• çərşənbə axşamı, 23 aprel, 16:35
  • Baku Bakı 24°C

İkili standartlar Avropa İttifaqını dağıdacaqmı?

25.10.19 19:43 4718
İkili standartlar Avropa İttifaqını dağıdacaqmı?
Avropa İttifaqı bir sıra məsələlərdə ayrı-ayrı ölkələrə qarşı ikili standartlardan çıxış edir. Azərbaycan bununla istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də insan haqları və digər məsələlərdə dəfələrlə qarşı-qarşıya gəlib. Onu da nəzərə alaq ki, Azərbaycan Avropa İttifaqının ikili standartları ilə qarşılaşan ilk ölkə deyil.
Son olaraq, Türkiyənin Suriyanın şimalında terror təşkilatına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar da Avropa İttifaqına üzv olan ölkələr tərəfindən birmənalı qarşılanmadı. Bu məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münasibət bildirərək deyib ki, Avropa İttifaqının sonu yaxındır və bunun səbəbi bəzi ölkələrə münasibətdə tətbiq olunan ikili standartlardır: "Avropa İttifaqı ölkələri həqiqətlərin əksinə olaraq "Barış pınarı” əməliyyatını terrorçuluğa və terrorçulara qarşı deyil, etnik kürdlərə qarşı əməliyyat kimi qələmə verir. Türkiyə birinci dəfə deyil ki, Avropa İttifaqının ikili standartları ilə üzləşir. Suriyanın şimalındakı əməliyyat hər hansı xalqa qarşı yönəlməyib”.
Onu da qeyd edək ki, Avropa İttifaqının ikili standartlara yönəlik addımları qurumun imicinin zədələnməsinə gətirib. Bəs görəsən indiki vəziyyət həqiqətən Avropa İttifaqının parçalanmasına gətirib çıxaracaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Türkiyə prezidentinin Avropa İttifaqı ilə bağlı dediklərində həqiqət var: "Bu həqiqət təkcə Avropa İttifaqı ilə bağlı məsələ deyil. Söhbət ondan gedir ki, Avropa İttifaqının ən böyük problemi əslində əxlaq problemidir. Bu gün həqiqətən də tək Avropa İttifaqında deyil, bütövlükdə dünya güclərində əxlaq problemi var. Türkiyə Suriyanın şimalına yönəlik növbəti hərbi əməliyyatını keçirdi. Əməliyyatlar zamanı bir nəfər belə olsun, məsum mülki şəxsin burnu qanamadı. Bu, əslində o anlama gəlir ki, İslamda hər şeyin bir əxlaqı olduğu kimi, gücün də əxlaqı vardır. Məhz gücün əxlaqına yönəlik Türkiyə davranış ortaya qoydu. Yəni terrorçuların yerinə məsum insanlar ölmədi. Lakin bunun qarşılığında Qərbin, NATO-nun, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın ağına-bozuna baxmadan bombardman etdiyi ərazilərdə daha çox qadınlar, qocalar və uşaqlar tələf oldular. Bu onun göstəricisidir ki, həqiqətən də Qərb dünyasında, eyni zamanda Avropa İttifaqında əxlaq məsələsində deqradasiya var”.
N.Miri qeyd etdi ki, Avropa İttifaqının parçalanması ilə bağlı bəzi avropalı siyasətçilər danışmağa başlayıb: "Son günlərdə Fransa diplomatı Türkiyənin Avropa İttifaqı üçün nə qədər vacib və bu yöndə siyasətini dəyişdirməli olduğunu xatırladıb. Əslində bu, böyük xəbərdarlıqdır. Ancaq təəssüflər olsun ki, Avropa İttifaqı öz cılız və korporativ maraqlarını təmin etmək üçün həqiqətləri gizlədir və yalanı institutlaşdıraraq bütün dünyaya yayır. Buna baxmayaraq, özünü demokratiya və insan haqları müdafiəçisi kimi dünyanın gözünə soxur. Ona görə də Ərdoğanın dediyi, əslində məntiqi bir nəticə olaraq Avropa İttifaqının özünə qayıdacaq. Biz bunu artıq "Brexit” hadisələrində müşahidə edirik. Böyük Britaniya kimi Avropanın ən güclü ölkəsi artıq Avropa İttifaqından çıxmaq yönündə proses başladıb. Doğrudur, bu çətin bir prosesdir, amma bu, yeganə və sonuncu bir hadisə deyil. Artıq Avropa İttifaqının yürütdüyü siyasətlə razılaşmayan ölkələrin sayı getdikcə artmaqdadır. Biz bunu Şərqi Avropa ölkələrinin rəhbərlərinin açıqlamalarında da müşahidə edirik. Bu baxımdan, Ərdoğanın dediklərini Avropa İttifaqı özü üçün "sillə” və xəbərdarlıq kimi anlamalı və dərs çıxarmalıdır. Lakin indi gördüyümüz siyasət onu deməyə əsas verir ki, Avropa İttifaqının bu cür məsələlərdən dərs alması çox uzaqdır. Təbii ki, bütün birliklər kimi, Avropa İttifaqının da dağılması çox uzaqda deyil”.
