Daha aşağı qiymətə başa gələn müayinələr və əməliyyatlara görə polyak həkimlər Böyük Britaniyada yaxşı gəlir əldə edirlər.
Bütün Avropa ölkələrində sosial sistem çox pis vəziyyətdədir. “Abbe Pierre” Araşdırmalar Mərkəzinin verdiyi məlumata görə, Fransada 140 min evsiz insan var ki, bu da 2011-ci ilin göstəricilərindən 50 faiz çoxdur. Qərbi Avropada başlayan böhran polyakların daha yaxşı yaşamaq ümidlərini puça endirib. Polyaklar əvvəl düşünürdülər ki, onlar bir, maksimum iki nəsildən sonra inkişaf etmiş Avropa ölkələrinin səviyyəsində yaşayacaqlar. Lakin iqtisadi böhran bunun heç vaxt olmayacağını göstərir.
K.Fernandez bütün dəyişikliklərdə müsbət halların da olduğunu deyir: “Artıq insanlar pullarını lazımsız şeylərə xərcləmirlər. Onlar ailəyə yenidən dəyər verməyə başlayıblar. İspanlar daha pulları olmadığına görə idman zallarına getmirlər. Bunun əvəzində onlar velosiped sürməyə başlayıblar”.
Tərcümə etdi Sənan Əhliman
banner

Oxşar Xəbərlər