İkili standartın yeni forması
Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan
Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal
olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə
girib, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, "Pasportlar
haqqında” Azərbaycan qanunlarının tələblərini kobud surətdə pozub. O, 2011-ci
ilin aprel və 2012-ci ilin oktyabr aylarında ölkəmizin mühafizə olunan dövlət sərhədini
müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda
keçərək, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisinə
daxil olub. Bununla yanaşı, A.Lapşin, qanunsuz rejimi beynəlxalq səviyyədə təbliğ
etmək məqsədilə sosial mediada "http//puerrtto.livejournal.com" səhifəsi
yaradıb və burada səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla
bərabər, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Eyni zamanda, o, 6
aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə
qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq
çağırışlar edib.
Bu kimi əməllərində görə Azərbaycan Xarici İşlər
Nazirliyi A.Lapşinin adını "arzuolunmaz şəxslər” siyahısına daxil edib. Paralel
olaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində
A.Lapşin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn
açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini
qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb, onun haqqında dövlətlərarası
axtarış elan edilib. Sonradan Belarusda həbs edilən A.Lapşinin Azərbaycana
ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus
hüquq-mühafizə orqanlarına təqdim olunub. Belarus Baş Prokurorluğu isə yanvarın
17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib. A.Lapşin
Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti versə də, məhkəmə əvvəlki
qərarı qüvvədə saxlayıb. Belarus Ali Məhkəməsi A.Lapşinin Azərbaycana
ekstradisiyası barədə qərardan şikayətini rədd edib. Bütün bu kimi hüquqi
proseslər başa çatdıqdan sonra Aleksandr Lapşin fevralın 7-də Bakıya gətirilib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey
Lavrov hələ A.Lapşinin ekstradisiyadan əvvəl, yanvarın 17-də Moskvada keçirdiyi
mətbuat konfransında bu məsələyə də toxunub. O bildirib ki, istənilən jurnalist
və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini
kriminallaşdırmağın və onun cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinədir.
Rusiyalı diplomat o zaman A.Lapşinin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə
olduğunu da diqqətə çatdırıb. Bloqerin eyni zamanda İsrail vətəndaşı olduğunu
xatırladan S.Lavrov israillilərlə sıx əlaqədə olduqlarını, bu hadisə ilə əlaqədar
diplomatik fəaliyyət aparıldığını söyləyib. S.Lavrov xüsusi olaraq vurğulayıb
ki, Rusiya vətəndaşının hüquqlarının qorunması şərti ilə bu məsələnin həlli
üçün bütün lazımi tədbirlər görüləcək. 2017-ci il fevralın 7-də A.Lapşin Azərbaycana
ekstradisiya olunandan cəmi iki gün sonra isə Rusiyanın Bakıdakı səfirliyinin
konsulluq şöbəsinin əməkdaşları A.Lapşinlə görüşüblər. Bununla bağlı səfirliyin
yaydığı məlumatda qeyd olunub ki, Lapşin saxlanma şəraitindən şikayətlənmir və
o, vəkillə təmin olunub, telefondan istifadə etmək imkanı var, özünü normal
hiss edir.
Həm Rusiya xarici işlər nazirinin açıqlamasından, həm
də Rusiyanın Azərbaycandakı səfirlik əməkdaşlarının davranışlarından, mətbuata
açıqladıqları məlumatlardan da göründüyü kimi, rəsmi Moskva üç ölkə vətəndaşlığı
olmasına rəğmən, A.Lapşini öz vətəndaşı sayır və onun ailə üzvlərinin hər hansı
müraciətini gözləmədən dərhal bloqerin hüquqlarının ən yüksək səviyyədə müdafiəsi
üçün bütün zəruri tədbirlərə əl atır, hətta İsrail dövləti ilə birlikdə
sistemli iş aparır. Ancaq təəssüflər olsun ki, Rusiya belə "isti” münasibəti
heç də bütün vətəndaşlarına şamil etmir. Misal üçün, 2014-cü ilin iyul ayında
Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Ermənistan
silahlı birləşmələri tərəfindən işğal olunan Kəlbəcər rayonunda öz ata-baba
yurdlarını ziyarət etmək istəyərkən qondarma rejimin hərbçiləri tərəfindən
girov götürülüb, fiziki, mənəvi-psixoloji təzyiqlərə məruz qoyulublar. Bununla
yanaşı, Dağlıq Qarabağdakı qondarma rejim tərəfindən Rusiya vətəndaşı D.Əsgərov
və Azərbaycan vətəndaşı Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. Həmin "məhkəmə”nin
qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum
edilib. İndiyə qədər də hər iki şəxs girovluqda saxlanılır.
