• çərşənbə axşamı, 16 aprel, 16:47
  • Baku Bakı 19°C

İkinci nəsil peyvəndlər tətbiq ediləndən sonra virusa qalib gəlmək haqqında düşünmək olar

10.04.21 10:15 755
İkinci nəsil peyvəndlər tətbiq ediləndən sonra virusa qalib gəlmək haqqında düşünmək olar
Son günlər yeni növ koronavirusa (COVID-19) yoluxma halları yenidən artıb. Təbii ki, onu müxtəlif səbəblərlə əlaqələndirirlər. İzahlar və yozumlar müxtəlif ola bilər, lakin ən yaxşısı, mütəxəssis fikrini öyrənməkdir.
AZƏRTACxəbər verir ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev mövzuya əvvəlcə çalışdığı ölkədə bu sahədə olan vəziyyətdən başlayıb: "Almaniyada indiyə qədər yayılan dalğalarda məsuliyyətsizlik hissinin əsas rol oynadığını söyləmək olmaz, çünki əhalinin çox böyük hissəsi tələb olunan qaydalara ciddi şəkildə əməl edir. Ölkədə elmi əsaslı strategiyalara üstünlük verilir və indiyə qədərki dalğaların hər biri müxtəlif səbəblər nəticəsində yaranıb. Əvvəlki dalğalarda ölkənin sərhədlərinin bağlanmaması, turistik gediş-gəliş və bunun nəticəsində yoluxmaların artması göstərilirdisə, indiki dalğanın yayılması "Britaniya ştammı” ilə əlaqələndirilir. İndi ölkədə tətbiq edilən karantin rejimi və məhdudiyyətlər aradan qaldırılsa, may ayında bütün reanimasiyaların dolması gözlənilir. Ona görə də elm adamları virusa qarşı maksimum tədbirlər görülməsini irəli sürürlər. Hazırda ölkədə vəziyyət heç də ürəkaçan deyil və kritikdir.
Peyvəndlənmə strategiyasında Almaniya ilə Azərbaycan arasında fərq ondan ibarətdir ki, orada elmi əsaslı maarıfləndirmə təbliğatı daha əvvəlcədən hazırlanıb. Hələ birinci dalğa yayılan zaman ölkədə vaksinlərin əhəmiyyəti və onların təsiri barədə əhali arasında maarifləndirmə işi aparılırdı. Hər kəsin başa düşəcəyi səviyyədə vaksinin əhəmiyyəti izah ediləndən sonra böyük klinikalarda həkimlərlə xəstələrin söhbəti təşkil olunmuşdu. Təbliğatın bu cür təşkili bizim ölkəmizdə də əhalinin indikindən daha çox hissəsini peyvəndlənməyə cəlb edə bilərdi”.
O, xəstəliyi keçirənlərin yalnız bir doza peyvənd alaraq immunitet qazana biləcəyi ilə əlaqədar deyib: "Son bir il ərzində Amerikada aparılan elmi tədqiqata görə, gen texnologiyası ilə hazırlanan peyvəndlərdə, xüsusilə "AstraZeneca” və "BioNTech-Pfizer” vaksinlərində birinci dozanı xəstəliyi keçirənlərə vurduqdan sonra onlarda anticisimlərin miqdarı xəstəliyi keçirməyənlərlə müqayisədə daha çox olub. Onlara ikinci dozanın vurulması əlavə simptomlara səbəb olub. Ola bilər ki, xəstəliyin strategiyasında dəyişiklik edilsin. Sadə dillə desək, ola bilər ki, xəstəliyi keçirənlər yalnız bir peyvənd dozası almaqla kifayətlənsinlər”.
"Uşaqlar arasında "Britaniya ştammı”nın yayılması ilə əlaqədar nüfuzlu elmi jurnallarda dərc olunan tədqiqatların nəticələri var. Böyük Britaniyada olan statistika virusun uşaqlar arasında daha çox yayıldığını və ölüm hallarının çox olduğunu göstərir. Həmin hal dünya mediasında, o cümlədən Almaniyada da ciddi müzakirə edildi. Əslində belə tədqiqatları daha dərindən araşdırmaq lazımdır, çünki təkcə uşaqlarla əlaqədar belə bir ağırlaşmanın olması heç də gözlənilən məsələ deyil. Sonradan araşdırıldı ki, Böyük Britaniyada uşaqlar arasında yoluxmanın çox olması həmin dövrdə məktəblərin açıq olması, digər strukturların isə bağlı olması ilə əlaqədar olub. Bundan sonrakı tətil müddətində bir daha infeksiyanın uşaqlar arasında yayılmasına baxanda yoluxmanın və ağırlaşma hallarının aşağı düşdüyü aşkar edilib”,- deyə yeni ştammın uşaqlar arasında yayılması barədə fikirlərə münasibət bildirib.
O, daha sonra deyib: "Pandemiyaya qalib gəlmək üçün əhalinin orta hesabla 60-70 faizinin immunitet qazanması tələb olunur. Azərbaycanda da əhalinin həmin hissəsi peyvənd edilərsə, pandemiyaya qalib gəlmək olar. Buna daha tez nail olmaq üçün ölkəmizdə fərqli strategiyalar tətbiq etmək barədə düşünmək olar. Məsələn, strategiyada yuxarı yaş qrupundan sonra aşağı yaş qrupunda olanların peyvəndlənməsinə, yaxud peyvəndləmə tədbiri buna icazə verirsə, paralel olaraq 20-30 yaşlıların da həmin tədbirə cəlb olunması prosesin daha da sürətlənməsinə və hədəf kimi müəyyənləşən rəqəmlərə daha tez çatmağa kömək edərdi, çünki gənc nəsil virusun yayılmasında ən önəmli rollardan birini oynayır”.
Alim bəşəri bəladan xilas olmaq barədə proqnozunu da söyləyib: "İstər dünyada, istərsə də Azərbaycanda yalnız peyvənd aparılması yolu ilə pandemiyaya qalib gəlməyi düşünmək elmi cəhətdən doğru deyil. Lakin bununla yanaşı hər kəs bilməlidir ki, peyvəndləmə ilə yanaşı bu günə qədər göstərilən bütün tədbirlərə əməl edilməlidir, çünki burada müəyyən formada təkrar yoluxma, peyvənddən sonra yoluxma və s. hallar da var. Proqnozlara gəldikdə isə deməliyəm ki, hazırda tətbiq olunan peyvəndlər birinci nəslə aid edilir, ikinci nəsil peyvəndlər burun spreyləri formasında ola bilər. "AstraZeneca” şirkəti və Çindən olan şirkətlər ikinci nəsil peyvəndlərin tətbiqinə başlayıblar və icazə verildiyi təqdirdə həmin peyvəndlərin tətbiqi bu ilin axırları üçün nəzərdə tutulur. Həmin peyvəndlər tətbiq ediləndən sonra virusa qalib gəlmək haqqında düşünmək olar, lakin bunun nə qədər çəkəcəyi və ortaya yeni problemlər çıxarsa nə qədər uzanacağı çox böyük sual altındadır. Pandemiyanın bu ilin axırlarında yekunlaşacağını ehtimal etmək düzgün deyil, gələn ildən etibarən yavaş-yavaş normal həyata qayıtmaq barədə düşünmək olar”.
banner

Oxşar Xəbərlər