• cümə axşamı, 18 aprel, 22:18
  • Baku Bakı 21°C

İkili standartların növbəti təzahürü

27.01.15 05:31 1057
İkili standartların növbəti təzahürü
Ötən həftənin siyasi gündəmini Ermənistanla Avropa Birliyi arasında imzalanan saziş tutdu. Dərhal da bu xəbər əksər siyasi dairələrdə müzakirə mövzusuna çevrildi. Son günlərə kimi həm Qərbdə, həm də Ermənistanın siyasi dairələrində müzakirə olunan əsas məsələ Ermənistanın Qərbdən imtina etməsi və üzünü birdəfəlik olaraq Rusiyaya tutması idi. Lakin qəfildən ötən həftə Avropa Birliyi Qərblə əməkdaşlığın üstündən xətt çəkmiş Ermənistana maliyyə yardımının ayrılması barədə qərar qəbul edir. Hətta bununla bağlı Ermənistanda baş nazir Ovik Abramyanın və Avropa Birliyinin Ermənistandakı nümayəndəliyinin rəhbərinin iştirakı ilə tədbir də keçirilir.
Məlumata görə, qurum işğalçı Ermənistana müxtəlif sferaları əhatə edən islahatların davam etdirilməsi üçün 77,5 mln. dollar ayırıb. Özü də əməkdaşlığın gələcəkdə genişləndirilməsi də müqavilədə öz əksini tapıb. Məlumat üçün bildirək ki, Ermənistan ötən il sentyabrın 3-də Gömrük İttifaqına qoşulmaq niyyətini açıqlayıb. Bu il yanvarın 1-dən isə Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulmasına dair müqaviləni ratifikasiya edib.
Beləliklə, Avropa Birliyinə alternativ kimi yaradılan Avrasiya İqtisadi Birliyini prioritet elan edən Ovik Abramyan indi bəyan edib ki, Avropa Birliyi Ermənistanın başlıca tərəfdaşlarından biridir. Şübhəsiz ki, Avropanı ermənilərlə əməkdaşlığa sövq edən bu sazişin qəbul edilməsində Avropanın ermənipərəst qüvvələrinin mövqeyi az rol oynamayıb. Onlar Qərbi inandırmağa çalışırlar ki, Ermənistanın Rusiya ilə əməkdaşlığı müvəqqətidir, sadəcə, hal-hazırda AİB-lə əməkdaşlıq addımını atmaqdan başqa yolu yoxdur. Eləcə də belə bir fikir var ki, zəifləməkdə olan Rusiyanın artıq Avrasiya İqtisadi Birliyi layihəsi əvvəlki kimi cəlbedici deyil və Kremlin başı, necə deyərlər, özünün daxili problemlərinə qarışıb. Qərb həm də ümid edir ki, bu tip dilənçi payları ilə Ermənistanı Rusiyanın himayəsindən uzaqlaşdıra biləcək.
Bütün bunlara baxmayaraq, imzalanan saziş onu göstərir ki, Qərb ikili standartlar siyasətindən, erməni lobbisinin təsirindən heç cürə yaxa qurtara bilmir. Bir məsələni də qeyd edək ki, qurumun özündə də bir ikitirəlik hökm sürür. Belə ki, Avropa Parlamentinin xarici əlaqələr komissiyasının sədri Elmar Brokun bu yaxınlarda söylədiyi fikirlər yada düşür. AB rəsmisi demişdi ki, “Ermənistan eyni anda Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqının üzvü olub, həm də Avropa Birliyi ilə assosiasiya sazişi imzalaya bilməz. Yarımçıq hamiləlik mümkün deyil”. Brok bu qərardan təəssüfləndiyini və məsələni Ermənistan prezidenti ilə daha əvvəl müzakirə etdiyini söyləyib: “Biz Azərbaycan və Dağlıq Qarabağla bağlı situasiya ilə əlaqədar Ermənistana Rusiya tərəfindən çox ciddi təzyiqlər edildiyini bilirik. Bu faktordan kiçik Ermənistan dövlətinə qarşı şantaj kimi istifadə olundu. Mən çox təəssüf edirəm ki, bu və digər səbəblər üzündən həm Gömrük İttifaqında, həm də Avropa Birliyinin azad ticarət zonasında eyni anda tam hüquqlu iştirak mümkün olmayacaq”.
E.Brok bəyan edib ki, AB-Ermənistan münasibətləri bundan sonra Avropaya inteqrasiya perspektivindən məhrum olacaq. O, Avropanın lazımi məqamda Ermənistana dəstək verməməsi səbəbiylə bu ölkənin belə bir addımı atmaq məcburiyyətində qalması haqda fikirlərlə razılaşmayıb: “Hesab edirəm ki, belə fikirlər daxili auditoriyaya hesablanmış “piar”dır. Biz assosiasiya sazişi barədə danışıqlara və Vilnüsdə bu istiqamətdə irəliləyişi qeydə almağa hazır idik. Ermənistanın bu addımının səbəbi Rusiyanın təzyiqidir”. Göründüyü kimi, AB rəsmisinin bu sözləri hara, qəbul edilən qərar hara?
Yeri gəlmişkən, AB-nin qanunverici qurumu hesab edilən Avropa Parlamenti bu günədək qəbul etdiyi çoxsaylı qətnamələrdə (misal üçün, 2010-cu ildə Cənubi Qafqaz bölgəsi ilə bağlı, 2012-ci ildə Azərbaycan və Ermənistanla aparılan assosiasiya sazişi üzrə danışıqlarla bağlı) Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bəyan edərək işğalçı qüvvələrin Dağlıq Qarabağ bölgəsi daxil olmaqla bütün işğal olunmuş ərazilərdən dərhal çıxmasını tələb edib. Bəs necə olur ki, belə qərarlar ola-ola işğalçı dövlətə milyonlar bağışlanır? Ermənistan 20 ildən artıqdır ki, işğalçılıq siyasətindən əl çəkmir və bir milyondan artıq soydaşımızı öz doğma ocaqlarından didərgin salıb. Eləcə də, hər gün atəşkəs rejimini pozması, hərbçiləri, günahsız insanları və uşaqları qətlə yetirməsi dünya ictimaiyyətinin gözləri qarşısında baş verir. Çox təəssüf ki, beynəlxalq birlik Ermənistanın təcavüzkar siyasətinə hələ də göz yumur, işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqda davam edir.
Bir faktı da qeyd edək ki, Ermənistanın Qərbdən imtina edərək Rusiyaya üz tutması tək AB-nin deyil, Birləşmiş Ştatların da bu ölkə ilə bağlı siyasətinə təsirsiz ötüşməyib. Belə ki, ABŞ-ın maliyyələşdirdiyi Milli Demokratiya İnstitutunun nümayəndəliyi (National Democratic Institute - NDI) öz fəaliyyətini dondurub. Bu barədə xəbəri təşkilatın başçısı Qeqam Sarkisyan verib. Q.Sarkisyan maliyyənin dayandırılmasının Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması ilə əlaqəli olmadığına əminliyini bildirsə də, bu barədə tam şərh verməkdən boyun qaçırıb. “Siz bu barədə sualı yaxşı olar ki, ABŞ səfirliyinə yönəldəsiz”- deyə Sarkisyan sualdan yayınıb. Lakin buna baxmayaraq, o, Qərbin Ermənistandan ümidini üzdüyünü və Gürcüstan, Ukrayna və Moldovaya nisbətən ölkəsinə demokratikləşmə yönündə daha az maliyyə ayrıldığını etiraf edib. Qeyd edək ki, NDI ofisi ölkədə 20 ildir fəaliyyət göstərirdi və maliyyənin dayandırılması birinci dəfədir ki, baş verir.
Kamran
banner

Oxşar Xəbərlər