Girovluqda
saxlanılan D.Əsgərovun qardaşı Sahib Musayevin "Kaspi”yə verdiyi məlumata görə, 2014-cü ildən bu
vaxta qədər ötən müddət ərzində hadisə ilə əlaqədar Rusiyanın rəsmi dairələrinə
çoxsaylı müraciətlər olunsa da, heç bir müsbət cavab ala bilməyiblər. Onun sözlərinə
görə, Rusiya vətəndaşı A.Lapşinə görə narahatlıq yaşayan, onun hüquqlarını ən
yüksək səviyyədə qorumağa çalışan rəsmi Moskva digər Rusiya vətəndaşı D.Əsgərovun
həyatını taleyin ümidinə buraxıb: "Qardaşım girov götürüləndən dərhal sonra ailə
üzvləri Rusiyanın Azərbaycandakı səfirliyinə məktubla müraciət edib. Onlar səfirlə
görüşmək, öz nigarançılıqlarını bilavasitə diplomatın özünə çatdırmaq istəsələr
də, buna nail ola bilməyiblər. Rusiyalı diplomat onları qəbul etməyib. Dilqəmin
ailə üzvləri müraciət məktubunu səfirə yalnız mühafizəçilər vasitəsilə çatdıra
biliblər. Bundan başqa, ilk vaxtlar səfirlik hər hansı araşdırma aparmadan Dilqəmin
Rusiya vətəndaşı olduğunu ümumiyyətlə təkzib edirdi. Ancaq Dilqəmin pasportunu
səfirliyə təqdim etdikdən sonra onlar fakt qarşısında qaldılar. Bundan sonra səfirə
ünvanlanan məktuba qısaca cavab verildi ki, vəziyyət nəzarətimizdədir, lazımi tədbirlər
görüləcək. Ancaq indiyə qədər Rusiyanın Azərbaycandakı səfirliyi, eləcə də bu
dövlətin digər rəsmiləri öz vətəndaşı Dilqəmin girovluqdan azad edilməsi, onun
hüquqlarının müdafiə edilməsi üçün ciddi addım atmayıb, hər hansı səy göstərməyiblər”.
Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də mövzu ilə bağlı qəzetimizə açıqlamasında
bildirib ki, D.Əsgərov və Ş.Quliyevin Ermənistan silahlı qüvvələri tərəfindən
girov götürülməsi faktı ilk gündən həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri,
həm də beynəlxalq təşkilatlar qarşısında qaldırılıb. Onun sözlərinə görə, D.Əsgərovun
Rusiya vətəndaşı olması faktı da nəzərə alınaraq, bu məsələ xüsusilə Rusiyanın
Xarici İşlər Nazirliyi qarşısında müvafiq səviyyələrdə dəfələrlə qaldırılıb:
"Azərbaycan tərəfi Rusiya vətəndaşı D.Əsgərovun Ermənistan silahlı qüvvələrinin
girovluğundan azad edilməsi üçün səylərin artırılması barədə Rusiyaya müvafiq
qaydada dəfələrlə müraciət edib. Rusiya tərəfindən bu müraciətlərə konkret
cavab verilməyib. Amma müzakirələr zamanı bildirilib ki, Rusiya tərəfi girov
götürülmüş Dilqəm Əsgərovun məsələsini Ermənistan qarşısında qaldırıb, Rusiya və
Ermənistan arasında bu barədə müzakirələr aparılıb. Ancaq tam təfərrüatlar barədə
bizdə yekdil məlumat yoxdur”.
Milli Məclisin
İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil
Mustafa hesab
edir ki, Rusiya öz vətəndaşlarına belə ikili yanaşması ilə beynəlxalq hüquqlara
hörmət etmədiyini ortaya qoyur. Deputat bildirib ki, Rusiyanın Lapşinlə Dilqəmə
eyni münasibət bəsləməməsi bu ölkənin sivil dövlət kimi davranmamağının bir
göstəricisidir. Onun sözlərinə görə, bu faktın özü sübut edir ki, Rusiya üçün vətəndaşın
sortu, keyfiyyəti, növü var. Millət vəkili F.Mustafa deyib ki, öz vətəndaşına
sahib çıxmayan bir ölkənin siyasi məqsədlərlə, hətta tam olaraq özünə aid olmayan
digər vətəndaşı barədə canfəşanlıq etməsi başadüşülən deyil: "Bu məsələdə
Rusiyanın mövqeyi ciddi müzakirəyə çıxarılmalıdır. Çünki rəsmi Moskva Rusiya vətəndaşı
olan Dilqəmlə bağlı eyni addımı atmır. Ancaq başqa ölkələrin vətəndaşı olan
biri ilə bağlı ən sərt formada addım atır. Bu səbəbdən də Azərbaycan da
hardasa, az da olsa, qınayıcı mövqe tutur. Bunun aydınlaşdırılmasına ehtiyac
var. Əgər doğrudan da narahatçılıq vardısa, Rusiya niyə öz vətəndaşı haqqında
Ermənistana nəsə demədi? Niyə gedib onunla görüşməyiblər? Onlar üçün vətəndaşın
fərqi var? Dilqəm tək Rusiya vətəndaşıdır. Lapşin isə həm İsrail, həm Ukrayna,
həm də Rusiya vətəndaşıdır. Necə ola bilir ki, üç ölkə vətəndaşlığı olan birini
əlahiddə bir dəyər kimi götürürsünüz, amma öz vətəndaşınıza qarşı bu qədər hörmətsiz
yanaşırsınız? Bunun cavabı nədir?”.
Hüquqşünas
Sahib Məmmədovda bizimlə söhbətində bildirib ki, Rusiya qanunlarına görə, bu dövlət ikili vətəndaşlığı
qəbul etmir. Onun sözlərinə görə, əgər Aleksandr Lapşin kimi 2 və ya 3 vətəndaşlığı
olan şəxslər olarsa, Rusiya onu öz vətəndaşı hesab edir, digər vətəndaşlıqlarını
qəbul etmir. Hüquqşünas deyib ki, məsələyə bu kontekstdən yanaşılarsa, Rusiya
A.Lapşin kimi D.Əsgərovu da öz vətəndaşı hesab edə, onun hüquqlarını ən yüksək
səviyyədə müdafiə edə, girovluqdan azad olmasına çalışa bilər: "Lakin Dilqəm
Əsgərov Rusiya vətəndaşı olduğu halda rəsmi Moskva onun hüquqlarını müdafiə
etmir. Burada söhbət yalnız öz vətəndaşını müdafiə etməkdən getmir. Rəsmi
Moskva Azərbaycana qanunsuz səfərlər edən, cinayət əməli törədən,
separatçıların maraqlarından çıxış edən, bir neçə ölkə vətəndaşlığı olan
Lapşini müdafiə edir, ancaq öz vətəndaşı olan, ermənilərə işləməyən, atdığı
addımla yalnız öz anasının məzarını ziyarət etmək məqsədi daşıyan Dilqəm Əsgərovu
müdafiə etmək istəmir. Rusiyanın bu yanaşması heç də vətəndaşına canı
yanmaqdan, yaxud dövlətin vətəndaş qarşısında öz öhdəliklərini yerinə yetirməkdən
irəli gəlmir. Əgər Rusiya öz vətəndaşı Dilqəmi vaxtilə müdafiə etsəydi və indi
də Lapşinlə bağlı eyni mövqe nümayiş etdirsəydi, bu zaman rəsmi Moskvanın hərəkəti
başa düşülərdi. Hər kəs anlayardı ki, Rusiya heç bir ayrı-seçkiliyə yol vermədən,
hüquq çərçivəsində öz vətəndaşlarını müdafiə edir, onların hüquqlarını qoruyur.
Dəfələrlə olub ki, Rusiya vətəndaşları başqa ölkələrdə saxlanılıb, ancaq rəsmi
Moskva israrla onların geri alınmasına nail olub. Lakin Dilqəm Əsgərov məsələsinə
münasibətdə biz bu israrı müşahidə etmirik. Belə görünür ki, Rusiya tərəfindən
Dilqəmin hüquqlarının müdafiə olunması forpost Ermənistanın xoşuna gəlmir, bu səbəbdən
də onun taleyinə biganə yanaşılır. Ancaq Lapşinin müdafiəsi Ermənistanın xoşuna
gəlir deyə, Rusiya bloqerin hüquqlarının müdafiə olunması üçün ciddi səylər
göstərir”.
Son olaraq qeyd edək ki, özünə hörmətlə yanaşan,
demokratik prinsipləri, beynəlxalq hüququ əsas götürən ölkələr öz vətəndaşlarının
hüquqlarını müdafiə edərkən, onlar arasında fərq qoymurlar. Rusiyanın vətəndaşlarına
münasibətdə fərqli münasibət sərgiləməsi ilk növbədə bir dövlət kimi onun beynəlxalq
imicinə ziyandır. Digər tərəfdən, rəsmi Moskva tərəfindən A.Lapşinin
hüquqlarını ən yüksək səviyyədə müdafiə edilməsi, D.Əsgərovun taleyinə laqeyd
yanaşılması, ikinciyə qarşı kobud hüquq pozuntusu olmaqla bərabər, Minsk
qrupunun həmsədr dövləti Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə real baxışını
ortaya qoyur. Bu isə təəssüf doğurur.
Rufik
İSMAYILOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz
Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim
edilir