Politoloq Əhməd Əlili Türkiyə prezidentinin Avropa İttifaqı ilə bağlı son bəyanatlarını emosional qəbul etdiyini deyib: "Çünki Suriya məsələsində Avropa İttifaqı ölkələrinin Türkiyəyə qarşı bir qədər tarixi ədalətsizlik qərarı mövcud idi. NATO-ya üzv olan ölkələr bu məsələdə Türkiyəyə lazımi dəstək vermədilər. Ərdoğanın bu istiqamətdə verdiyi bəyanatı belə şərh edərdim. Buna baxmayaraq, düşünürəm ki, Türkiyə və Avropa İttifaqı kifayət qədər inkişaf etmiş və müasir iqtisadiyyata malikdirlər və onların daim bir-biri ilə əlaqədə olması məcburidir. Ona görə də siyasi sistemlərində öz mənfəətlərini bu məsələyə uyğun quracaqlar. İndiki halda Avropa İttifaqına daxil olan ölkələrin Türkiyəyə, o cümlədən Ərdoğanın hansısa sərt formada bu quruma mesajlarının ünvanlanmasından asılı olmayaraq, müəyyən dövrdən sonra iki tərəf arasında əvvəlki duruma qayıtmanı müşahidə edəcəyik. Bu daha çox iqtisadi sahədə öz sözünü deyəcək. Əlbəttə, düşünürəm ki, son 20-25 ildə NATO üzvü olan ölkələrin Türkiyənin terrorçu hesab etdiyi təşkilatlara neytral münasibət göstərməsi rəsmi Ankaranın haqlı narazılığına səbəb olan məsələlərdən biridir. Ona görə də Türkiyə buna haqlı etirazını bildirməlidir. Amma nəzərə almaq lazımdır ki, bəzən partnyorlar arasında da belə məsələlər meydana çıxır və bir müddət sonra beyinlərə aydınlıq gəldiyi təqdirdə, tamamilə fərqli ifadələrdən istifadə olunur”.
Ə.Əlili vurğuladı ki, Avropa İttifaqı-Azərbaycan münasibətlərinə gəldikdə isə, biz bir məsələni diqqətdə saxlamalıyıq ki, 2017-ci ilin sonlarından etibarən Aİ-nin bütün sənədlərində Dağlıq Qarabağ münaqişəsi Şərq Tərəfdaşlığı ölkələri ərazisindəki digər münaqişələrlə bərabər tutulur: "Münaqişələrin yalnız ərazi bütövlüyü çərçivəsində həlli tələb olunur. Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan son danışıqlar öz bəhrəsini verib və bu qurumla ölkəmiz arasında bu istiqamətdə dəyişikliyi müşahidə edirik. Düşünürəm ki, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında uzun müddətli danışıqlardan sonra ölkəmiz özünə sərf edən mövqe tuta bildi. Bu da onu göstərir ki, Türkiyə ilə bağlı olan məsələlər də Avropa İttifaqı ilə danışıqlardan sonra öz həllini tapmış olacaq. Avropa İttifaq həm iqtisadi bazar, həm də siyasi oyunçu kimi indiki halda Türkiyə və Azərbaycan üçün çox vacibdir. Əlbəttə ki, burada heç bir halda Azərbaycan və Türkiyənin əhəmiyyətini kiçiltmək lazım deyil. İndiki halda Avropa İttifaqı region üzrə hansı tərəfə inkişaf etmək istəyirsə, qarşısına ya Azərbaycan, ya da Türkiyə çıxır. Bu mənada, Avropa İttifaqı məcburdur ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini çox isti formada saxlasın. Keçmişdə Türkiyə və Azərbaycanın arzulamadığı bir məqamlar olubsa da, düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə Avropa İttifaqının fəaliyyəti nəticəsində yaxınlaşmanın şahidi olacağıq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər